Kontentə keç

18 MAY 2020
RUSİYA

ABŞ konqresmenləri Rusiya hökumətini Dennis Kristenseni azadlığa buraxmağa səsləyən qətnamə qəbul etməyi təklif edib

ABŞ konqresmenləri Rusiya hökumətini Dennis Kristenseni azadlığa buraxmağa səsləyən qətnamə qəbul etməyi təklif edib

Nümayəndələr palatasının (ABŞ Konqresinin bir hissəsi) iki üzvü 958 saylı qətnaməni qəbul etməyi təklif edib. Qətnamə Dennis Kristenseni haqsız həbs edən Rusiya hökumətini mühakimə edir. Bu qətnamə dini əqidələrinə görə bacı-qardaşlarımızı təqib etdiyi üçün Rusiya hökumətinin mühakimə edildiyi son rəsmi sənəddir.

Dennis Kristensen Yehovanın Şahidlərinin dini yığıncaqlarında iştirak etdiyinə görə 2017-ci ilin may ayından həbsdədir. 8 may 2020-ci il tarixində konqresmenlər Eliot Engel və Maykl Makkoul tərəfindən təqdim olunmuş qətnamə Rusiya hökumətini Dennis Kristenseni dərhal azad etməyə səsləyir.

Qətnamədə deyilir: «Yehovanın Şahidi və Danimarka vətəndaşı olan Dennis Kristensen 6 fevral 2019-cu il tarixində altı il müddətinə həbsə məhkum edilib. ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası ona çıxarılmış ittiham hökmünü tənqid edib. Komissiyanın təbirincə, hökm ona dəlalət edir ki, Rusiya hökuməti din azadlığı hüququnun kobud şəkildə pozulmasında iştirak edir və ona dözür».

25 may 2020-ci il tarixində artıq üç il olacaq ki, Dennis Kristensen həbsdədir. O, Rusiyada həbsdə olan 32 dindaşımızdan biridir: 9 nəfər həbsə məhkum edilib, 23 nəfər isə məhkəməyədək həbsdə saxlanılır. Üstəlik, 18 dindaşımız ev dustaqlığındadır. 2017-ci ildən bəri Rusiya hüquq-mühafizə orqanları Yehovanın Şahidlərinin yaşadığı təxminən 900 evə reyd keçirib. Hal-hazırda 331 nəfər barədə istintaq gedir.

ABŞ və Avropa ölkələrinin dövlət məmurları Rusiya hökumətini Yehovanın Şahidlərini dini zəmində təqib etdiyi üçün sərt şəkildə tənqid edib.

958 saylı qətnamənin qəbul edilib-edilməyəcəyini, edildiyi təqdirdə isə bunun vəziyyətə təsir edib-etməyəcəyini biz bilmirik. Lakin bir şeyə biz əminik ki, Yehova Rusiyadakı bacı-qardaşlarımıza bütün sınaqlara sevinclə tab gətirməyə kömək edəcək. Tezliklə Yehova «qanun adı ilə pislik törədən»lərin hamısını məhv edəcək. Biz bu vaxtın həsrətindəyik (Zəbur 94:20—23).