17 NOYABR 2020 | YENİLƏNİB: 1 FEVRAL 2023
RUSİYA
Üç Yehovanın Şahidinin şikayəti təmin edilmədi | YENİLƏNİB. Yeni hökm çıxarılıb
31 yanvar 2023-cü il tarixində Kamçatka Vilayət Məhkəməsi Konstantin Bajenov, onun həyat yoldaşı Snejana və digər bacı Vera Zolotovanı iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
15 dekabr 2022-ci il tarixində Rusiya Ali Məhkəməsinin Cinayət işləri üzrə kollegiyası Konstantin, Snejana və Vera barəsində çıxarılmış bəraət hökmünü dəyişdirdi. Onların işi apelyasiya məhkəməsinə qaytarılacaq. Yehovanın Şahidlərinə dəstəklərini göstərmək üçün ən azı altı ölkənin səfirliklərinin nümayəndələri iclasda iştirak etmişdilər.
10 iyun 2022-ci tarixində Doqquzuncu Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Konstantin, Snejana və Vera barəsində çıxarılmış qərarın dəyişdirilməsi barədə prokurorun müraciətini təmin etmədi. Prokuror Rusiya Ali Məhkəməsinə qərardan şikayət verib.
18 yanvar 2022-ci il tarixində Kamçatka Vilayət Məhkəməsi Konstantin Bajenov, onun həyat yoldaşı Snejana və digər bacı Vera Zolotovanın ikinci şikayətini təmin etdi. Onlara tam bəraət verildi. Qərar dərhal qüvvəyə mindi. İndi onların üçünün də cinayət işi üzrə onlara qarşı çıxarılmış qanunsuz hökmə görə təzminat tələb etmək hüququ var. Prokurorun həmin qərardan şikayət verib-verməyəcəyi hələ ki məlum deyil.
17 noyabr 2020-ci il tarixində Kamçatka Vilayət Məhkəməsi Konstantin Bajenov, onun həyat yoldaşı Snejana və digər bacı Vera Zolotovanın apelyasiya şikayətini rədd etdi. Onlara təyin edilmiş ikiillik şərti həbs cəzası barədə hökm qüvvəyə mindi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq. Onlar ruhdan düşmür və Yehovaya sadiq qalmağa qəti qərarlıdırlar.
İlk qərar 25 sentyabr 2020-ci il tarixində çıxarılmışdı. Həmin gün Konstantin Bajenov hakimə cəsarətlə bildirmişdi ki, məhkum olunmaqdan qorxmur. O həmçinin demişdi ki, Yəhya 15:20 ayəsində yazılan sözlərin yerinə yetdiyini öz üzərində görmək onun üçün böyük şərəfdir. Bu ayədə İsa Məsih davamçılarını təqib olunacaqlarından xəbərdar etmişdi.
Bundan əlavə, Konstantin qardaş dedi ki, Mətta 28:19, 20 ayələrində İsa şagirdlərinə təbliğ etməyi əmr etmişdi. Sonra o, məhkəməyə belə bir ciddi sualla müraciət etdi: «Məsihin əmrinin icra olunmasını ləğv etməyə, yaxud qadağan etməyə kimin ixtiyarı var?» O əlavə etdi: «Mən susa bilmərəm... Mən bundan sonra da Müqəddəs Kitabdakı xoş xəbəri danışacağam».