5 APREL 2021
RUSİYA
«Şimal» əməliyyatının 70-ci ildönümünə həsr olunmuş mətbuat konfransı
10 000-ə yaxın Yehovanın Şahidinin Sibirə sürgün edilməsi
1 aprel 2021-ci il tarixində Moskva şəhərində «Şimal» əməliyyatının 70-ci ildönümünə həsr olunmuş mətbuat konfransı baş tutdu. 1951-ci ildə keçirilmiş bu əməliyyat zamanı altı keçmiş sovet respublikasından 10 000-ə yaxın Yehovanın Şahidi qatarla Sibirə sürgün edilmişdi. Mətbuat konfransında, alimlər və hüquq müdafiəçiləri də daxil olmaqla, altı nəfər çıxış etdi və jurnalistlərin suallarını cavablandırdı. Onlar həm «Şimal» əməliyyatından, həm də müasir Rusiyada baş verən təqiblərdən danışdılar. Konfrans internet vasitəsilə canlı yayımlanırdı.
Yehovanın Şahidlərinin Avropa Assosiasiyasının nümayəndəsi Yaroslav Sivulski amansız deportasiyanın təfsilatlarından bəhs etdi, həmçinin qeyd etdi ki, bu bəla onun da ailəsindən yan keçməmişdi. O dedi: «Arxivlərdəki sənədləri araşdırdıqdan sonra məlum oldu ki, Yehovanın Şahidləri və onların ailə üzvləri də daxil olmaqla, ümumilikdə 9793 nəfər sürgün edilmişdi. Bu saya həm vəfat edənlər, həm də yolda doğulanlar daxildir».
Rusiyalı dinşünas Sergey İvanenko Yehovanın Şahidlərinə qarşı yönəldilmiş sovet təbliğatının «Şimal» əməliyyatındakı rolundan danışdı. O həmçinin təbliğatın müasir Rusiyada da təqiblərdə böyük rol oynadığını izah etdi. Təfsilatlı icmaldan sonra dinşünas Yehovanın Şahidlərinin mətin olduqlarını qeyd etdi: «Rusiya Federasiyasında 2017-ci ildən başlanan Yehovanın Şahidlərinin fəaliyyətinin zorla qarşısının alınmasına yönəldilən siyasət boşa çıxacaq. Buna “Şimal” əməliyyatından çıxarılan dərslər, hazırkı vəziyyətin təhlili, o cümlədən Yehovanın Şahidlərinin mətin və etiqadlarına bağlı qaldıqları dəlalət edir. Yehovanın Şahidlərinin fəaliyyətinə qoyulmuş qadağanın götürülməsi Rusiyanın dövlət maraqları baxımından məqsədəuyğundur».
Qazaxıstanlı dinşünas və «Yehovanın Şahidləri Qazaxıstanda: sosial-tarixi və dini təhlil» kitabının (2020-ci ildə yenidən baxılıb) müəllifi Artur Artemyev qeyd etdi ki, sovet hakimiyyətinin ən sərt tədbirləri belə Yehovanın Şahidlərini məhv etmədi və onların əzmini azaltmadı. Əksinə, sovet hakimiyyəti illərində Qazaxıstanda Yehovanın Şahidlərinin sayı artmışdı. Eyni fikri Moskva Helsinki Qrupundan olan hüquq müdafiəçisi Valeri Borşyov da ifadə etdi: «Təqiblər Yehovanın Şahidlərini daha möhkəm edir. Dövlət bunu başa düşməlidir».
İnsan Hüquqları üzrə Müvəkkilin yanında Mütəxəssislər Şurasının üzvü Valentin Qefter çıxışında «Rusiyada vicdan məhbusları necə peyda olur?» mövzusunu açıqladı. Rusiyanın həbsxanalarında saxlanılan Yehovanın Şahidləri siyasi məhbuslar deyil, onlar əslində vicdan məhbuslarıdır. O dedi: «Yehovanın Şahidləri dövlətə qarşı deyillər». Daha sonra o izah etdi ki, Yehovanın Şahidləri etiqadlarına görə siyasətdə bitərəf mövqe saxlayırlar. Hakimiyyət orqanları məhz buna görə onları haqsız olaraq azadlıqdan məhrum edir.
Sonda Rusiya Federasiyasının Prezidenti yanında İnsan Hüquqları üzrə Şuranın üzvü, «SOVA» Məlumat-Təhlil Mərkəzinin rəhbəri Aleksandr Verxovski çıxış etdi. «SOVA» mərkəzi ekstremizm haqda qanunun qeyri-qanuni tətbiqi hallarının hamısını izləyir və hesaba alır. O, Rusiyada təqiblərin təhlilini təqdim etdi. O dedi: «Yehovanın Şahidlərinə qarşı yönəldilmiş kampaniya dayandırılacaq? Bu çox vacib sualdır və onun cavabını bilmirik». Aleksandr Verxovski əmindir ki, Rusiya hökuməti gec-tez təqiblərə son qoyacaq. O, ekstremizm haqqında qanuna Yehovanın Şahidləri kimi dinc dindarların hüquqlarını pozmadan dövləti əsl ekstremist fəaliyyətdən müdafiə edəcək bir neçə düzəliş də təklif etdi.
Jurnalistlərin çıxış edənlərə suallar vermək imkanı var idi.
Həmin gün Moldova Elmlər Akademiyasının Tarix İnstititunun dəstəyi ilə Moldovanın paytaxtı Kişinyovda elmi konfrans keçirildi. Konfransda Aleku Russo adına Beltsı Dövlət Universiteti, eləcə də Boqdan Petriçeyku Xaşdeu adına Kaqul Dövlət Universiteti də iştirak etmişdi. Aprelin 9-u daha bir konfransın keçirilməsi planlaşdırılır.