Kontentə keç

Bacı-qardaşlar Monqolustanın paytaxtı Ulan-Bator şəhərində Birinci İnstansiya Məhkəməsinin önündə Yehovanın Şahidlərinin vəkilləri ilə birlikdədir.

24 AVQUST 2018
MONQOLUSTAN

Monqolustanda din azadlığının qələbəsi. Yehovanın Şahidlərinin qeydiyyatı yeniləndi

Monqolustanda din azadlığının qələbəsi. Yehovanın Şahidlərinin qeydiyyatı yeniləndi

Yehovanın Şahidləri 14 iyun 2018-ci il tarixində Monqolustanın paytaxtı Ulan-Batordakı Şəhər Şurasından sertifikat aldı. Bu Şura Monqolustanda Yehovanın Şahidlərini qanuni şəkildə yenidən qeydiyyatdan keçirdi.

Ulan-Batorda Yehovanın Şahidlərinin qanuni şəkildə fəaliyyətinə icazə verən yeniləmə sertifikatı

Monqolustandakı dini təşkilatlardan hər il qeydiyyatlarının yenilənməsi tələb edilir, bizim qardaşlarımız da 1999-cu ildə ilk dəfə qeydiyyatdan keçəndən bəri hər il buna nail olurdu. Lakin 2015-ci ildə Şəhər Şurası Ulan-Batordakı hüquqi şəxsimizin yenilənməsini dayandırmışdı. Daha sonra 2017-ci ilin yanvarında Şəhər Şurası elan etmişdi ki, Yehovanın Şahidlərinin hüquqi şəxsinin dini fəaliyyəti həyata keçirmək üçün icazəsi rəsmi olaraq ləğv olunub. Şura nümayəndələri Yehovanın Şahidlərini hüquqi şəkildə qeydiyyatdan keçirməmək üçün müəyyən səbəblərinin olduğunu demişdi, amma bu səbəbləri açıqlamaqdan imtina etmişdi. Qardaşlar Şəhər Şurasının qərarına qanuni etirazlarını bildirməyi qərara almışdılar.

İnzibati Məhkəmə icraatı zamanı Şəhər Şurasının vəkili səbəb olaraq Rusiya Ali Məhkəməsinin Rusiya daxilindəki hüquqi şəxslərimizi ləğv edən qərarını irəli sürmüşdü. Bizim vəkillərimiz əsaslandırmışdılar ki, bu qərar beynəlxalq tənqidə və beynəlxalq məhkəmələrdə etiraza səbəb olub. Bundan əlavə, onlar məhkəməyə xatırlatmışdılar ki, Rusiya Ali Məhkəməsinin qərarı Şəhər Şurasının qərarından sonra verilib. Ona görə də Şura Rusiya qərarının onlar üçün bir səbəb olduğunu deyə bilməz.

İnzibati Məhkəmə Şəhər Şurasını dinləyəndən və zərərli fəaliyyətə dair hər hansı bir sübut olmadığı qənaətinə gəldikdən sonra Şuranın qərarını ləğv etdi. Məhkəmə həmçinin gördü ki, Şəhər Şurası vətəndaşın dini inanclarını ifadə etmək hüququ da daxil olmaqla, qardaşlarımızın fundamental hüquqlarını pozur.

Yehovanın Şahidlərinin vəkillərindən biri olan Ceyson Uayz məhkəmə işini müdafiə edərək demişdi: «Fundamental hüquqlar və azadlıqlar Dövlət qeydiyyatından asılı deyil. Adətən, qeydiyyat olmadan sərbəst ibadət etmək çətin olur. Qanuni qeydiyyatdan keçməyin sayəsində Müqəddəs Kitabları və Müqəddəs Kitaba əsaslanan nəşrləri idxal etmək, şəxsi ibadət yerlərinə sahib olmaq və toplantı üçün yerlər icarəyə götürmək bizim üçün daha da asan olacaq. Bizə xoşdur ki, İnzibati Məhkəmə Ulan-Batordakı Şəhər Şurasının qərarını ləğv etdi və belə qərarların Monqolustanda din və bir yerdə toplaşmaq azadlığımıza mənfi təsir etdiyini qəbul etdi».