2 NOYABR 2018
MİKRONEZİYA
«Yuta» superqasırğası Şimali Marian adalarını cənginə alıb
24 oktyabr 2018-ci il tarixində Şimali Marian adalarında «Yuta» superqasırğası baş verib. 5-ci kateqoriyaya aid edilən bu qasırğa çoxlu fəsadlara səbəb olub. Saypan və Tinian adlı ən böyük adalarda küləyin sürəti saatda 280 kilometrə çatıb. Qasırğa nəticəsində bu adalarda evlər dağıntıya məruz qalıb və minlərlə yaşayış yeri elektriksiz qalıb.
Şimali Marian adalarındakı fəaliyyətə nəzarət edən Mikroneziya filialı bildirir ki, yaralananlar və ölənlər arasında bacı-qardaşlarımız yoxdur. Bununla belə, 15 dindaşımıza məxsus ev tamamilə sıradan çıxıb və başqa 40 evə ziyan dəyib. Üstəlik, Saypan adasındakı xüsusi təyinatlı müjdəçilər üçün bir ev və hər iki adadakı ibadət evləri kiçik zədələrə məruz qalıb.
Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi dindaşlarımıza humanitar yardım göstərmək üçün əlindən gələni əsirgəmir. Bundan əlavə, yerli bacı-qardaşlar qasırğa ucbatından təxliyyə olunan təbliğçilərin qeydinə qalır. Filial komitəsinin bir üzvü zərərçəkən dindaşlarımızı ruhlandırmaq üçün həmin əraziyə baş çəkəcək.
Dua edirik ki, bacı-qardaşlarımız bu təbii fəlakətin səbəb olduğu çətinliklərin öhdəsindən gələ bilsinlər. «Yehova Onu çağıranlara... yaxındır» və «fəryadlarını eşidər, onları qurtarar». Bunu bilmək bizə qəlb rahatlığı verir (Zəbur 145:18, 19).