Kontentə keç

Soldan sağa: Viktor Baçurin, Aleksandr Kostrov və Artur Netreba

27 APREL 2021
RUSİYA

331 gün təcridxanada olan üç qardaş məhkəmənin qərarını gözləyir

331 gün təcridxanada olan üç qardaş məhkəmənin qərarını gözləyir

YENİLƏNİB | Üç qardaşa oxunan hökm qüvvədə qaldı

20 yanvar 2022-ci il tarixində Lipetsk Vilayət Məhkəməsi Viktor Baçurin, Aleksandr Kostrov və Artur Netrebanın apelyasiya şikayətini təmin etmədi. Onların cərimə olunması barədə qərar qüvvəyə mindi.

24 noyabr 2021-ci il tarixində Lipetsk Şəhərinin Sovetski Rayon Məhkəməsi Viktor Baçurin, Aleksandr Kostrov və Artur Netrebanın işi üzrə hökmünü elan etdi. Onların hər biri 500 000 rubl (6700 ABŞ dolları) məbləğində cərimə edildi. Lakin məhkəməyədək həbsdə keçirdikləri vaxt nəzərə alındığı üçün bu məbləğ 300 000 rubla (4000 ABŞ dolları) endirildi. Onlar həbsə salınmayacaq.

Qardaşlar barədə məlumat

Viktor Baçurin

  • Doğulduğu il: 1962 (Moskva vilayəti, Pavlovski Posad şəhəri)

  • Bioqrafiya. Evlidir. İki övladı və bir qız nəvəsi var. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə 1990-cı illərin əvvəlində öyrənməyə başladı. 1992-ci ildə vəftiz olundu. Hal-hazırda ailədə yeganə Yehovanın Şahididir.

Aleksandr Kostrov

  • Doğulduğu il: 1961 (Kareliya Respublikası, Sortavala şəhəri)

  • Bioqrafiya. Pilot, eləcə də qaz və elektrik qaynaqçısı və elektrik işləyib. 1997-ci ildə Larisa ilə evlənib. İki uşağı var. İndi pensiyadadır. Balıq tutmağı sevir. Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağın faydasını gördü. 2002-ci ildə vəftiz olundu.

Artur Netreba

  • Doğulduğu il: 1978 (Moldova, Qlodyanı şəhəri)

  • Bioqrafiya. 1995-ci ildə Svetlana ilə evlənib. Bir qızı var. İş tapmaq üçün ailəlikcə Lipetskə köçmüşdülər. Satış meneceri işləyir. Müqəddəs Kitab prinsiplərinin həyata məna qatdığına əmin oldu. 2000-ci ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

2 dekabr 2019-cu il tarixində hakimiyyət orqanları Lipetsk vilayətində Yehovanın Şahidlərinin yaşadığı yeddi evə reyd keçirdilər. Nəticədə, Viktor Baçurin, Aleksandr Kostrov və Artur Netreba tutuldular. Federal Təhlükəsizlik Xidməti (FTX) onları yığıncaqlarda iştirak etdiklərinə və Yehovaya ibadət etdiklərinə görə «Konstitusiya quruluşuna qarşı ağır cinayətlərdə» ittiham etdi. Onları istintaq təcridxanasına saldılar və 331 gün orada saxladılar.

Aleksandrın sözlərinə görə, təcridxanada Yehova ilə münasibətləri daha möhkəm oldu: «Bu kimi sınaqlar zamanı dərk edirsən ki, sənə yalnız Yehova kömək edə bilər, başqa heç kəs».

Artur deyir: «Sevincimi və nikbinliyimi qorumağa qəti qərarlıyam. Özümə tez-tez xatırladıram ki, bütün bunlar müvəqqətidir və Atam yaralarımı sağaldacaq. Harada olmağımdan asılı olmayaraq, hər yerdə müqəddəs Allahımız Yehova haqqında danışa bilərəm».

Viktor bölüşür: «Bu yeni vəziyyətdə Yehovanı əsl dost kimi daha yaxından tanıdım. Onun mənə arxa olduğunu daima hiss edirdim».

Viktor həmçinin təcridxanada olduğu müddət ərzində imanına şərik olmayan həyat yoldaşına dayaq olduqlarına görə bacı-qardaşlara ürəkdən minnətdardır. Qardaş deyir: «Düzü, yoldaşım ona diqqət göstərən bəzi bacılara heyrandır. Əminəm ki, imanıma şərik olmayan qohumlarım Yehovanın Şahidlərinin yığıncağında hökm sürən məhəbbət barədə gözəl şahidlik aldılar».

Şübhə yoxdur ki, Yehova Rusiyada və digər ölkələrdə təqiblərlə üzləşən dindaşlarımıza təsəlli verməyə davam edəcək (Əşiya 51:12).