Kontentə keç

2 İYUL 2015-Cİ İL
RUANDA

Ruanda məhkəməsi dini ayrı-seçkiliyə göz yummur

Ruanda məhkəməsi dini ayrı-seçkiliyə göz yummur

Ruandanın Karunqci vilayətinin məhkəməsi Yehovanın Şahidi olan səkkiz şagirdin din azadlığı hüququnu müdafiə etdi. Bu şagirdlərin vicdanları yol vermirdi ki, onlar din dərslərində iştirak etsinlər.

Ruandadakı məktəblərin əksəriyyəti dini təşkilatlarla sıx bağlıdır. Bu məktəblərin bəzilərində şagirdlərdən dini ayinləri icra etmək və kilsə vergisini ödəmək tələb olunur. 2008—2014-cü illərdə məktəb rəhbərliyi tərəfindən 160 Yehovanın Şahidi olan şagird məktəbdən kənarlaşdırılıb. Qərb vilayəti olan Karunqcidəki bu hadisə göstərir ki, Ruanda hakimiyyəti bütün ölkədə dini ayrı-seçkiliyə son qoya bilər.

Uşaqların məktəbdən qovulmasına gətirib çıxaran dini ayrı-seçkilik

2014-cü ilin mayın 12-də Karunqcidəki Musanqo məktəbinin rəhbərliyi yaşları 13—20 * olan səkkiz Yehovanın Şahidini məktəbdən qovdu. Səbəb şagirdlərin dini ayində iştirak etməkdən imtina etmələri idi. Həmin şagirdlərin valideynləri bu məsələni Ruankuba ərazisinin icra katibinin nəzərinə çatdırdılar. O da, öz növbəsində, şagirdlərin məktəbə qaytarılması ilə bağlı göstəriş verdi. Bu qərardan xoşu gəlməyən məktəb rəhbərliyi başqa üsula əl atdı — şagirdləri dövlət himni oxumamaqla hörmətsizlik göstərməkdə ittiham etdi. Məktəbə geri qaytarıldıqdan cəmi iki gün sonra, 2014-cü il 4 iyun tarixində polis əməkdaşları məktəbə gəlib həmin şagirdləri həbs etdi.

Polis onları altı gün həbsdə saxladı. Bu müddət ərzində onları hədələyib təhqir edirdilər. Yaşca böyük iki şagirdi isə o biri şagirdlərə təsir etdiklərini əsas gətirərək döydülər. Bütün bunlara baxmayaraq, səkkiz şagirdin hamısı imanlarında möhkəm qaldı.

Məhkəmə şagirdlərin lehinə qərar verir

2014-cü il iyunun 9-u şagirdlərin yeddisi azadlığa buraxıldı. Onlardan ən kiçiyini prokuror iş üzrə məsuliyyətdən azad etdi. Ancaq ən böyüyü isə əlavə doqquz gün həbsdə saxlanıldı. Hakim həmin şagirdin 2014-cü il oktyabrın 14-ü baş tutacaq məhkəməyə qədər şərti azadlığa buraxılmasına qərar verdi.

Hakim şagirdlərin hər birini sorğuya çəkdi. Sonra onlardan biri digər şagirdlərin adından danışaraq izah etdi ki, məktəbdən qovulmalarının səbəbi himni oxumamaları yox, kilsə vergisini verməkdən və dini ayinləri icra etməkdən imtina etmələridir.

Hakim prokurordan bu şagirdlərə qarşı irəli sürülən ittihamın sübut olunmasını istədi. Prokuror baş verənlərlə bağlı ən xırda məqamları bilmək üçün tutulan digər şagirdlərdən daha ətraflı izahat tələb etdi. Onlar da təsdiq etdilər ki, başqa şagirdlər himn oxuyan zaman onlar heç bir hörmətsizlik etməyiblər.

Karunqci Arbitraj Məhkəməsinin 2014-cü il noyabrın 28-də dərc olunan qərarına əsasən himn oxumaqdan imtina etmək «hörmətsizlik əlaməti kimi sayılmamalıdır». Məhkəmənin bu qərarı qanunu təsdiq etdi və uşaqlara bəraət qazandırdı. Bu qərar həmçinin Ruanda məktəblərindəki dini ayrı-seçkiliyə də son qoya bilər.

Fundamental hüquqlara hörmət göstərmək xahişi

Ruandadakı Yehovanın Şahidləri Musanqo məktəbində oxuyan şagirdlərin məhkəmə işinin müsbət nəticəsinə görə çox sevindilər. Digər məhkəmə işlərində isə imanlarına görə məktəbdən qovulan Yehovanın Şahidləri məktəblərini dəyişməli oldular. Bəziləri isə öz təhsillərini davam edə bilmirlər, çünki yeganə çıxış yolu özəl məktəblərdə oxumaqdır. Buna da ki, ailələrin imkanı çatmır.

Yehovanın Şahidi olan valideynlər də başqa valideynlər kimi öz uşaqları üçün yaxşı şeylər arzulayırlar. Onlar öz uşaqlarının həyatda təcrübə qazanmalarını və cəmiyyətin faydalı üzvü olmalarını istəyirlər. Yehovanın Şahidləri ümid edirlər ki, Karunqci məhkəməsinin verdiyi bu müsbət qərar Ruandanın bütün məktəblərində şagirdlərin vicdan və din azadlıqlarına hörmət edilməsinə kömək edəcək.

^ Ruandada həddi-buluq yaşı 21-dir (Vətəndaş kodeksi, 360-cı maddə).