Kontentə keç

Soldan sağa: Aleksandr və Anatoli həyat yoldaşları ilə

1 SENTYABR 2021
RUSİYA

AİHM-nın müdaxiləsindən sonra Rusiyada ağır xəstə olan iki qardaş təcridxanadan buraxıldı

AİHM-nın müdaxiləsindən sonra Rusiyada ağır xəstə olan iki qardaş təcridxanadan buraxıldı

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müdaxiləsindən sonra Rusiya hakimiyyət orqanları 28 avqust 2021-ci il tarixində Aleksandr Lubini və Anatoli İsakovu istintaq təcridxanasından azad etdi. Əlil olan bu qardaşlar bir ay yarım Kurqan vilayətinin istintaq təcridxanasında saxlanılmışdı. Onlar hələ də barələrində açılmış cinayət işlərinin nəticəsi olaraq məhkəmənin qərarı ilə həbs oluna bilər.

2021-ci ilin 13 və 14 iyul tarixlərində Kurqan vilayətinin güc strukturları Yehovanın Şahidlərinin yaşadığı evlərdə kütləvi axtarışlar keçirdi. 56 yaşlı Anatoli və 65 yaşlı Aleksandr təcridxanaya salınmış Yehovanın Şahidlərinin arasında idilər.

Aleksandr ciddi damar xəstəliyindən, yüksək qan təzyiqindən və müxtəlif orqanları zədələyən autoimmun xəstəlikdən əziyyət çəkir. Dərman qəbul etməklə yanaşı, o, hər gün 16 saat ərzində nəmləndirilmiş oksigenlə nəfəs almalıdır. Təcridxanada isə o, bütün bunlardan məhrum edilmişdi. Aleksandr gəzməkdə çətinlik çəkir və yıxılanda köməksiz ayağa qalxa bilmir. Onun həyat yoldaşı Tatyana da əlildir və dörd insult keçirib.

Anatoliyə isə qan xərçəngi diaqnozu qoyulub. Bundan əlavə, onun onurğa sütununda və qabırğalarında çoxsaylı kompression sınıqlar var və ona əlil arabası lazımdır. Həbsi onun kimyəvi terapiyasını yarımçıq saxlamışdı. Həmçinin onu ağrıkəsici dərmanlarından da məhrum etmişdilər. Əfsuslar olsun ki, təcridxanada o, COVID-19 xəstəliyinə də tutulmuşdu.

Həftələrlə vəkillər məhkəmələrə müraciət edərək onların istintaq təcridxanasından buraxılması üçün vəsatətlər verirdilər. Bu vəsatətlər təmin olunmurdu. Hakimlər qərarlarını Kurqan Vilayət Klinik Xəstəxanasının həkimlərinin arayışlarına əsaslandırırdılar. Həmin arayışlarda deyilirdi ki, qardaşların heç birində onların istintaq təcridxanasında saxlanılmasına mane olan xəstəliklər yoxdur.

Soldan sağa: Aleksandr və Anatoli təcridxanadan çıxırlar

8 avqust 2021-ci il tarixində vəkillər ərizə ilə AİHM-ya müraciət etdilər. AİHM Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət göndərdi. 24 avqust 2021-ci il tarixində qardaşların ikisi də təkrar müayinə üçün yenidən Kurqan Vilayət Klinik Xəstəxanasına göndərildi. Bu dəfə həkimlər qardaşlarda onların təcridxanada saxlanılmasına mane olan xəstəliklərin olduğu nəticəsinə gəldilər.

Təqiblərə və xəstəliklərinə rəğmən Yehovaya sadiq qalan bu qardaşlar üçün dua edirik. Əminik ki, Yehova bundan sonra da onların rifahı üçün Öz gücünü göstərəcək (2 Salnamələr 16:9).