18 FEVRAL 2020
RUSİYA
Çitada hüquq-mühafizə orqanlarının əməkdaşları Vadim Kutsenkoya işgəncə verib
Axşam, 10 fevral 2020-ci il tarixində Çita şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları qardaşımız Vadim Kutsenkoya işgəncə veriblər. Onu dəfələrlə döymüş, boğmuş, qarnına və ayaqlarına elektroşoker tətbiq etmişlər. Onlar qardaşdan digər Yehovanın Şahidləri barədə məlumat almaq istəyiblər.
Həmin gün sübh tezdən Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Çita şəhərində Yehovanın Şahidlərinin yaşadığı təxminən 40 evə, o cümlədən Vadim qardaşın evinə reyd keçirmişdilər. Saat 11:00-da Rusiyanın xüsusi təyinatlı polis dəstələri qayınanasının evinə soxulub onu həbs etdilər. Onun əllərini qandallayıb başına torba keçirdilər, sonra yaxınlıqdakı meşəyə aparıb işgəncə verdilər. Məruz qaldığı işgəncələrə baxmayaraq, Vadim qardaş dindaşları barədə məlumat verməkdən imtina etdi. Qardaşdan heç bir məlumat ala bilməyəcəklərini başa düşdükdən sonra onu sorğu-sual üçün idarəyə, müstəntiqin yanına apardılar.
Çitada keçirilmiş reydlər zamanı daha üç qardaş saxlanılmışdı. Bunlar Sergey Kirilyuk, Pavel Mamalimov və Vladimir Yermolayevdir. Vadim qardaşı onlarla birgə müvəqqəti saxlama təcridxanasına salmışdılar.
İki gündən sonra İnqodinski Rayon Məhkəməsi Vadim, Sergey və Pavelin 72 saat müddətində müvəqqəti saxlama təcridxanasında saxlanılmaları barədə qərar verdi. Vladimir qardaş isə məhkəmənin qərarı ilə həbsdən ev dustaqlığına keçirildi.
Fevralın 15-i Vadim Kutsenkonu və digər iki qardaşı azad etdilər, çünki müstəntiq onlara qarşı ittiham irəli sürmək üçün kifayət qədər sübut aşkar etmədi. Müstəntiq onları məhkəməsiz azadlığa buraxdı və üzərlərinə heç bir məhdudiyyət qoymadı.
Biz dua edirik ki, Vadim və Rusiyadakı digər qardaşlar bundan sonra da cəsur və möhkəm qalsınlar və əmin olsunlar ki, bu sınaqlarda onların dayağı Yehovadır (Yuşə 1:7, 9).