Kontentə keç

23 İYUL 2021
MEKSİKA

Toxolabal dilində İncilin «Yeni Dünya Tərcüməsi»

Toxolabal dilində İncilin «Yeni Dünya Tərcüməsi»

18 iyul 2021-ci il tarixində Mərkəzi Amerika filialının komitə üzvü Arturo Manzanares toxolabal dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan etdi.

Bu dildə əsasən Meksikanın cənub-şərqində, Qvatemala ilə həmsərhəd olan Çyapas ştatında yaşayan 66 000-dən çox insan danışır. İncilin elektron formatda buraxılışı haqda proqram qabaqcadan yazıya alınmış və ona 2800 nəfər baxmışdı.

«Nəyə görə toxolabal dilində Müqəddəs Kitaba ehtiyac var idi? — deyə natiq soruşdu. — Çünki çox vacibdir ki, Müqəddəs Kitabda onun Müəllifi Yehova Allaha layiq olduğu şərəf göstərilsin».

Tərcümə işində kömək edən bir bacı deyir: «Yəhya 5:28, 29 ayələrini oxuyanda kövrəldim. Çünki anamın diriləcəyini aydın təsəvvür edə bildim. Bu ayələri ispan dilində dəfələrlə oxumuşam, ancaq indi onları ana dilimdə oxuyuram. İndi bu sözlər mənim üçün daha dərin məna kəsb edir. Sizə ürəkdən minnətdaram!»

Las-Marqaritasda (Çyapas ştatı) yerləşən yeni toxolabal tərcümə ofisi

Tərcümə üzərində iş getdiyi zaman qrup Mərkəzi Amerika filialından (Mexikonun yanı) 900 kilometr uzaqlıqda yerləşən yeni tərcümə ofisinə köçmüşdü. Yeni ofis Las-Marqaritasda (Çyapas ştatı) yerləşir. Buranın sakinləri qrupun tərcümə etdiyi toxolabal dilində danışır. Hal-hazırda ofisdə doqquz tamvaxtlı tərcüməçi və yardımçı şöbələrdə çalışan beş qardaş xidmət edir. Müxtəlif icmalarda yaşayan toxolabaldilli insanlar bir-birilərini başa düşsə də, işlətdikləri sözlər arasında cüzi fərq var. Tərcüməçilər çalışıblar ki, İncili əksər insanların dəqiq və asan başa düşəcəkləri şəkildə tərcümə etsinlər.

Məsələn, bu dildə olan Müqəddəs Kitab tərcümələrində «Allahın Padşahlığı» ifadəsi «Allahın idarə etdiyi yer» və ya «Allahın şəhəri» kimi verilib. Ancaq oxucular bunların heç birini başa düşmür, çünki gündəlik danışıqda onlar istifadə olunmur. Toxolabal dilində olan «Yeni Dünya Tərcüməsi»ndə bu ifadə «Allahın hökuməti» kimi verilib və indi oxucular onu aydın başa düşür.

Proqrama qulaq asmış bir bacı deyib: «Şübhə yoxdur ki, tərcüməçilər məhz Yehovanın sayəsində aydın, dəqiq və asan başa düşülən tərcümə ərsəyə gətiriblər. Əminəm ki, bu dəyərli hədiyyənin köməyilə hələ ki Allahla tanış olmayan bir çox insanların ürəyinə yol tapılacaq» (Həvarilərin işləri 17:27).