Kontentə keç

22 İYUN 2023
MOZAMBİK

Çanqana (Mozambik) dilində «Yeni Dünya Tərcüməsi»nin tam versiyası işıq üzü gördü

Çanqana (Mozambik) dilində «Yeni Dünya Tərcüməsi»nin tam versiyası işıq üzü gördü

18 iyun 2023-cü ildə çanqana (Mozambik) dilində «Yeni Dünya Tərcüməsi»nin tam versiyası dərc olundu. Müqəddəs Kitabın buraxılışını Maputu şəhərində (Mozambik) 16 245 nəfərin qarşısında çıxış edən Mozambik filial komitəsinin üzvü Çarlz Fonseka qardaş elan etdi. İştirakçılara Müqəddəs Kitabın nüsxələri paylanıldı. Kitabı elektron formatda da yükləmək mümkün idi.

Çanqana (Mozambik) dilində, əsas etibarilə, Mozambikin iki ucqar cənub vilayətləri olan Maputu və Qazada yaşayan təxminən 4,2 milyon insan danışır. Çanqana (Mozambik) dilinin çoxlu dialektləri var. Ona görə də tərcüməçilər yaşadığı ərazidən asılı olmayaraq çanqanadilli insanların çoxunun başa düşdüyü sözlərdən istifadə etməyə çalışıb.

Doğma dillərində «Yeni Dünya Tərcüməsi» dərc olunmazdan əvvəl çanqanadilli təbliğçilərin çoxu çanqana (Mozambik) dilinə yaxın olan tsonqa dilindəki Müqəddəs Kitabdan istifadə edirdilər. Bəzilərinə buna görə Müqəddəs Kitab həqiqətlərini öyrənmək çətin idi. Bir tərcüməçi deyir: «Bu yeni tərcümə sayəsində indi Müqəddəs Kitabdakı müjdə çanqanadilli (Mozambik) insanların ürəyinə təsir edəcək».

Başqa bir tərcüməçi «Yeni Dünya Tərcüməsi»nin dəqiqliyinə dair bir nümunə gətirdi. O deyir: «Bu ərazidə yaşayanların danışdığı digər dillərdə olan Müqəddəs Kitabda “ruh” sözü elə tərcümə olunub ki, onu ölümdən sonra yaşamağa davam edən bir şey kimi başa düşə bilərlər. Amma çanqana dilində “Yeni Dünya Tərcüməsi”ndə bu söz düzgün tərcümə olunub və insana deyil, Yaradana qayıdan “həyat qüvvəsi” mənasını verir».

Yehovanın Öz «nurunu, həqiqətini» çanqanadilli (Mozambik) insanlara da göndərdiyini görmək ürəyimizi riqqətə gətirir (Zəbur 43:3).