Kontentə keç

22 FEVRAL 2018
QAZAXISTAN

Qazaxıstan hökumətinə Teymur Əhmədovun azadlığa buraxılmasına dair müraciət

Qazaxıstan hökumətinə Teymur Əhmədovun azadlığa buraxılmasına dair müraciət

Teymur Əhmədovun ailəsi və dostları onun rifahı üçün getdikcə daha çox narahat olur. Yehovanın Şahidi olan Teymur Əhmədovun 61 yaşı var və bir ildən çoxdur ki, həbsdədir. O, hələ həbs olunmamışdan öncə zəif səhhəti ucbatından əziyyət çəkirdi. 8 fevral 2018-ci il tarixində o, iki şişi aradan qaldırmaq üçün əməliyyat olunub, şişlərdən biri bədxassəli idi. Ailəsi və vəkilləri Pavlodardakı cəzaçəkmə müəssisəsindəki şəraitə və T.Əhmədovun tibbi nəzarətə ehtiyac duyduğuna görə narahat olduqlarından hökumət nümayəndələrindən onun azadlığa buraxılmasını tələb ediblər. Onların müraciətlərinə bu günə kimi etinasızlıq göstərilib.

Qazaxıstan məhkəmələri Teymur Əhmədovu 2022-ci ildə başa çatacaq beşillik həbs cəzasına məhkum edib. T.Əhmədov dini azadlıq hüququndan yararlanmaqdan savayı heç nə etməyib, amma bunu etdiyi üçün hökumət nümayəndələri tərəfindən həbs edilib və məhkəməyə verilib. Hökumət onun adını terrorizmlə əlaqədar bank hesabları bloklanan insanların siyahısına əlavə edib. Qazaxıstan bütün apellyasiya şikayətlərini rədd edib.

BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu Teymur Əhmədovun azadlığa buraxılmasına və onun haqda yanlış ittihamların aradan qaldırılmasına təkid edərək, Qazaxıstan hökumətinə öz rəyini göndərib. Bundan əlavə, BMT İnsan Hüquqları Komitəsi Qazaxıstandan tələb edib ki, T. Əhmədovu səhhətinin zəif olması səbəbilə təcili olaraq azadlığa buraxsın.

Teymur Əhmədovun vəkilləri bildiriblər ki, «Teymurun ədalətsiz həbsi, üstəlik, zəif səhhəti və ehtiyac duyduğu tibbi yardım — bütün bunlar ədalət tələb edir. BMT agentliklərinin çağırışlarına qoşularaq, biz də Qazaxıstan hökumətinə müraciət edirik ki, Teymura mərhəmət göstərilsin və ləngimədən azadlığa buraxılsın».