Kontentə keç

Amaru Taşare ndau dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan edir

2 MART 2021
MOZAMBİK

Müqəddəs Kitabın tərcümə işində mühüm irəliləyiş

«Yeni Dünya Tərcüməsi» artıq 200 dildə

Müqəddəs Kitabın tərcümə işində mühüm irəliləyiş

28 fevral 2021-ci il tarixində Mozambikdə ndau dilində İncilin «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü. Bu İncilin buraxılışı ilə «Yeni Dünya Tərcüməsi»nin tam və müəyyən hissələrinin tərcümə edildiyi dillərin sayı 200-ə çatdı. Bundan cəmi bir gün əvvəl, fevralın 27-si, «Məttanın Müjdəsi» kitabının çuabo dilində buraxılışı barədə elan edilmişdi.

Kitabların hər iki dildə buraxılışı barədə elanları Mozambik filialının komitə üzvü Amaru Taşare səsləndirdi. Proqram qabaqcadan yazıya alınmışdı. Təbliğçilər ona strim vasitəsilə baxdılar. Üstəlik, proqram milli televiziya kanalı və müxtəlif radiostansiyalar vasitəsilə yayımlandı. Elektron cihazları olmayanlar üçün isə çuabo dilində «Məttanın Müjdəsi» 64 səhifəlik broşür kimi də buraxılacaq.

Çuabo dilində Mozambikin Zambeziya əyalətində 1,4 milyon insan danışır. Bu dildə təbliğ edən təbliğçilərin sayı isə 492 nəfərdir.

Baş idarənin Tərcümə xidmətləri şöbəsində xidmət edən Nikolas Ahladis deyir: «“Məttanın Müjdəsi” kitabının çuabo dilinə tərcüməsi böyük nailiyyətdir. Köhnə tərcüməni əldə etmək müşkül məsələ idi, dili isə çətin idi».

Ndau dilində Mozambikin mərkəzi bölgələrində yaşayan 1,1 milyon insan, o cümlədən 1500 təbliğçi danışır.

İncilin ndau dilinə tərcüməsi üzərində iş gedən zaman Mozambikdə üç iri fəlakət baş vermişdi və bu fəlakətlərin tərcümə işinə birbaşa təsiri olmuşdu. Onlardan biri 2019-cu ildə tüğyan etmiş «İdai» siklonu idi. 2020-ci ildə Mozambik, digər ölkələr kimi, COVID-19 pandemiyası ilə üzləşdi. 2021-ci ilin əvvəlində isə «Eloiza» siklonu ölkəni viran qoydu. Bütün bunlara baxmayaraq, beş nəfərdən ibarət tərcümə qrupu iki il yarım müddətinə tərcüməni tamamlaya bildi.

Ndau tərcümə qrupunun üzvü deyir: «İşimizin bəhrəsinə baxanda inana bilmirəm ki, bu qədər çətinliklər ola-ola, biz bunu bacardıq. Mənim üçün bu bir möcüzədir. Biz bu işi öz gücümüzlə görə bilməzdik. Bütün şərəf Yehovaya məxsusdur!»

Nikolas Ahladis əlavə edir: «Son vaxtlar ndau dilində danışan dindaşlarımızın, o cümlədən tərcüməçilərin çoxlu çətinlikləri olub. Bu səbəbdən İncilin tərcüməsi bir az uzun çəkdi. Lakin hər şey artıq geridədir. İncilin bu tərcüməsi bacı-qardaşlar üçün əsl hədiyyə olacaq. Onun sayəsində ndaudilli insanlar ruhlanacaq və təsəlli tapacaq».

Rəhbərlik Şurasının üzvü Cefri Cekson deyir: «Müqəddəs Kitabın istənilən dilə tərcüməsi asan iş deyil və fədakarlıq tələb edir. Təbii fəlakətlər və digər çətinliklər tərcümə üzərində işləyən ndau tərcümə qrupundan da yan keçmədi. Amma məhz ndau dilinə İncilin tərcüməsi ilə «Yeni Dünya Tərcüməsi»nin tərcümə edildiyi dillərin sayı 200-ə çatdı. Biz əminik ki, bu tərcümə Mozambikin ndau dilində danışan çoxsaylı sakinləri üçün böyük xeyir-dua olacaq».

Pandemiyaya baxmayaraq, doğma dillərində Allahın Kəlamını alan bacı-qardaşların sevincinə şərikik. Həqiqətən də, Yehovaya niyyətini yerinə yetirməyə heç nə mane ola bilməz (Əşiya 43:13).