Kontentə keç

6 İYUN 2018
QAZAXISTAN

441 gün həbsdə. Teymur Əhmədov və həyat yoldaşı Mafiza ilə müsahibə

441 gün həbsdə. Teymur Əhmədov və həyat yoldaşı Mafiza ilə müsahibə

Qazaxıstan prezidenti Nusrultan Nazarbayevin verdiyi əfv sayəsində Teymur Əhmədov 4 aprel 2018-ci il tarixində azadlığa buraxıldı. O, ümumilikdə 441 gün həbsdə yatdı. Hökumət nümayəndələri onu sadəcə dini əqidəsini başqaları ilə bölüşdüyü üçün həbs etmişdi.

Teymur Əhmədov həbsdən buraxıldıqdan qısa müddət sonra Yehovanın Şahidlərinin Uorvikdəki (Nyu-York) baş idarəsində yerləşən İctimai əlaqələr şöbəsi (İƏŞ) onunla və həyat yoldaşı Mafiza ilə söhbət etdi. Mafiza artıq Qazaxıstanın paytaxtı Astanaya, evlərinə geri qayıdıb. Aşağıda onlardan götürülən müsahibənin mətni gətirilib. Yığcam və aydın şəkildə ifadə etmək üçün mətnə bəzi dəyişikliklər edilib.

İƏŞ: Teymur qardaş, ilk öncə sənin haqqında daha çox şey öyrənmək istəyərdik. Sən nə vaxt Yehovanın Şahidi olmusan?

Teymur Əhmədov: Mən 2005-ci il oktyabrın 9-u vəftiz olmuşam. Həqiqəti öyrənməmişdən əvvəl ateist idim. Uzun illər heç kimə və heç nəyə inanmırdım. Sonradan həyat yoldaşım Müqəddəs Kitabı öyrənməyə başlayanda mənə onun Yehovanın Şahidləri ilə apardığı müzakirələr maraqlı gəldi. Qapının arxasında durub, onların söhbətlərinə gizli-gizli qulaq asırdım.

Onların araşdırdıqları barədə öyrənəndə məndə maraq oyandı, çünki onlar yalnız xeyirxahlıq və yaxşı şeylər barədə danışırdılar. Nəhayət, Yehovanın Şahidi olan Veslav qardaşla tanış oldum. O, əslən Polşadandır, amma Qazaxıstanda yaşayırdı. İlk söhbətimizdə ona dedim: «Sənə ancaq bir sual verəcəyəm. Əgər cavabın məni qane etsə, biz dost olacağıq və söhbətlərimizə davam edəcəyik. Yox əgər cavabın məni qane etməsə, düzdür, sənə əsəbiləşməyəcəyəm, amma bundan sonra səninlə söhbət etməyəcəyəm». Sonra Veslav qardaşdan insan öləndə nəyin baş verdiyini soruşdum. O, mənə Müqəddəs Kitabdan Vaiz 9:5 ayəsini açdı və dedi: «Bu ayəni oxusan, nə baş verdiyini biləcəksən». Ayəni oxuyanda bunun həqiqət olduğunu başa düşdüm. Onunla yenidən görüşməyə və Müqəddəs Kitabı öyrənməyə qərar verdim.

Deməli, sən Müqəddəs Kitabı öyrəndin və 2005-ci ildə vəftiz olundun.

İndi isə həbs olunmamışdan əvvəl baş verən hadisələr barədə danışaq. 2016-cı ilin may ayında özünü Yehovanın Şahidlərinin dini ilə maraqlanan kimi göstərən bir qrup insanla tanış oldun. Bir neçə ay ərzində onlarla Müqəddəs Kitabı araşdırmaq üçün dəfələrlə görüşdün. Apardığınız söhbətlər barədə düşünəndə onların dediklərində və ya hərəkətlərində şübhəli nəsə yadına düşür?

TƏ: Hə, mən bildirdim ki, Müqəddəs Kitab dərsləri adətən qrup şəklində yox, fərdi şəkildə keçirilir. Onlara məsləhət gördüm ki, ayrı-ayrı dərs keçsinlər. Mən bunu hər dəfə desəm də, onlar imtina edirdilər və qrup şəklində keçirilən müzakirələri daha çox xoşladıqlarını deyirdilər. Həmçinin elə olurdu ki, onlar başqalarını da dərslərə dəvət edirdilər və məndən xahiş edirdilər ki, əvvəlki dərslərdə keçdiklərimizi təkrarlayım.

