10 İYUN 2020
RUSİYA
AİHM-nın tarixi qərarından on il sonra Rusiya beynəlxalq qanunları pozmağa davam edir
On il bundan əvvəl, 10 iyun 2010-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyaya qarşı tarixi qərar çıxardı. Qərarda bildirilirdi ki, Rusiya hökuməti uzun müddət qardaşlarımıza öz dinlərinə etiqad etməyə mane olmaqla onların əsas insan hüquqlarını pozmuşdu. Məhkəmə Rusiya hökumətinin üzərinə zərərçəkənlərə böyük məbləğdə təzminat ödəmək, eləcə də 2004-cü ildə fəaliyyəti qadağan edilmiş Moskva Şəhəri Yehovanın Şahidləri Dini İcmasının qeydiyyatını bərpa etmək öhdəliyini qoymuşdu.
AİHM-nın qərarı elan edildikdən sonra o vaxt Moskva Şəhəri Yehovanın Şahidləri Dini İcmasının sədri olan İvan Çaykovski demişdi: «Bugünkü qərar sağlam düşüncənin dini dözümsüzlük üzərində qələbəsidir. Ümid edirəm ki, hakimiyyət orqanları qısa müddətdə hüquqlarımızı bərpa edəcək və Yehovanın Şahidlərinin hüquqlarının məhdudlaşdırılması üzrə özlərinin başladıqları kütləvi kampaniyaya son qoyacaq».
Lakin ümidlər tezliklə puça çıxdı. Belə ki, Rusiya hökuməti AİHM-nın qərarına xor baxmaqla yanaşı, bütün ölkə ərazisində qardaşlarımıza qarşı təqib kampaniyasını daha da gücləndirdi. 2017-ci ildə Rusiya Federasiyasının Ali Məhkəməsi dinc fəaliyyətimizi qadağan edəndən sonra təqib kampaniyası xeyli şiddətləndi. Bunun ardınca çoxsaylı həbslər, məhkəmə iclasları başladı və həbs barədə çoxlu hökmlər çıxarıldı.
AİHM-nın bu qərarı verməsindən on il keçsə də, onun böyük qismi Rusiya üçün hələ də aktualdır. 2010-cu ildə AİHM bir çox əsassız ittihamları qəti şəkildə təkzib etmişdi, bununla belə, Rusiya hökuməti dindaşlarımıza qarşı yenə də həmin ittihamları irəli sürür.
AİHM belə nəticəyə gəlmişdi ki, Ədliyyə Nazirliyinin Moskva Şəhər Baş İdarəsinin və Moskva məhkəmələrinin Yehovanın Şahidlərini təkrar qeydiyyata almaqdan imtina etmək üçün gətirdikləri «əsaslar qanunsuz» idi. AİHM Moskva hökumət orqanlarını mühakimə edərək onların «vicdanla [davranmadığını], bitərəf və qərəzsiz olmaq vəzifələrindən kənara [çıxdığını]» bildirmişdi. Bundan əlavə, AİHM Moskva hökumət orqanlarını Rusiyanın tərəf çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasını pozmaqda təqsirli bilmişdi.
2010-cu ildə olduğu kimi, 2020-ci ildə də Rusiyanın Yehovanın Şahidlərini sistematik olaraq təqib etməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. «Human Rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktorunun müavini Reyçel Denber deyib: «Rusiyadakı Yehovanın Şahidləri üçün dinlərinə etiqad etmək azadlıqdan məhrum olmaqla nəticələnə bilər». 9 yanvar 2020-ci il tarixli bəyanatında o əlavə etmişdi: «Buna heç cür bəraət qazandırmaq mümkün deyil».
Rusiyada bu cür ədalətsizliklə üzləşən bacı-qardaşlarımıza görə dua edirik. Biz əminik ki, Yehova bundan sonra da onlara güc verəcək ki, onlar «hər şeyə sevinclə və səbirlə tab [gətirsinlər]» (Koloslulara 1:11).