1 NOYABR 2019
MEKSİKA
Mayya dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü görüb
25 oktyabr 2019-cu il tarixində mayya dilində danışan 6500 bacı-qardaşımız üçün tarixi bir gün olub. Həmin gün mayya dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» işıq üzü görüb. Elanı Merida şəhərində (Meksika, Yukatan ştatı) baş tutmuş regional toplantıda Mərkəzi Amerika filialının komitə üzvü Esteban Ban səsləndirib. Proqram Merida Toplantı zalından həmin şəhərdə yerləşən «Poliforum Samna» arenasına yayımlanıb. Meksika və ABŞ-da mayya dilində təxminən 762000 adam danışır, buna görə də yeni Müqəddəs Kitabın xidmətdə faydası danılmazdır.
İndiyədək mayya dilində ancaq 14 dekabr 2012-ci il tarixində buraxılmış İncilin «Yeni Dünya Tərcüməsi» var idi. O vaxtdan etibarən bu kitabın təxminən 29000 nüsxəsi çap olunmuşdu.
Bir tərcüməçi deyib: «Ümumilikdə, mayya dilində danışanlar Müqəddəs Kitabı çox sevir və onu etibarlı mənbə sayır, hörmət edirlər. Lakin çoxlarının savadı azdır. Buna görə insanların gündəlik həyatda istifadə etdikləri sadə və aydın sözlərə üstünlük verməyə çalışdıq».
Mayya dilinin ərazidən-əraziyə fərqlənən çoxlu dialektləri var, o sarıdan bu dilə tərcümə etmək asan iş deyildi. Buna görə də yeni tərcümə sadəcə «Biblia ich maya» adlanır. Bu, «Mayya dilində Müqəddəs Kitab» deməkdir. Kitabda 6000-dən çox haşiyə, o cümlədən mətnin bir neçə tərcümə variantının verildiyi haşiyələr yer alıb. Bunun sayəsində bütün mayya oxucuları müəyyən parçaların mənasını dəqiq başa düşəcəklər.
Şübhə yoxdur ki, mayya dilində dərc edilmiş «Yeni Dünya Tərcüməsi» «vaxtlı-vaxtında» verilən ruhani qidadır. Bacı-qardaşlar xidmətdə və şəxsi mütaliədə ondan sevə-sevə istifadə edəcəklər (Mətta 24:45).