Kontentə keç

18 APREL 2018
QAZAXISTAN

Teymur Əhmədov Prezidentin əfvi ilə azadlığa buraxılır

Teymur Əhmədov Prezidentin əfvi ilə azadlığa buraxılır

2 aprel 2018-ci il tarixində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev saxta ittihama görə bir ildən çox həbsdə yatan 61 yaşlı Teymur Əhmədovun əfvinə sərəncam verdi. Bu əfv sayəsində onun cinayət qeydi silindi. Teymur Əhmədov əfv olunduğu barədə aprelin 4-ü xəbər tutdu və əməliyyat olunduğu xəstəxanada nəzarət altında yatarkən azadlığa buraxıldı. İndi o, yenidən ailəsi ilə birlikdədir və xərçənglə mübarizə aparmaq üçün ehtiyac duyduğu zəruri tibbi yardımı qəbul etmək ona daha asan olacaq.

Tutulma, həbsedilmə və ədalətsiz məhkumluq

Yehovanın Şahidi olan Teymur Əhmədov sadəcə əqidəsini başqaları ilə bölüşdüyü üçün 2017-ci il yanvarın 18-i tutulmuş və həbsə atılmışdı. Həbs olunmamışdan əvvəl o, bir neçə ay ərzində Yehovanın Şahidlərinin əqidəsi ilə maraqlanırmış kimi görünən adamlarla Müqəddəs Kitab dərsi keçirmişdi. Həmin adamlar Qazaxıstanın gizli polisi, Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə əməkdaşlıq edirdi və onunla etdikləri söhbətləri gizli-gizli audio yazıya alırdı. MTN bu audio yazılara əsaslanaraq Teymur Əhmədovu həbsə saldı və onu Qazaxıstanın Cinayət Məcəlləsinin 174.2 maddəsi əsasında «dini qarşıdurmaya təhrik» və «[dini] ayrı-seçkilik təbliğatı»nda ittiham etdi.

Teymur Əhmədov tutulandan sonra polis tərəfindən dindirildi və üç ay müddətinə məhkəməyəqədərki həbsdə saxlanıldı. 2 may 2017-ci il tarixində məhkəmə ona beşillik həbs cəzası kəsdi və üstəlik, üç il müddətinə dini fəaliyyətlə məşğul olmasına qadağa qoydu.

Teymur Əhmədovun vəkilləri onun azadlığa buraxılması üçün bir sıra apellyasiya şikayətləri təqdim etdi, lakin məhkəmələr onların hamısını rədd etdi. O, Qazaxıstandakı bütün hüquqi imkanlara baş vurandan sonra yardım üçün beynəlxalq məhkəmələrə üz tutdu. O, BMT-nin özbaşına həbslər üzrə İşçi Qrupuna (ÖHİQ) və BMT İnsan Hüquqları Komitəsinə apellyasiya şikayətləri təqdim etdi.

2017-ci ilin oktyabr ayında ÖHİQ Qazaxıstan hökumətini Teymur Əhmədovu həbs etdiyinə görə qınadı və onun dərhal azadlığa buraxılmasını tələb etdi, çünki onun fəaliyyəti «dinc şəkildə və din azadlığı çərçivəsində olub». 2018-ci ilin yanvar ayında İnsan Hüquqları Komitəsi Teymur Əhmədovun təcili müraciətini qəbul etdi və Qazaxıstana göstəriş verdi ki, müvəqqəti tədbir kimi onun ehtiyac duyduğu tibbi yardımı alması üçün dərhal hərəkətə keçsin. İnsan Hüquqları Komitəsi Qazaxıstana həmçinin məsləhət gördü ki, Teymur Əhmədovun apellyasiyasına dair son qərar verilənə qədər, onun birdəfəlik azadlığa buraxılmasını müzakirə etsin.

Nəhayət azadlığa buraxıldı

Teymur Əhmədov əfv edildikdən sonra həyat yoldaşı ilə birlikdə

Həbsdə olduğu müddətdə Teymur Əhmədovun səhhəti daha da pisləşdi. İlin əvvəlində həkimlər bildirmişdi ki, o, siqmoid kolon xərçəngi xəstəliyinə tutulub və onun vəziyyəti getdikcə ağırlaşır. İnsan Hüquqları Komitəsinin müvəqqəti tədbirlərlə bağlı qərarına və beynəlxalq qurumlardan gələn başqa tələblərə əsasən, Qazaxıstan rəsmiləri Teymur Əhmədova təklif etdi ki, Prezident Nursultan Nazarbayeva əfv edilmək üçün müraciət etsin.

5 mart 2018-ci il tarixində Teymur Əhmədov əfv olunmasını və müraciətinə təcili baxılmasını xahiş etdi, çünki xərçəngin yayılmasının qarşısını almaq üçün təcili tibbi yardıma ehtiyacı var idi. Bu arada həbsxana rəsmiləri Teymur Əhmədovu Qazaxıstanın Almatı şəhərinə göndərdi və o, 2018-ci il martın 27-si orada əməliyyat olundu.

Qazaxıstan din azadlığına daha çox hörmət edəcək?

Teymur Əhmədov, həyat yoldaşı Mafiza və uşaqları sevinirlər ki, ağır sınaq sona yetdi. Onlar həmçinin Teymur Əhmədovun cinayət qeydi silindiyi üçün Prezident Nursultan Nazarbayeva minnətdardırlar. Qanunsuz məhkəmə qərarına görə hökumət onun bank hesabını müsadirə etmişdi, bu vəziyyət isə o, həbsdə olduğu müddətdə həyat yoldaşına böyük çətinlik yaratmışdı.

Bütün dünyadakı Yehovanın Şahidləri ümid edir ki, Teymur Əhmədovun əfv edilməsi sayəsində Qazaxıstandakı hökumət nümayəndələri Yehovanın Şahidlərini təqib etmədən onlara dinc şəraitdə ibadət etməyə icazə verəcək.