17 YANVAR 2018
QAZAXISTAN
BMT İnsan Hüquqları Komitəsi Qazaxıstanı Teymur Əhmədovun rifahı üçün tədbir görməyə çağırır
BMT İnsan Hüquqları Komitəsi Teymur Əhmədovun adına 3 yanvar 2018-ci il tarixində verilən şikayətə dərhal baxdı. Haqsız yerə bir ilə yaxın həbsdə saxlanılan Teymur Əhmədov 61 yaşındadır və səhhəti zəifdir. Qazaxıstan məhkəmələri onun apellyasiya şikayətini rədd etdiyindən və qeyri-qanuni dini fəaliyyət göstərdiyi iddiası ilə məhkumluğunu təsdiqlədiyindən Teymur Əhmədov yardım üçün Komitəyə müraciət etdi.
9 yanvar 2018-ci il tarixli xəbərdə Komitə Qazaxıstandan tələb etdi ki, hətta Komitə Teymur Əhmədovun şikayəti ilə bağlı bir qərar çıxarmamışdan öncə onun rifahı üçün müvəqqəti tədbir görülsün. Bu tələb hökumət nümayəndələrini təşviq etdi ki, «onlar vaxt itirmədən [Teymur Əhmədovun] lazımi tibbi yardım almasını və onun həbs şəraitinin [Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta] və beynəlxalq standartlara tam uzlaşmasını təmin etsin». Bundan savayı, xəbərdə hökumət nümayəndələrindən tələb olunurdu ki, «Komitə onun şikayəti ilə bağlı qərar verənə qədər səhhəti zəif olduğu üçün [onu] həbsdən çıxarsınlar və ya ev həbsi ilə əvəz etsinlər».
BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupu kimi Komitə də bu tələbi ilə Teymur Əhmədovun rifahı üçün narahatçılığı ifadə edir. 2017-ci ilin oktyabrında İşçi Qrupu Teymur Əhmədovun şikayətini araşdırıb bildirdi ki, o, özbaşına həbsdə saxlanılır. Hökumət nümayəndələri onu azadlığa buraxmalı, eləcə də haqsız həbs cəzasına görə ona təzminat ödəməlidir. Bu günə kimi Qazaxıstan hökuməti İşçi Qrupunun bu tələbini həyata keçirməyib. Teymur Əhmədov ona kəsilən beşillik həbs cəzasının bir ilini artıq həbsdə keçirib.