Kontentə keç

20 OKTYABR 2015-Cİ İL
QANA

Qanadakı Yehovanın Şahidləri daşqından zərər çəkənlərə kömək edirlər

Qanadakı Yehovanın Şahidləri daşqından zərər çəkənlərə kömək edirlər

AKKRA, Qana. 2015-ci il avqust ayının sonunda Yehovanın Şahidləri Qananın paytaxtı Akkra şəhərində baş vermiş daşqınla bağlı yardım işlərini tamamladılar. Qeyd edək ki, daşqın 200 nəfərin həyatına son qoymuş və evlərə ciddi ziyan vurmuşdu.

Yerli Şahidlər təxliyyə edilən həmimanlılarından birinin evində suyun hara qədər qalxdığını göstərirlər.

Yehovanın Şahidlərindən ölən olmasa da, onlardan 250-si daşqına görə evlərini tərk etməli oldular. Daşqından bir gün sonra, 2015-ci il iyunun 4-ü Yehovanın Şahidlərinin Qanadakı filialı təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsi yaratdı. Bu komitə zərər çəkənlərə yorğan-döşək, paltar və su verməklə onların əsas ehtiyaclarını ödəyirdi. Komitə həmçinin zərər dəymiş evlərin təmirini və təmizlənməsini təşkil etdi. Akkrada yaşayan digər Yehovanın Şahidləri müvəqqəti sığınacaq kimi qapılarını zərər çəkmiş həmimanlılarının üzünə açdılar.

Təbii fəlakətdən zərər çəkənlərə yardım komitəsinin sədri Doso Amevor (solda) Mədinədəki (Akkra) bir ibadət evində matrasların bölüşdürülməsinə nəzarət edir.

Daşqın ucbatından bir yanacaq doldurma məntəqəsində baş vermiş partlayış nəticəsində Adabrakadakı su boruları sıradan çıxmışdı. Buna görə bir neçə ərazi susuz qalmışdı. Filial həm Yehovanın Şahidlərini, həm də qonşuları su ilə təmin etmək üçün Adabrakadakı ibadət evinə (Yehovanın Şahidlərinin ibadət etdiyi yer) su çəni qoydular.

İyunun 6-sı, şənbə günü filial Alaxo və Adabrakadakı həmimanlılara və digər zərər çəkənlərə tibbi yardım göstərmək üçün Yehovanın Şahidlərindən ibarət 2 tibbi yardım qrupu (5 həkim və 2 tibb bacısı) göndərdi. Onlar malyariya, döş qəfəsi infeksiyaları və diareya (ishal) kimi xəstəlikləri müalicə edirdilər. Həm filial nümayəndələri, həm də yerli Yehovanın Şahidləri həmimanlılarına baş çəkərək onlara ruhani və mənəvi dəstək olurdular.

Adabrakadakı ibadət evində Yehovanın Şahidi olan 2 tibb bacısı və 3 həkim tibbi yardım göstərirlər.

Yehovanın Şahidlərinin Qanadakı nümayəndəsi Nataniel Qbedema deyir: «Akkradakı daşqında həyatlarını itirən və zərər çəkənlərə görə təəssüf hissi keçiririk. Bütün dünyadakı Yehovanın Şahidləri kimi, biz də bu fəlakətdən əziyyət çəkən insanların mənəvi, fiziki və ruhani tələbatlarını ödəmək üçün əlimizdən gələni edirik».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000

Qana: Nataniel Qbedema, tel.: +223 30701 0110