2 DEKABR 2021
PERU
Peru 75 ildir ki, «qızılgül kimi çiçək açır»
Peruya təyin olunmuş ilk Gilad məzunları bu ölkəyə 1946-cı ilin oktyabr ayında qədəm qoymuşlar. O xüsusi təyinatlı müjdəçilərin qarşısında geniş təbliğ sahəsi açılmışdı. Onlar 1,3 milyon kvadrat kilometr ərazinin cürbəcür bölgələrində yaşayan yeddi milyon insana müjdə çatdırmalı idi. Artıq 75 ildir ki, xüsusi təyinatlı müjdəçilər və yerli təbliğçilər ölkənin həm ucqar dağ kəndlərində, həm də sahilyanı şəhərlərində canla-başla təbliğ edir və daimi tərəqqinin şahidi olurlar.
Xüsusi təyinatlı müjdəçilər bura gəlməzdən əvvəl, Cənubi Amerikanın digər ölkələrindən olan Yehovanın Şahidləri vaxtaşırı Perunun paytaxtı Lima şəhərinə gəlirdilər və həqiqətə maraq göstərənlərə nəşrlərimizi verirdilər. Çox keçməmiş bu toxumlar bəhrə verdi. 1945-ci ildə Çilidə xidmət edən iki xüsusi təyinatlı müjdəçi Peruda ilk Yehovanın Şahidləri olmuş üç nəfəri vəftiz etmək üçün Limaya gəldi.
1946-cı ilin oktyabr ayından başlayaraq Gilad Məktəbinin məzunları Peruya təbliğ işini təşkil etmək üçün təyin olunurdular. Müqəddəs Kitaba maraq göstərənlərlə ilk görüşü onlar Limanın Rimak rayonunda keçirmişdilər. Yerli təbliğçilərin və ölkəyə göndərilən xüsusi təyinatlı müjdəçilərin sayı artdıqca, təbliğ işi də genişlənirdi. İndi onlar yalnız Limada təbliğ etmirdilər. Təbliğ işi bu gün də yerində durmur.
1946-cı ildə ölkəyə gələn ilk xüsusi təyinatlı müjdəçilərin arasında Nelena Pul adlı bacı da var idi. Bacı «Gözətçi qülləsi» jurnalının 1 mart 1957-ci il sayında (ing.) çap olunmuş bioqrafiyasında Peruda təbliğ işinin genişlənməsi barədə demişdi: «Vaxtilə səhra olmuş bir torpağın qızılgül kimi çiçək açdığını görəndə hisslərimi təsvir etməyə söz tapmıram».
Gilad Məktəbinin 54-cü sinfinin məzunu olan və bu günədək Peruda xidmət edən İren Maninqs bacı deyib: «Biz Peruya gələndə burada 7000 təbliğçi var idi. İndi onların sayı 130 000-dən çoxdur. Bu artım gözümün qabağında baş verib və onda kiçik payımın olmasını şərəf hesab edirəm. Bütün bunlar Yehovanın sayəsində mümkün olub».
Hal-hazırda Peruda xidmət edən 133 170 təbliğçi 75 il bundan əvvəl təbliğ işinin təməlini qoyan bacı-qardaşlara ürəkdən minnətdardır. Perunun teokratik tarixi bir daha sübut edir ki, Yehova Əşiya 60:22 ayəsində yazılan vədinə sadiqdir: «Ən kiçiyindən min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək».