30 MAY 2019
ÖZBƏKİSTAN
Özbəkistanda açıq şəkildə Məsihin ölümünü anma mərasimi keçirilib
19 aprel 2019-cu il tarixində qardaşlarımız son illərdə ilk dəfə bütün Özbəkistan ərazisində Məsihin ölümünü anma mərasimini keçirib.
Özbəkistanda Yehovanın Şahidləri rəsmi olaraq yalnız Daşkənd yaxınlığında yerləşən Çirçik şəhərində qeydiyyatdan keçib. Əvvəllər Çirçik şəhərindən kənarda yaşayan qardaşlarımız polisin müdaxiləsindən ehtiyat edərək Məsihin ölümünü anma mərasimini gizli keçirirdilər. Bu il isə qardaşlar mərasim barədə polisə xəbər verib və onları mərasimə dəvət edib. Polis əməkdaşları qardaşlarla əməkdaşlıq edir və hətta iştirakçıların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görürdü. Bəzi yerlərdə polis əməkdaşları özləri də mərasimdə iştirak edib.
Məqalənin əvvəlindəki şəkildə göstərildiyi kimi, Rəhbərlik Şurasının üzvü Mark Sanderson Çirçik şəhərindəki ibadət evində anma mərasiminin məruzəsi ilə çıxış edib. Proqram rus dilinə tərcümə olunub. Tədbirdə ümumilikdə 781 nəfər iştirak edib. Həmin axşam anma mərasimi ilə əlaqədar eyni ibadət evində daha iki görüş keçirilib.
Özbəkistanda Mark Sanderson baş idarədə xidmət edən Pol Gilis və Mərkəzi Asiyadan olan iki qardaşla birgə Ədliyyə Nazirliyi və İnsan Hüquqları üzrə Milli Mərkəzin yüksək vəzifəli məmurları ilə görüşüb. Görüşlər zamanı qardaşlarımızın etiqadımız və təşkilatımız haqqında dəqiq məlumat vermək imkanı olub. Ümid edirik ki, yaxşı məlumatlandırılmış məmurlar Çirçik şəhərindən kənarda da icmalarımızı qeydiyyatdan keçirəcək və qardaşlarımız ibadət üçün müvafiq yerlər əldə edə biləcək.
Açıq şəkildə keçirilən Məsihin ölümünü anma mərasimi və hakimiyyət nümayəndələri ilə görüşlər Özbəkistanda əldə etdiyimiz son müsbət nailiyyətlərimizdir. Son altı ay ərzində Yehovanın Şahidlərinə qarşı nə reyd keçirilib, nə də onlar cərimə və ya həbs olunub. Təxminən bir il əvvəl, 14 may 2018-ci il tarixində Özbəkistanın ABŞ-dakı səfiri cənab Javlon Vaxabov açıq şəkildə bildirmişdir ki, parlament Yehovanın Şahidlərinin qeydiyyatdan keçməsini asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklərin edilməsi üzərində işləyəcək.
Özbəkistandakı qardaşlarımız mömin həyat sürüb dinc yaşamağa davam edərkən Yehovanın onların əməyini necə xeyir-dualandıracağını gözləyirik (1 Timutiyə 2:2).