17 OKTYABR 2019
PERU
Perunun Puno regionunda aymara dilində xüsusi təbliğ kampaniyası
2019-cu il mayın 1-dən avqustun 31-dək Peru filialının təşkilatçılığı ilə xüsusi təbliğ kampaniyası keçirilib. Kampaniyanın məqsədi müjdəni aymara dilində danışan Peru sakinlərinə çatdırmaq idi. Kampaniya uğurlu olub! Bacı-qardaşlar 7893 ədəd nəşr paylayıb və təxminən 2500 dəfə videolarımızı göstərib. Nəticədə, 381 insanla Müqəddəs Kitab dərsinə başlanılıb.
Peruda aymara dilində təxminən 450000 insan danışır, onların 300000-i Puno regionunda yaşayır. Hal-hazırda yeddi yığıncaqda və səkkiz qrupda 331 aymaradilli təbliğçi xidmət edir. Ərazinin böyük, Peruda təbliğçilərin sayı isə az olduğu üçün kampaniyaya Çilidən aymara dilində danışan təbliğçilər də qatılmışdı. Bu dildə danışanlara xoş xəbəri çatdırmaq üçün bəzən təbliğçilər dəniz səviyyəsindən 5000 metr hündürlüyə çıxmalı, şaxtalı hava şəraitində təbliğ etməli olublar.
Bir qrup təbliğçi uzaq əraziyə çatmaq üçün bir neçə saat yol getdi. Qonşu şəhərdə yaşayanlar oraya dəfn mərasiminə gəlmişdilər. Bacı-qardaşlar onlara Müqəddəs Kitabdan ölənlər üçün ümiddən danışdılar. Yerli hakimiyyət nümayəndələri və mərhumun yas içində olan qohumları onlara Müqəddəs Kitabdan təsəlli vermək üçün bu qədər məsafə qət etdiklərinə görə minnətdarlıqlarını bildirdilər.
Başqa bir ərazidə bacı-qardaşlarımız Müqəddəs Kitabı araşdırmaq üçün həftədə iki dəfə toplaşan bir qrup aşkarladılar. Qrup Boliviyadakı bir qohumdan aldıqları «İsa Məsihin həyatı və xidməti» və «Müqəddəs Kitab hekayələri» nəşrlərini araşdırırdı. Onlar biləndə ki, bu kitabları bizim təşkilat nəşr edib, çoxları qardaşlarla Müqəddəs Kitabı öyrənməyə və yığıncaqlara gəlməyə başladı.
Təbliğ qruplarından birinə nəzarət edən ağsaqqal Albert Kondor deyib: «Yoldaşımla mən çox şadıq ki, bu kampaniyada iştirak etmək imkanımız olub. Kampaniya Yehovaya imanımızı möhkəmləndirdi, çünki şəhərlərin birinə yola düşərkən heç bilmirdik ora necə gəlib çatacağıq — yol çox çətin idi. Ora gəlib çatanda isə Yehovadan duada xahiş etdik ki, bizə gecələməyə yer tapmağa kömək etsin. O kömək etdi. Yehovanın dualarımıza verdiyi cavablar, eləcə də bacı-qardaşların Ona necə güvəndiklərini görmək məni çox ruhlandırdı».
Bacı-qardaşlar Punoda aymara dilində danışanlara Allahın Kəlamından həqiqətləri çatdırmaq üçün keçirilən xüsusi kampaniyaya böyük sevinclə qatılmışdılar (Vəhy 22:17).