Kontentə keç

19 AVQUST 2021
MEKSİKA

İncilin «Yeni Dünya Tərcüməsi» indi miştek (Gerrero) dilində

İncilin «Yeni Dünya Tərcüməsi» indi miştek (Gerrero) dilində

8 avqust 2021-ci il tarixində Mərkəzi Amerika filialının komitə üzvü Xose Nieto İncilin «Yeni Dünya Tərcüməsi»nin miştek (Gerrero) dilində buraxılışını elan etdi. Elektron formatda olan bu tərcümənin buraxılışına həsr olunmuş proqram qabaqcadan yazıya alınmışdı və ona 785 nəfər adam baxdı. 2021-ci ilin noyabr ayında filial bu İncili çap edəcək, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında isə İncil yığıncaqlara göndəriləcək.

Xose qardaş nitqində 1 Korinflilərə 14:9 ayəsini oxuduqdan sonra dedi: «İnsanlar Allahın Kəlamının gücünü duysunlar deyə gərək o onların başa düşdükləri… gündəlik həyatda danışdıqları dildə olsun».

Miştek (Gerrero) tonal dildir və sözlərdə tonun dəyişməsi mənaya təsir edir. Bu dildə Meksikanın Gerrero ştatında yaşayan təxminən 150 000 insan danışır. ABŞ-da və Meksikanın digər bölgələrində bu dildə danışan insanların sayı isə məlum deyil.

Mərkəzi Amerika filialının komitə üzvü Lazaro Qonsales deyib: «Miştek (Gerrero) dilində danışanlar yoxsulluğun və zorakılığın hökm sürdüyü ərazilərdə yaşayırlar. COVID-19 pandemiyası onların həyatını daha da ağırlaşdırıb. Ona görə çoxları bu nəticəyə gəlib ki, Allah onları atıb. Amma indi doğma dillərində Müqəddəs Kitabın bir hissəsinin olması onlar üçün aydın sübut olacaq ki, Yehova onların qeydinə qalır».

Miştek (Gerrero) dilində İncilin başqa iki tərcüməsi də var. Amma onları başa düşmək çətindir, çünki tərcümələr iki fərqli icmanın nümayəndələri tərəfindən edilib. Onların hər biri yalnız öz bölgələrində başa düşülən söz və ifadələrdən istifadə edib.

Yeni tərcümənin aydın olduğunu göstərmək üçün «sülhpərvərlər xoşbəxtdir» deyildiyi Mətta 5:9 ayəsini nümunə gətirmək olar. Miştek (Gerrero) dilində «sülh» sözünün qarşılığı yoxdur. Mənanı düzgün vermək üçün ayə belə tərcümə olunub: «Problemlərin/münaqişələrin qarşısını almağa çalışanlar xoşbəxtdir». Bu, sülh sözünün mənasına uyğundur.

Bir tərcüməçi deyib: «Ən sevimli ayələrimdən biri 1 Butrus 1:25 ayəsidir. Orada deyilir ki, “Yehovanın sözü… əbədi qalar”. Həyatımı Müqəddəs Kitabsız təsəvvür edə bilmirəm. Yehovaya minnətdaram ki, indiyə qədər Kəlamını qoruyub saxlayıb. Onun Kəlamı indi hətta bizim doğma miştek (Gerrero) dilimizdə var».

Başqa tərcüməçi isə deyib: «Yehovanın Öz ruhu ilə bizə dəstək olduğuna şübhə etmirəm. Yehova üçün dil problem deyil; buna indi həmişəkindən daha çox əminəm. O, bir daha göstərdi ki, Onun “sözünü heç kim qandallaya bilməz”» (2 Timutiyə 2:9).