Mafiza Əhmədova: Bir dəfə mən də onların dərsində oturdum. Gördüm ki, onlar uzun müddətdir dərs keçmələrinə baxmayaraq, müxtəlif dinləri müzakirə edirlər. Həmçinin gördüm ki, onların yaşadığı mənzil onların ala biləcəklərindən çox daha bahalıdır. Onlara dedim ki, öyrənənlərlə müqayisədə çox zəngin həyat yaşayırlar. Mənim sözlərim onları açıq-aydın narahat etdi. Evdən çıxanda onlar Teymuru kənara çəkdilər. Mən çöldə gözlədiyim vaxt ona dedilər ki, bir də məni dərs keçməyə aparmasın.

Sən dərs keçdiyin bu insanların Yehovanın Şahidləri ilə maraqlanmadığını, əslində Qazaxıstanın gizli polisi, Milli Təhlükəsizlik Komitəsi (KNB) ilə işlədiyini nə vaxt öyrəndin?

TƏ: Mən yalnız məhkəmə dinləməsi zamanı onların KNB ilə əməkdaşlıq etdiklərini öyrəndim.

Həbs olunanda və daha sonra «dini qarşıdurmaya təhrik» və «[dini] ayrı-seçkilik» təbliğatında ittiham ediləndə hansı hissləri keçirdin?

TƏ: Düzünü desəm, həbs ediləndə düşündüm ki, dedikləri kimi onlar məni izahat vermək üçün polis məntəqəsinə aparacaqlar və sonra buraxacaqlar. Özümü müdafiə etməyə və onlarla müzakirə etdiklərimi izah etməyə hazır idim.

Sonradan baş verənlər mənim üçün tamam gözlənilməz idi, amma qorxmurdum. Dini nifrətə təhrik və ekstremizm ittihamını eşidəndə heyrətə düşdüm. Yehovanın Şahidləri Yehova haqda biliklərini başqaları ilə bölüşən, nifrət və ixtilafla heç bir əlaqəsi olmayan insanlardır. Mən tam əmin idim ki, günahsızam və Yehova mənə dayaq olacaq. Düzdür, mən narahat idim, amma Müqəddəs Kitabdan bir məsləhəti yadıma saldım: «Bütün qayğılarınızı Onun [Yehovanın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).

Üç aydan çox məhkəməyəqədərki həbsdə saxlanıldıqdan sonra 2 may 2017-ci il tarixində Astana şəhərindəki bir rayon məhkəməsi sənə beşillik həbs cəzası kəsdi, üstəlik, Müqəddəs Kitabın maarifləndirmə işində iştirakına üçillik qadağa qoydu. Bu qərar sənə necə təsir etdi?

TƏ: Məhkəmə bu qərarı elan edəndə bir faktı qəbul etdim ki, lazım olsa beş il həbsdə yatacağam. Mənim mövqeyim o idi ki, «əgər bu, sınaqdırsa, onda həbs müddəti Yehovanın nəzarəti altındadır və O, bu müddətin nə vaxt bitəcəyini bilir». Bu sınaq nə qədər çəkirsə-çəksin, Yehovanı gözləməyə qərarlı idim.

Qazaxıstanın Pavlodar şəhərində Teymur Əhmədov qardaşın həbsdə yatdığı cəzaçəkmə müəssisəsi

Biz eşitdik ki, həbsdə olduğun vaxtda səhhətində yaranan ciddi problemlərdən əziyyət çəkmisən. Bu düzdür?

TƏ: Hə, mən xəstə idim və həbsə düşməmişdən əvvəl müalicə alırdım. Həbs olunanda müalicəm dayandı və xəstəliyim irəliləməyə başladı.

Mafiza bacı, sən bu vaxt ərzində nə hiss edirdin?

MƏ: Mən bərk qorxmuşdum və tamam dilxor idim. Teymurun həbsindən sonra mənə hətta qərarlar vermək də çox çətin gəlirdi, çünki evli olduğumuz 38 il ərzində biz heç vaxt bir-birimizdən ayrı qalmamışdıq. Amma Teymur məni sakitləşdirib dedi: «Narahat olma! Yehova ayrı keçirəcəyimiz bu 5 ili 25 il ilə əvəz edəcək!»

Həyat yoldaşın həbsdə olduğu vaxtda sənə başqa nə kömək etdi?

MƏ: Bacı-qardaşlar mənə həqiqətən kömək etdi. Düzdür, Teymur həbsə salınanda düşündüm ki, onun həbs olunması ilə bağlı hadisələr ucbatından onlar mənə baş çəkməyə qorxacaqlar. KNB evimizi və fəaliyyətimizi izləyirdi.

