9 OKTYABR 2018
PERU
Tailand Səfirliyi tai məhbuslarına kömək edən Yehovanın Şahidlərinə səmimi minnətdarlığını bildirir
Perudakı Tailand Səfirliyinin nümayəndələri 26 iyun 2018-ci il tarixində Yehovanın Şahidlərinin ölkənin paytaxtı Lima şəhərində yerləşən filialına baş çəkdi. Onların məqsədi Peru həbsxanasındakı tai vətəndaşlarına kömək edən dindaşlarımıza təşəkkür etmək idi.
Perudakı Yehovanın Şahidləri 2007-ci ildən bəri Müqəddəs Kitaba əsaslanan maarifləndirmə işi üçün həbsxanalara baş çəkir. Amma 2013-cü ildən başlayaraq onlar tai məhbuslarının olduğu bir həbsxananı ziyarət edir. Qardaşlarımızın məhbuslarla şəxsən maraqlanmaları tai konsulunu o qədər heyrətləndirdi ki, o, ziyarət təşkil etmək üçün filialla əlaqə saxladı.
Səfirliyin nümayəndə heyətinə müvəqqəti işlər vəkili Anqkura Kulvanic, birinci katib/konsul Patomponq Sinqtonq və konsul köməkçisi Pradtana Ponqudom daxildir. Onlar filial üzvlərinin müşayiəti ilə filialda ekskursiya edərkən nəşrlərimizin doqquz yerli dilə tərcümə edilməsi də daxil olmaqla, böyük miqyaslı tərcümə işləri ilə tanış oldular.
Səfirlik filiala göndərdiyi rəsmi məktub vasitəsilə qardaşlarımıza «səmimi minnətdarlığını və ehtiramını» bildirdi. Onlar «imanından və mədəniyyətindən asılı olmayaraq, Peruda yaşayan yoxsul və zəif insanların» qayğısına qalan dindaşlarımızın zəhmətini yüksək qiymətləndirdiklərini dilə gətirdilər. Səfirlik «Peru filialını və Yehovanın Şahidlərinin Cəmiyyətini həbsdə olan tai vətəndaşlarına çətinlikləri aradan qaldırmağa və həyatlarını yaxşılaşdırmağa kömək etmək üçün göstərdikləri zəhmətə və verdikləri töhfəyə görə» ürəkdən təriflədi.
Perudakı dindaşlarımızın nümunəsi sübut edir ki, Müqəddəs Kitab xəbərini hər cür insanla bölüşmək yaxşı nəticələr gətirir (1 Korinflilərə 9:22).