Kontentə keç

Yuxarıda solda: təhsil nazirinin 15 mart 2023-cü il tarixli məktubu. Aşağıda: məktəbdən qovulmuş bir neçə Yehovanın Şahidi valideynləri ilə birgə

1 MAY 2023
RUANDA

Ruandada Təhsil Nazirliyi məktəblilərin din azadlığı hüququnu qoruyur

Ruandada Təhsil Nazirliyi məktəblilərin din azadlığı hüququnu qoruyur

15 mart 2023-cü il tarixində Ruandanın Təhsil Nazirliyi göstəriş verdi ki, vicdanlarına zidd gedən dini ayinlərdə iştirak etməkdən imtina etdikləri üçün bütün ölkə ərazisində məktəbdən qovulmuş Yehovanın Şahidləri yenidən məktəbə qaytarılsın. Bu vaxta qədər ən azı 80 şagird məktəbdən qovulmuşdu.

Təhsil naziri Ruandadakı rayon icra hakimiyyətlərinə və merlərə göndərdiyi məktubda bu cür davranışa son qoymağa çağırdı. Ruanda Respublikasının Konstitusiyasına istinad edərək nazir bildirmişdi: «Hər bir ruandalının təhsil almaq hüququ var. Fikir, vicdan, din, ibadət etmək və əqidəni açıq şəkildə ifadə etmək hüququna dövlət zəmanət verir». Həmçinin o yazmışdı ki, uşağın dərsə gəlməsinin qarşısını alan hər kəs «qanunu pozur və inzibati məsuliyyətə cəlb olunmalıdır». O, məktəb rəhbərlərinə xatırlatdı ki, «heç bir şagird fikir, vicdan, din və ibadətə görə məktəbdən qovula bilməz. Bu səbəbdən məktəb rəhbərlikləri bu cür qanunazidd hərəkətləri dayandırmalı və qovulmuş şagirdləri yenidən məktəbə qəbul etməlidirlər».

Məktəbdən qovulan şagirdlərdən biri Cenit Niyonkurudur. Bacı deyir: «Məktəbdən qovulandan sonra bir il dərslərdən kənar qalmışdım. Məni qəbul edən bir məktəb tapdım, amma məktəb uzaqda olduğu üçün hər gün iki saat yol getməli olurdum». Uzaqda yerləşən məktəblərə gedə bilməyən şagirdlər təhsillərini davam etdirə bilmirdilər.

Hakizimana ailəsinin üç uşağı məktəbin təşkil etdiyi dini fəaliyyətdə iştirak etməkdən imtina etdiyi üçün məktəbdən qovulmuşdu. Ailə başçısı deyir: «Biz məktəb direktoruna məktub göndərdik, amma o, məktubumuza cavab vermədi. Sonra biz onunla görüşdük. Uşaqlarımız Müqəddəs Kitabdan istifadə edərək ona etiqadlarımız haqqında danışdılar, amma bu da vəziyyəti dəyişmədi. Nazirin qərarı bizi çox sevindirdi. Qərardan sonra biz rayonumuzun hökumət nümayəndələri ilə görüşdük və uşaqlarımıza məktəbə qayıtmağa icazə verildi».

Biz Ruandadakı məktəblilərin hüquqlarını qoruyan bu qərara görə təhsil nazirinə çox minnətdarıq. Bu gənclər vicdanlarını təmiz saxlamaqla Yehovanın adına şərəf gətirdilər (1 Butrus 3:16).