Bir dəfə bir ağsaqqal həyat yoldaşı ilə məni ziyarət etdi və bu, məni çox ruhlandırdı. Onlardan soruşanda ki, «buraya gəlməyə qorxmursunuz?» Onlar cavab verdi: «Nəyə görə qorxmalıyıq? İndiki zəmanədə hökumət nümayəndələri bizi telefonlarımızdan da izləyə bilər. Ona görə də onlar istəsələr, bizi asanlıqla tapa bilərlər».

Ağsaqqallar baş çəkib məni ruhlandırdılar. Məni təşviq etdilər ki, sınağa məğlub olmayım və ruhani cəhətdən güclü qalım.

Teymur qardaş, bu sınağa tab gətirməyə və müsbət əhvali-ruhiyyəni qoruyub saxlamağa sənə nə kömək etdi?

Teymur Əhmədov qardaşı azad olunmasından bir az əvvəl Almatı şəhərində xəstəxana yatağına qandallayıblar. İlk əvvəl tibbi yardım rədd edilsə də, səhhəti ilə bağlı vəziyyəti təxirəsalınmaz hal alanda hökumət nümayəndələri onun müalicə almasına izin verdi

TƏ: Yehovaya dua etmək! Mən hər gün rəhbərlik, anlayış və güc üçün dua edirdim. Ona görə də bu çətin zamanda sevincimi, sədaqətimi və imanımı qoruya bildim. Bəlli idi ki, O, mənim dualarıma cavab verir. O, mənə dayaq olurdu və həbsdə özümü tənha hiss etmirdim.

Müqəddəs Kitabı oxumaq da mənə kömək etdi. Həbsxanaların birində Müqəddəs Kitab həmişə yanımda idi. Digərində isə Müqəddəs Kitab həbsxana kitabxanasında saxlanılırdı və mən həftədə bir dəfə oraya gedib oxuya bilirdim.

Həmçinin mənimlə Müqəddəs Kitab dərsi keçən qardaşın sözlərini xatırlayırdım. O demişdi ki, üzləşdiyimiz çətinliklərdən qorxmamalıyıq. Yadımdadır ondan soruşmuşdum: «Nəyə görə qorxmamalıyam? Bəs əgər çətinlik ağır və dözülməz olsa, onda necə?» O demişdi ki, Yehova gücümüzdən artıq sınaqla üzləşməyimizə izin verməz və istənilən sınağın öhdəsindən gəlməyə bizə güc verəcək (1 Korinflilərə 10:13). Ona görə də həbsdə olduğum müddətdə mən bu ayədəki fikri unutmurdum.

Biləndə ki, bütün dünyadakı bacı-qardaşlar sənin vəziyyətindən xəbərdardır və səndən ötrü dua edir hansı hissləri keçirmişdin?

TƏ: Şübhəsiz, bunun Yehovanın əli olduğunu başa düşdüm, çünki təşkilat Ona məxsusdur. Bu, məni əmin etdi ki, Yehova məni tərk etməyəcək və bir gün mütləq xilas edəcək.

Maraqlıdır ki, həbsə düşmək əslində ən çox qorxduğum şey idi. Həbsxanalar məni vahiməyə salırdı. Həbsxanalardakı qardaşlarımız haqda oxuyanda dua edib deyirdim ki, «Yehova, xahiş edirəm, nə olur-olsun, bircə həbsxana olmasın!» Amma eyni zamanda həbsdə yatan insanlara baş çəkmək və onlara həqiqət haqda danışmaq ən böyük arzum idi. Qardaşlara həbsxanada təbliğ etmək istəyimi bildirəndə onlar izah etdilər ki, hal-hazırda Qazaxıstandakı həbsxanaları ziyarət etməyə icazəmiz yoxdur. Belə ki, sınaqla üzləşəndə qarışıq hisslər keçirdim. Bir tərəfdən qorxurdum, digər tərəfdən də hiss edirdim ki, məhbuslara təbliğ etmək arzum gerçəkləşmək üzrədir.

Yaxşı, bəs həbsxanada olarkən kimlərəsə şahidlik etmək imkanın olub?

TƏ: Bəli. Bir dəfə mənimlə danışmaq istəyən hüquq-mühafizə orqanının işçisi məni yanına çağırdı. Ofisinə daxil olanda o dedi: «Bilirəm ki, sən Yehovanın Şahidisən. Ona görə də mənə təbliğ etməyi ağlından belə keçirmə!» Cavabında ona dedim: «Belə bir məqsədim yoxdur!» Sonra o soruşdu: «Allahın adı nədir?» Mən dedim: «Allahın adı Yehovadır». O davam etdi: «Onda İsa kimdir? O, Allah deyil?» Mən dedim: «Yox, o, Allahın oğludur». Daha sonra soruşdu: «Onda nəyə görə pravoslavlar onun Allah olduğuna inanır?» Mən dedim: «Yaxşı olar ki, bu haqda onlardan soruşasan».

