7 MART 2022
RUSİYA
AİHM Rusiyanın Yehovanın Şahidlərinin əsas hüquq və azadlıqlarını pozduğunu tanıyıb
22 fevral 2022-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 15 Yehovanın Şahidinin xeyrinə iki qərar çıxarıb. Hər iki qərar 2010—2012-ci illərdə bacı-qardaşlarımızın evlərində güc strukturlarının apardığı axtarışlar zamanı onlarla pis rəftar halları ilə bağlıdır. Məhkəmə qət etdi ki, Rusiya bacı-qardaşlarımızın din və azadlıq kimi əsas hüquqlarını pozub. Qərarlara əsasən, Rusiya təxminən 100 000 avro (112 323 ABŞ dolları) təzminat ödəməlidir. Qərarlar qətidir və onlardan şikayət verilə bilməz.
Qərarlar Rusiyaya qarşı verilən altı şikayətlə əlaqədar çıxarılıb a. Bu şikayətlərdə növbəti hadisələrin qanuniliyi mübahisələndirilirdi: Rusiya hakimiyyət orqanlarının bir neçə xüsusi yaşayış evində və ibadət evində apardığı axtarış; təbliğ etdiklərinə görə saxlanılan iki bacımızın alt paltarlarına qədər soyundurularaq üstlərinin axtarılması; şəxsi əşyaların müsadirəsi. Bəzi hallarda axtarışları ağır silahlanmış maskalı FTX əməkdaşları aparmışdı və onlar bacı-qardaşlara qarşı zor tətbiq etmişdilər.
Bizim vəkillərlə əməkdaşlıq edən insan hüquqları üzrə beynəlxalq hüquqşünas Andre Karbano bu qərarların əhəmiyyəti barədə deyir: «Bu qərarlar olduqca böyük presedent yaratdı. Belə ki, bu andan etibarən, 2017-ci ildə Yehovanın Şahidlərinin fəaliyyəti Rusiyada qadağan olunandan bəri aparılmış 1700 axtarış da daxil olmaqla, bütün axtarışları ədalətsiz və qanunsuz adlandırmaq olar. Bundan sonra kiminsə sadəcə Yehovanın Şahidi olduğuna görə evində aparılacaq istənilən axtarış qeyri-qanuni hesab ediləcək və Avropa Konvensiyasının pozuntusu kimi qiymətləndiriləcək». O əlavə edir: «Qeyd etmək lazımdır ki, Avropa Məhkəməsi Rusiya hakimiyyət orqanlarını Yehovanın Şahidlərinin ev-ev təbliğinə mane olduğuna görə mühakimə edib. Bu onu göstərir ki, AİHM Yehovanın Şahidlərinin ev-ev təbliğini dövlətin ona məhdudiyyət qoymaq hüququ olmayan dini fəaliyyət hesab edir».
Bu iki qərar təşkilatımızın Rusiyada qadağası ilə birbaşa bağlı olmasa da, onlar həmin qadağa ilə bağlı çıxarılacaq gələcək qərarlar üçün əsas olacaq. Hal-hazırda AİHM-da Rusiyadakı Yehovanın Şahidləri ilə əlaqəli 60-dan çox başqa şikayətlər var. Ümid edirik ki, qalan işlər üzrə AİHM-nın verəcəyi qərarlar da bizim xeyrimizə olacaq.
İnsan hüquqları üzrə mütəxəssislərin Rusiyadakı bacı-qardaşlarımızın təqsirsiz olduqlarını rəsmən tanımaları hamımızı çox sevindirir. Bu qərarlar sübut edir ki, Yehova Onun adını sədaqətlə müdafiə etmək və hökmranlığını dəstəkləmək üçün gördüyümüz hər işi avand edir (Zəbur 26:11).
a Altı iş bunlardır: «Çavıçalova Rusiyaya qarşı»; «Çeprunovlar və başqaları Rusiyaya qarşı»; «Novakovskaya Rusiyaya qarşı»; «Oqorodnikov və başqaları Rusiyaya qarşı»; «Pekşuyev və başqaları Rusiyaya qarşı»; və «Jarinova Rusiyaya qarşı».