Kontentə keç

7 APREL 2014-CÜ İL
ÖZBƏKİSTAN

Özbəkistanda Yehovanın Şahidlərinə qarşı münasibət yaxşılığa doğru dəyişirmi?

Özbəkistanda Yehovanın Şahidlərinə qarşı münasibət yaxşılığa doğru dəyişirmi?

Özbəkistandakı Yehovanın Şahidləri ümid edirlər ki, hökumət onların azad şəkildə ibadət etmələrinə mane olmayacaq. 2013-cü ildə Özbəkistanın hökumət rəsmiləri ilə keçirilən görüşlərdə iştirak edən Yehovanın Şahidlərinin yerli nümayəndəsi İqor Yurçenko demişdi: «Özbəkistan hökuməti ilə müzakirələrimizdə nəzərəçarpan irəliləyiş gördük. Görünür, onlar müsbət yöndə dəyişiklik etmək fikrindədirlər. Biz ümid edirik ki, bu görüşlər tezliklə müsbət nəticələr verəcək».

Əbdübənnob Əhmədov

Özbəkistan hökuməti gözəl bir jest edərək 2013-cü il mart ayının 2-si Əbdübənnob Əhmədovu həbsdən azad etdi. Əhmədova altı il yarım iş kəsilmişdi və verilən cəzanın bitməsinə iki il qalmışdı. O, dini fəaliyyətə görə həbs olunmuş üç Şahiddən biri idi. Digər iki Şahid isə 2012-ci ildə azadlığa buraxılmışdı. Hal-hazırda Özbəkistanda həbsdə olan Yehovanın Şahidi yoxdur.

Əhmədovun azadlığa buraxılmasından sonrakı aylarda Özbəkistan hökuməti insan hüquqlarına hörmət yönündə müsbət dəyişikliklər etmək öhdəçiliyi götürdü. 2013-cü il iyulun 5-i Özbəkistan hökuməti Universal Dövrü İcmal üzrə BMT-nin İnsan Hüquqları Şurasının işçi qrupuna xəbər verdi ki, ayrı-seçkilik etmədən ayrı-ayrı şəxslərin və bütün qrupların din və etiqad azadlığı hüququnun tanınması ilə əlaqədar verilən tövsiyələrə riayət etməyə hazırdır.

Yeni yığıncaqları qeydiyyatdan keçirmək cəhdləri

Hal-hazırda Özbəkistanda Yehovanın Şahidlərinin rəsmi şəkildə qeydiyyatdan keçmiş yalnız bir yığıncağı var və bu yığıncaq Daşkənd vilayətinin Çirçik şəhərində yerləşir. Lakin Yehovanın Şahidlərinin çoxu ölkənin digər regionlarında yaşayır. 1996-cı ildən bəri Şahidlər yeni yığıncaqlarını qeydiyyatdan keçirə bilmədiklərinə görə dinc ibadət görüşlərini hüquqi müdafiələri olmadan və cəzalana biləcəklərini gözə alaraq keçirirlər. Yurçenko əlavə etmişdi: «Biz ümid edirik ki, hal-hazırda hökumət nümayəndələri ilə gedən konstruktiv dialoq sayəsində vəziyyət yaxşılaşacaq, bu da öz növbəsində, Özbəkistanda Yehovanın Şahidlərinin bütün yeni yığıncaqlarının qeydiyyatdan keçirilməsi ilə nəticələnəcək».

Yehovanın Şahidləri Özbəkistanda dinc şəkildə ibadət edəcəkləri günü böyük səbirsizliklə gözləyirlər və ümid edirlər ki, hökumət tezliklə yeni yığıncaqları qeydiyyatdan keçirəcək.