Kontentə keç

Yehovanın Şahidlərinin Qırğızıstan filialı (Bişkek)

23 DEKABR 2021
QIRĞIZISTAN

BMT-nin İnsan Hüquqları Komitəsi Qırğızıstanın Yehovanın Şahidlərinin hüquqlarını pozduğunu tanıdı

BMT-nin İnsan Hüquqları Komitəsi Qırğızıstanın Yehovanın Şahidlərinin hüquqlarını pozduğunu tanıdı

BMT-nin İnsan Hüquqları Komitəsinin (CCPR) 15 üzvü Qırğızıstandakı Yehovanın Şahidlərinin xeyrinə yekdil qərar verib. Belə ki, komitə tanıyıb ki, dövlət ölkənin üç vilayətində Yehovanın Şahidlərinin dinə etiqad etmək hüququnu pozub. Komitənin yeddisəhifəlik qərarına əsasən, indi Qırğızıstan Yehovanın Şahidlərinə «münasib kompensasiya» təqdim etməli və «gələcəkdə bu kimi pozuntu hallarının baş verməməsi üçün lazım olan bütün tədbirləri görməlidir». Artıq ikinci dəfədir ki, komitə Qırğızıstanı Yehovanın Şahidlərinin hüquqlarını pozmaqda təqsirli bilir.

Qırğızıstanda Yehovanın Şahidlərinin ilk yerli icması 1993-cü ildə, ölkə səviyyəsində isə 1998-ci ildə qeydiyyatdan keçirilib. Uzun müddət Yehovanın Şahidləri bu ölkədə maneəsiz ibadət edirdilər. Lakin on ildən çoxdur ki, Dini Məsələlər üzrə Dövlət Komitəsi (DMDK) ölkənin cənub vilayətlərində Yehovanın Şahidlərinin üç yeni yerli dini təşkilatını qeydiyyatdan keçirməkdən imtina edir. Həmin vilayətlər bunlardır: Oş, Narın və Calalabad. DMDK yerli qardaşların çoxsaylı ərizələrini rədd edib və bacı-qardaşların öz dinlərinə etiqad etmək, dini görüş və toplantılar keçirmək, ibadət yerlərinə sahib olmaq və onlardan istifadə etmək hüquqlarını məhdudlaşdırıb. Bu səbəbdən İnsan Hüquqları Komitəsi qət edib ki, Qırğızıstan üç vilayətdə Yehovanın Şahidlərini dini ayrı-seçkiliyə məruz qoyub.

Komitə bildirib ki, Qırğızıstan hakimiyyət orqanları «gələcəkdə bu kimi pozuntu hallarının baş verməməsi üçün lazım olan bütün tədbirləri» görməlidir. 180 gün ərzində Qırğızıstan qərara müvafiq görülən tədbirlər barədə komitəyə məlumat verməlidir.

Qırğızıstan rəsmilərinin komitənin qərarına əməl edib-etməyəcəyi və həmin vilayətlərdə bacı-qardaşların dini etiqad azadlığı hüququna hörmət edib-etməyəcəkləri hələ məlum deyil. Bununla belə, vəziyyəti diqqətlə izləyən «Forum 18» təşkilatının insan hüquqları üzrə mütəxəssislərinin məlumatına görə, DMDK «BMT-nin 2019-cu il tarixli oxşar qərarına məhəl qoymayıb».

Qırğızıstanın BMT-nin qərarına əməl edib-etməyəcəyindən asılı olmayaraq, biz əminik ki, Yehova bu ölkədəki bacı-qardaşlarımızın üzləşdiyi çətinlikləri görür (Zəbur 37:18). Qayğıkeş səmavi Atamız bu sadiq və cəsur bacı-qardaşları mükafatsız qoymayacaq (Zəbur 37:28).