26 MART 2021
RUSİYA
78 yaşlı Vasili Rezniçenko dinc ibadətinə görə «ekstremizmdə» ittiham edilir
YENİLƏNİB | Vasili Rezniçenkonun apelyasiya şikayəti təmin edilmədi
30 iyul 2021-ci il tarixində Amur Vilayət Məhkəməsi Vasili Rezniçenkonun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin onun barəsində çıxardığı iki il müddətli şərti həbs cəzası qüvvəyə mindi. Cəza şərti olduğu üçün bu dəfə qardaş həbsə salınmayacaq.
2 iyun 2021-ci il tarixində Amur vilayətinin Zeya Rayon Məhkəməsi Vasili Rezniçenkonu iki il müddətinə şərti həbs cəzasına məhkum etdi.
Qardaş barədə məlumat
Vasili Rezniçenko
Doğuldu il: 1942 (Primorsk vilayəti, Murovka kəndi)
Bioqrafiya. Ailədə beş uşaqdan ən kiçiyi idi. Traktorçu-maşinist, sonra isə şturman və mexanik ixtisasına yiyələnib. Hərbi xidmət keçib. Hərbi xidməti bitirdikdən sonra şturman, daha sonra isə kapitan olub. «Sovet İttifaqının əmək veteranı» adı ilə təltif olunub.
1969-cu ildə Valentina ilə evləndi. Üç oğlu var. 1990-cı illərin əvvəlində həyat yoldaşından Müqəddəs Kitab həqiqətləri barədə öyrəndi. Allahın yer kürəsi üçün niyyətini öyrənəndə Müqəddəs Kitabı canla-başla araşdırmağa başladı. 1996-cı ildə Yehovanın Şahidi kimi vəftiz olundu. 2016-cı ildə yoldaşı vəfat etdi.
Cinayət işi haqda məlumat
21 mart 2019-cu il tarixində Zeya şəhərində yaşayan Vasili qardaşın evində axtarış aparıldı. Onun notbuku, mobil telefonu və şəxsi sənədləri müsadirə edildi. O vaxtdan etibarən Vasilinin adı Rusiyanın federal «ekstremistlər» siyahısındadır. Qardaşın bank hesabları dondurulub. Üstəlik, ona yaşadığı ərazini tərk etməyə icazə verilmir.
Vasili Yehovanın köməyinə arxalanır. O, digər nərşlərimizlə yanaşı, hər gün Müqəddəs Kitabı və gündəlik ayəni oxuyur. Bunun sayəsində o özünü ruhən möhkəm saxlayır. Qardaş dindaşlarının məhəbbət və qayğısına görə də çox minnətdardır.
Vasili qardaş deyir: «Axtarışın və sorğu-sualın səhərisi günü yerli yığıncaqdan bacı-qardaşlar mənə baş çəkdilər. Onlardan da bəzilərinin evində axtarış keçirilmişdi. İki gündən sonra isə qonşu şəhərlərdən bir neçə bacı-qardaş mənə baş çəkdi. Mən başa düşürəm ki, onlar mənə görə öz azadlıqlarını təhlükəyə atdılar. Onlar öz gəlişi ilə məni çox ruhlandırdılar. Həmin günü xatırlayanda gözlərim hələ də yaşarır». Qardaş əlavə edir: «Bu hadisələrdən sonra Yehova ilə münasibətlərim möhkəmləndi. O mənə daha yaxın oldu».
Vasili qardaş İbranilərə 13:5 ayəsində yazılan sözlərdən təsəlli tapır. O deyir: «Mən bundan sonra da Yehovanın “səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm” vədinə etibar etməyə qəti qərarlıyam». Biz əminik ki, Yehova imanlarına görə təqib olunanlara həmişə dayaq olacaq.