Kontentə keç

Solda: Qazaxıstan Respublikasının Hərbi Məhkəməsi. Ön planda: 2023-cü ilin noyabr və 2024-cü ilin aprel aylarında Qazaxıstanda hərbi xidmətdən imtina etməklə bağlı çıxarılan qərarların nüsxəsi

31 MAY 2024
QAZAXISTAN

Qazaxıstanda əqidəyə görə hərbi xidmətdən imtina ilə bağlı vacib qərar qəbul olundu

Qazaxıstanda əqidəyə görə hərbi xidmətdən imtina ilə bağlı vacib qərar qəbul olundu

23 may 2024-cü ildə Qazaxıstanda əqidəyə görə hərbi xidmətdən imtina hüququ ilə bağlı qərar qüvvəyə mindi. Bu qərar 20 yaşlı Daniil Smal qardaşla əlaqəlidir. Hakim onun işini «qeyri-adi» iş adlandırıb.

Təxminən bir il əvvəl, 17 may 2023-cü ildə Daniil çağırış məntəqəsinə çağırıldı. Daniil etiqadını hörmətcil şəkildə izah etdi. Həmçinin hərbi rəsmilərə Daniilin dini əqidəsinə görə hərbi xidmətdən azad olunması üçün əsasların olduğunu sübut edən rəsmi sənəd təqdim olundu. Buna baxmayaraq, rəsmilər Daniilin xahişini rədd etdilər. Ertəsi gün rəsmilər Daniili məcburi şəkildə doğulduğu Rudnıydan 2000 kilometr aralıda yerləşən hərbi məntəqəyə apardılar. Vəziyyət nə qədər gərgin olsa da, Daniil Yehovaya sədaqətini qorudu. O, hərbi and içmədi, hərbi forma geyinmədi və əlinə silah almadı. Daniil bir neçə yazılı şikayət bildirsə də, vəziyyət dəyişmədi. Buna görə də o, problemi məhkəmə vasitəsilə həll etməyə çalışdı. Məhkəmə dinləmələri üç ay davam etdi.

Daniil Smal qardaş 2023-cü ilin noyabrında Almatı Qarnizonunun Hərbi Məhkəməsinin qarşısında

Nəhayət, 9 noyabr 2023-cü ildə Almatı Qarnizonunun Hərbi Məhkəməsi Daniilin hərbi xidmətə çağırışının qanunsuz olduğu barədə qərar çıxardı. Qərarda deyilir: «Daniilin açıq şəkildə izah etdiyi əqidəsi onun hərbi xidmət keçməsinə yol vermir. Buna görə də Daniilin hərbi xidmət keçməyə məcbur olunması onun vicdan və din azadlığı hüququnu pozub». Həmçinin məhkəmə Daniilin altı ay saxlanıldığı hərbi düşərgədən azadlığa buraxılmasına qərar verdi.

Məhkəmənin qərarından qısa müddət sonra hərbi rəsmilər apelyasiya şikayəti verdi. Bununla belə, 16 aprel 2024-cü ildə ölkənin ən yüksək hərbi məhkəməsi olan Qazaxıstan Respublikasının Hərbi Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. 23 may 2024-cü ildə qüvvəyə minən bu qərarda vətəndaşların vicdan azadlığı hüququnu təmin edən beynəlxalq hüquqa və Qazaxıstan Konstitusiyasına istinad edilir. Məhkəmə qəti şəkildə bildirdi: «Heç bir halda dövlətin vətəndaşını vicdanının əleyhinə hərəkət etməyə məcbur etmək hüququ yoxdur».

İlk dəfədir ki, Qazaxıstanda və ya Orta Asiya ölkələrində dini əqidəsinə görə hərbi xidmətdən imtina etmək hüququ birmənalı şəkildə tanındı. Yehovanın Şahidlərinin Qazaxıstandakı nümayəndəsi Lev Qladişev qardaş deyir: «Minnətdarıq ki, məhkəmələr Daniilin dini əqidəsinə görə hərbi xidmətdən imtina etmək hüququnu tanıdı. Bu qərar Qazaxıstan və Mərkəzi Asiyada əsas insan hüquqlarının müdafiəsi və tanınması üçün böyük əhəmiyyət kəsb edir» (1 Timutiyə 2:1, 2).