17 YANVAR 2023
MEKSİKA
«Yeni Dünya Tərcüməsi» bütöv şəkildə Meksika jest dilində işıq üzü gördü
1 yanvar 2023-cü il tarixində Mərkəzi Amerika filialının komitə üzvü Armando Oçoa Müqəddəs Kitabın Meksika jest dilində «Yeni Dünya Tərcüməsi»nin bütöv şəkildə həm jw.org saytında, həm də «JW Library Sign Language» tətbiqində işıq üzü gördüyünü elan etdi. Armando qardaş bu elanı El-Texokote toplantı zalında keçirilən xüsusi görüş zamanı səsləndirdi.
Bu, COVID-19 pandemiyası başlanandan bəri Yehovanın Şahidlərinin Mərkəzi Amerika filialının ərazisində keçirdiyi ilk canlı görüş idi. Bu böyük görüşə qatılan bacı-qardaşların sayı 2317 nəfər idi. Minlərlə insan isə proqramı Meksika ərazisindəki toplantı zalları və ibadət evlərindən canlı yayım vasitəsilə izlədi.
Tədbirdə həmçinin Amerika jest dili üzrə mütəxəssis cənab Serxiyo Penye və Yukatan Ştatının «Əlillərin Cəmiyyətə İnteqrasiyası İnstitutu»nun baş direktoru Tereza Vazkez də iştirak etmişdi.
Serxiyo Penye demişdi: «Meksikadakı Yehovanın Şahidlərinə ürəkdən minnətdarıq. Artıq 1 yanvar 2023-cü il tarixindən eşitmə məhdudiyyətli insanların... jest dilində bütöv Müqəddəs Kitabı var. Mən heyranlıqla bu kitabı möhtəşəm bir incəsənət əsəri, şah əsər adlandırıram».
«Yeni Dünya Tərcüməsi»nin jest dilinə tərcüməsinə 2008-ci ilin avqust ayında «Yunanca Müqəddəs Yazılar»ın tərcüməsi ilə başlanıb. Müqəddəs Kitabın bölmələri 14 il ərzində hissə-hissə işıq üzü görüb. Bu, jest dilində ilk tamamlanmış Müqəddəs Kitab kitabdır.
Hətta COVID-19 pandemiyası ərazində belə Müqəddəs Kitabın ayrı-ayrı bölmələrinin işıq üzü görməsi eşitmə məhdudiyyətli bacı-qardaşlara böyük fayda gətirdi. Bir qardaş demişdi: «Pandemiya ərzində Müqəddəs Kitabın bir çox bölməsinin çıxması məni çox sevindirdi. Yehova bizi ruhani cəhətdən yaxşıca qidalandırdı».
Eşitmə məhdudiyyətli bir bacı demişdi: «”Yeni Dünya Tərcüməsi” jest dilinə tərcümə olunana qədər qardaşlar mənim üçün ayələri tərcümə edirdilər. Amma ayələri olduğu kimi çatdırmaq onlara çətin idi. Buna görə də ayələri yadda saxlaya bilmirdim. İndi isə Müqəddəs Kitabı başa düşmək üçün başqalarından asılılığım yoxdur».
Əminik ki, tam və qismən eşitmə məhdudiyyətli dindaşlarımız Müqəddəs Kitabın bütöv tərcüməsindən böyük fayda əldə edəcəklər. Dua edirik ki, Yehova onların «gözəl gələcək, ümid» barədə xəbəri başqaları ilə bölüşmək üçün çəkdikləri zəhməti bəhrəsiz qoymasın (Ərəmya 29:11).