Bir dəfə isə eyni vaxtda təxminən 40 və ya daha çox insana danışmaq imkanım olub. Bir psixoloq dustaqları ziyarət etmək üçün həbsxanaya gəlmişdi. O, bizim çoxarvadlılıq haqda nə düşündüyümüzü soruşanda nikah barədə müzakirə apardıq. Hər kəsin öz fikrini bölüşmək imkanı var idi.

Növbə mənə çatanda dedim ki, mənim bu barədə şəxsi fikrim yoxdur, amma bu mövzu ilə bağlı başqa bir şəxsin fikrini həqiqətən bəyənirəm. Bu fikri sizinlə bölüşmək istəyərdim. Sonra dedim: «Buna görə də kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24). Psixoloq soruşdu: «Bu, kimin fikridir?» Cavabında dedim: «Bu, bəşəriyyətin yaradanı Yehova Allahın fikridir. Və bu sözlərdə yalnız iki insandan bəhs edilir, daha artığından yox».

Sonra o soruşdu: «Bir kişinin yalnız bir arvadı olmalıdır fikrinə dair başqa bir sübutun varmı?» Mən Mətta 7:12 ayəsini sitat gətirdim, orda yazılıb: «Buna görə də insanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin». Sonra belə dedim: «Bunlar İsanın sözləridir. Zəhmət olmasa, bu zalda oturan cənablara həyat yoldaşlarını başqa biri ilə paylaşmaq istəyib istəməyəcəklərini soruşun. Əgər kişilər arvadlarının başqa ərə sahib olmasını istəmirsə, onda şübhəsiz ki, qadınlar da ərlərinin başqa arvada sahib olmasını istəmir». Psixoloq bütün cavablar içində ən çox mənim cavablarımı bəyəndiyini dilə gətirdi.

Çətin vəziyyətlərə baxmayaraq, ətrafındakı insanlara təbliğ etmək imkanının olduğunu bilmək necə də ruhlandırıcıdır!

Qazaxıstan Ali Məhkəməsinə verilən apellyasiya da daxil olmaqla, azadlığa buraxılmağın üçün verilən çoxsaylı apellyasiyalar məhkəmələr tərəfindən rədd edildikdən sonra hüquqi baxımdan bütün imkanların tükəndiyi görünürdü.

Amma əgər bir etirafı imzalasaydın, sənin azadlığa çıxmaq imkanın olacaqdı. Bizə bu imkan haqda və nəyə görə imza çəkməkdən imtina etdiyin barədə danışa bilərsən?

TƏ: Düzdür, bu imzanı çəkməyi mənə bir neçə dəfə təklif ediblər. Bu, xeyirxahlıq kimi görünsə də, amma əslində imzalamağımı istədikləri sənəddə mənə qarşı irəli sürülən ittihamları qəbul etdiyim və hərəkətlərimə görə üzr istədiyim haqda yazılmışdı. Daha sonra məndən öz etirafımı yazmağımı və əfv diləməyimi istəmişdilər. Rəsmilər mənə göstəriş verdilər ki, dini əqidəm barədə başqaları ilə danışmaqda səhv etdiyimi, bu hərəkətimə görə peşman olduğumu və səhhətimlə bağlı azadlığa buraxılmaq istədiyimi yazım.

Bütün bu təklifləri rədd etdim və onlara dedim ki, təqsirli biri kimi azadlığa buraxılmaqdansa, təmiz vicdanla həbsdə qalmağı üstün tuturam.

Biz sənin iman nümunəni və vicdanını belə təmiz saxlamağını, həqiqətən də, qiymətləndiririk.

Bütün bunlara baxmayaraq, gözlənilmədən bir şeylər baş verdi. Bizə əfv alacağın və həbsdən azad olacağın haqda necə öyrəndiyini danışa bilərsən?

TƏ: Bir gün gözətçi gəlib xəbər verdi ki, mənə telefon zəngi var. «Kim mənə zəng edər ki?» — deyə düşündüyümü xatırlayıram. Telefonun dəstəyini qaldıranda bir qadın özünü təqdim etdi və dedi ki, məni azad etmək üçün həbsxanaya gələcək. Bu telefon zənginə necə reaksiya bildirəcəyimi həqiqətən bilmirdim. Ona görə də o, dəstəyi qoyan kimi qərar verdim ki, bu haqda yalnız oğluma danışım. Çünki həyat yoldaşımı bu xəbərlə şoka salmaq və ya ona yalandan ümid vermək istəmirdim.

