26 FEVRAL 2021
RUSİYA
Üç qardaşın işi üzrə qərarın elan edilməsi gözlənilir | YENİLƏNİB
18 mart 2022-ci il tarixində Volqoqrad Vilayət Məhkəməsi Sergey Melnik, Valeri Roqozin və İqor Yeqozaryanın apelyasiya şikayətini təmin etmədi. Onların üçü də həbsdə qalacaq.
23 sentyabr 2021-ci il tarixində Volqoqrad Şəhərinin Traktorozavodski Rayon Məhkəməsinin qərarı ilə İqor Yeqozaryan və Sergey Melnik altı il, Valeri Roqozin isə altı il beş ay müddətinə həbsə məhkum edilib.
Qardaşlar barədə məlumat
Sergey Melnik
Doğulduğu il: 1972 (Volqoqrad vilayəti, Volqoqrad şəhəri)
Bioqrafiya. Peşə məktəbində avtoçilingərliyi oxuyub. Hal-hazırda dam ustası işləyir. 1993-cü ildə Anna ilə evlənib. Üç oğlu var. Ailəlikcə təbiət qoynunda vaxt keçirməyi və gəzməyi sevirlər.
Müqəddəs Kitabı əvvəlcə Anna öyrənməyə başladı. Müqəddəs Kitabın həyat yoldaşına müsbət təsirini görən Sergey də ona qoşuldu. 1999-cu ildə vəftiz olundu.
Valeri Roqozin
Doğulduğu il: 1962 (Perm vilayəti, Krasnokamsk şəhəri)
Bioqrafiya. Pensiyaya çıxmazdan əvvəl on iki il ərzində hərbi pilot olub, sonra mühəndis-layihəçi işləyib. 1984-cü ildə Marina ilə evlənib. İki oğlu var.
Müqəddəs Kitabı 1990-cı illərin əvvəlində öyrənməyə başlayıb. 1998-ci ildə vəftiz olunub.
İqor Yeqozaryan
Doğulduğu il: 1965 (Volqoqrad vilayəti, Volqoqrad şəhəri)
Bioqrafiya. Peşəsi ayaqqabı ustası və elektrikdir. Uşaqlıqdan musiqini sevir. Gitara çalır. 2002-ci ildə Yevgeniya ilə evlənib. Bir oğlu var.
Allahın Padşahlığı haqda xoş xəbəri ilk dəfə anasından eşidib. Müqəddəs Kitab həqiqətinin məntiqli və sadə olması ona dərin təəssürat bağışladı. 1992-ci ildə vəftiz olundu.
Cinayət işi haqda məlumat
16 may 2019-cu il tarixində polis və Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın Volqoqrad vilayətində yeddi evə reyd keçirdi. İki gün sonra mərkəzi rayon məhkəməsi Sergey, Valeri və İqor barədə həbs qətimkan tədbiri seçdi. Onlar yeddi ay məhkəməyədək həbsdə saxlanıldılar.
Qardaşların üçü də artıq ailələrinə qovuşsa da, onlar müəyyən çətinliklərlə üzləşirlər. Məsələn, Valerinin adını Maliyyə Monitorinqi üzrə Federal Xidmətin siyahısına salıblar. Valeri deyir: «Mənim bütün bank hesablarım dondurulub. Mənə telefon və internetdən istifadə etməyi qadağan ediblər. İşim telefon və internetlə bağlı olduğu üçün, üstəlik, işimi də itirmişəm». Valeri və yoldaşı pensiyaları ilə dolanmalı olurlar. Onlar həyatlarını həddən artıq sadələşdirməli oldular.
Sergey və İqor da məhkəmənin qoyduğu məhdudiyyətlər üzündən çətinlik çəkir. Çoxsaylı məhkəmə iclasları ucbatından Sergeyin işində tez-tez fasilələr yaranır. O deyir: «Mən dam ustasıyam. Xırda işlər götürməyə məcburam ki, məhkəmə iclasları arasında olan fasilələr zamanı onları çatdıra bilim».
İqor isə xəstəliyinə görə tez-tez xəstəxanaya getməli olur. O deyir: «Mənə qarşı elə ittihamlar irəli sürülüb ki, heç kim məni işə götürmək istəmir». Səhhətindəki problemlər və çətin maddi vəziyyəti haqda o deyir: «Yehova bizə bu çətin günlərdə bizi tək qoymayan böyük ruhani ailə bəxş edib».
Bəli, məhdudiyyətlər ucbatından qardaşlar və onların ailə üzvləri ciddi maddi çətinliklər yaşayır. Biz əminik ki, sınaqlara rəğmən Rusiyadakı bütün bacı-qardaşlar Yehovaya sadiq qalacaq, çünki onlar şübhə etmir ki, Yehova onları ehtiyac duyduqları hər şeylə təmin edəcək (Mətta 6:33).