28 DEKABR 2023
NİGERİYA
İncilin «Yeni Dünya Tərcüməsi» edo və esan dillərində işıq üzü gördü
Nigeriya filial komitəsinin üzvləri İncilin «Yeni Dünya Tərcüməsi»nin iki yerli dildə işıq üzü gördüyünü elan etdi. Hər iki nəşrin çıxdığına dair sevindirici xəbər 2023-cü ildə Nigeriyanın Benin və Aqbor şəhərlərində keçirilən «Səbirli olun!» adlı toplantıda səsləndi. 8 dekabr 2023-cü il tarixində Arçibonq Ebiti qardaş İncilin «Yeni Dünya Tərcüməsi»nin edo dilində, 15 dekabr 2023-cü ildə isə Malkolm Hols qardaş kitabın esan dilində işıq üzü gördüyünü elan etdi. Hər iki tədbirdə iştirakçılara kitabların nüsxələri paylandı. Kitablar həmçinin audio və elektron formatda da əlçatandır.
Edo dili
İncilin «Yeni Dünya Tərcüməsi»nin edo dilində təqdim olunduğu görüşdə 1678 nəfər iştirak edirdi. Bütün dünyada iki milyona yaxın insan bu dildə danışır. Nigeriyada 23 yığıncaqda 900-dən çox edodilli bacı-qardaş xidmət edir. Edo tərcümə qrupu tamvaxtlı olaraq 2014-cü ildən bəri çalışır. Elə həmin ildən bu dildə nəşrlərimiz jw.org saytında yer alır.
Edo dilində Müqəddəs Kitabın başqa tərcümələri mövcud olsa da, ya onları tapmaq çətindir, ya da qiyməti çox bahadır. Bu kitabların əksəriyyətində Allahın adı mövcud deyil və çoxlu qədimi sözlər istifadə olunduğuna görə, edodilli insanlar oradakı xəbəri başa düşməkdə çətinlik çəkirlər. 50 ildən çoxdur Yehovaya xidmət edən 74 yaşlı Peyşens Ayzevbuva bacı deyir: «İncilin “Yeni Dünya Tərcüməsi”nin edo dilində çıxdığına görə çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur!»
Esan
İncilin «Yeni Dünya Tərcüməsi»nin esan dilində təqdim olunduğu tədbirdə 692-dən çox adam iştirak edirdi. Nigeriyada bir milyondan çox insan esan dilində danışır. Hazırda ölkədə on esandilli yığıncaqda 640 dindaşımız xidmət edir.
İncilin «Yeni Dünya Tərcüməsi» ilk dəfədir ki, esan dilində tam şəkildə işıq üzü görür. Bu nəşrdən əvvəl bir çox esandilli dindaşımız İncilin «Yeni Dünya Tərcüməsi»ni ingilis dilində oxuyurdu. Bir bacı 2 Korinflilərə 4:7 ayəsindəki «saxsı qablarda» saxlanılan xəzinə ifadəsi barədə danışarkən demişdi: «Bu ayəni ingiliscə oxuyurdum, amma mənasını tam başa düşmürdüm. Lakin esan dilində yeni tərcümədə o belə verilib: “Biz gil qablar kimi olsaq da, Allah bizə bu cür dəyərli xidmət həvalə edib”. İndi mənanı aydın başa düşürəm və ürəyimə toxunur. Bu kitab necə də gözəl hədiyyədir!»
Biz də bu yeni nəşrə görə edo və esandilli bacı-qardaşların sevincinə şərikik. Dua edirik ki, İncilin «Yeni Dünya Tərcüməsi»nin bu iki nəşri daha çox insanın «həqiqət barəsində dəqiq biliyə» yiyələnməsinə vəsilə olsun (1 Timutiyə 2:3, 4).