17 NOYABR 2020
MOZAMBİK
Gitonqa və ronqa dillərində «Mətta» kitabı
2020-ci il 14 və 15 noyabr tarixlərində cənubi Mozambikdə danışılan iki dildə — gitonqa və ronqa dillərində elektron formatda «Mətta» kitabı çıxdı. 524 gitonqadilli təbliğçi və 1911 ronqadilli təbliğçi üçün bu kitablar Yehovadan düz vaxtında gələn ənamdır.
Kitabların çıxışı barədə elanı Mozambik filialının komitə üzvü Amaru Taşare əvvəlcədən yazıya alınmış proqram zamanı elan etdi. Təbliğçilər nitqə internet vasitəsilə baxmışdılar. Bundan əlavə, qardaşlara nitqi milli televiziya kanalı və müxtəlif radiostansiyalar vasitəsilə yayımlamağa icazə verilmişdi. «Mətta» kitabı həmçinin 64 səhifəlik buklet şəkildə dərc ediləcək, çünki əksər insanların elektron cihazları yoxdur.
Amaro qardaş deyir: «Bu dillərdə Müqəddəs Kitab və Müqəddəs Kitaba əsaslanan nəşrlər çox deyil. “Mətta” kitabının buraxılışına çox sevinirik, çünki orada İsa Məsihin nəsil şəcərəsi, onun dünyaya necə gəldiyi, məşhur Dağüstü vəzi və axırzaman haqqında peyğəmbərlikləri qələmə alınıb».
Bir tərcüməçi kitabın dəqiq və asan başa düşülən olması barədə deyir: «“Mətta” kitabı təlim baxımından çox zəngin kitabdır. Əminəm ki, insanlar Dağüstü vəzi doğma dillərində oxuyarkən sevincdən gözləri yaşaracaq».
Mütəxəssislərin hesablamalarına görə, təxminən 224 000 nəfər gitonqa, 423 000 nəfər isə ronqa dillərində danışır. Ümid edirik ki, bu kitablar daha çox insana «həyata aparan qapı»nı tapmağa kömək edəcək (Mətta 7:14).