Dəstəyi yerə qoyandan sonra gözətçi məndən soruşdu: «Onlar telefonda sənə nə dedilər?» Mən ona dedim ki, kimsə mənimlə zarafat edir, çünki telefondakı qadın məni azad etmək üçün həbsxanaya gələcəyini dedi. Gözətçi onun zarafat etmədiyini və qadının söylədiklərinin doğru olduğunu dedi.

Rəhbərlik Şurasının üzvü Mark Sanderson Teymur Əhmədov azadlığa buraxılandan qısa müddət sonra onunla və həyat yoldaşı Mafiza Əhmədova ilə birlikdə

Mafiza bacı, bu xəbəri eşidəndə hansı hissləri keçirdin?

MƏ: Oğlum mənə bu xəbəri çatdıranda mən də bunun zarafat olduğunu düşündüm. Bu xəbəri o qədər uzun müddət gözləyirdik ki!

Teymurun həbsindən bir ildən çox vaxt keçəndən sonra bir-birinizə qovuşduğunuz anda hansı hisslər keçirdiyinizi təsəvvür belə edə bilmərik!

Geriyə baxanda siz bu iman sınağından nələr öyrəndiniz?

MƏ: Xatırlayıram, Bəhram [Həmdəmov] qardaşın və Gülzirə Həmdəmova [bacının] hadisəsi haqda eşidəndə çox ağlamışdım. [Bəhram Həmdəmov qardaş 2015-ci ilin may ayında Türkmənistanda həbs edilib. 19 may 2015-ci il tarixində «dini nifrətə təhrik» ittihamı ilə dörd illik həbs cəzasına məhkum edilib və hələ də həbsdədir.] Hətta Teymur həbs olunmamışdan əvvəl mən Gülzirə üçün bu vəziyyətin nə qədər çətin olduğu barədə düşünürdüm. İndi mən onu qucaqlamaq və sevgimi, dəstəyimi göndərmək istəyirəm. Teymurla yaşadığımız bu çətinlikdən sonra onun ağrısını duyduğumu demək istəyirəm. Bilirəm ki, mənim kimi o da Yehovanın və bacı-qardaşların dəstəyinə arxalanır.

Bizi dəstəkləyən bütün bacı-qardaşlara, yığıncağımızdakı və bütün dünyadakı yığıncaqlarda olan bacı-qardaşlara, Rəhbərlik Şurasına, vəkillərə və oğullarımıza çox minnətdaram.

Teymur Əhmədov azadlığa buraxılandan sonra əfv edilməsinə dair sənəd

TƏ: Mən yalnız bir şey deyə bilərəm. Hər kəsin üzləşməli olduğu sınaqları var. Əlbəttə, hər kəs həbsxana sınağı ilə üzləşməyəcək. Bəzilərinə görə sınaq həqiqətdə olmayan ailə üzvləri tərəfindən təqib ola bilər. Bir başqalarına görə, bəlkə də, sınaq yığıncaqda dost olmağa çətinlik çəkdiyi hər hansı bacı-qardaşla yola getmək ola bilər. Çətinliyimiz və ya sınağımız nə olursa-olsun hər birimizin bir seçimi var. Ya Allahın prinsiplərini əldə rəhbər tutacağıq, ya da onları rədd edəcəyik. Əgər prinsipləri əldə rəhbər tutsaq, onda sınaqdan üzü ağ çıxa bilərik. Edə biləcəyimiz ən yaxşı şey sınaqlarımızı qəbul etmək və Yehovanın bu sınaqlara tab gətirməyə bizə güc verəcəyini yadda saxlamaqdır.

Məni dəstəkləyən ailəmə və oğullarıma çox minnətdaram. Onlar mənə baş çəkmək üçün hər imkandan istifadə etdilər, bu da mənim güclü qalmağıma kömək etdi.

Bundan əlavə, mənim üçün etdiklərinə görə ümumdünya qardaşlığımıza təşəkkür etmək istəyirəm. Məndən ötrü etdikləri dualara və ruhlandırıcı məktublara görə çox minnətdaram. Özümü bir dəqiqə belə olsun tərk edilmiş hiss etmirdim. Başıma gələnlər ümumdünya qardaşlığımıza olan sevgimi daha da artırdı və Yehova ilə münasibətlərimi möhkəmləndirdi.