Kontentə keç

Hofburq sarayı (Vyana şəhəri). Burada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurası yerləşir

11 AVQUST 2020
RUSİYA

ABŞ və Avropa Rusiyanı Yehovanın Şahidlərini sistematik təqib etdiyinə görə mühakimə edib

ABŞ və Avropa Rusiyanı Yehovanın Şahidlərini sistematik təqib etdiyinə görə mühakimə edib

23 iyul 2020-ci il tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının a təşkilatçılığı ilə görüş keçirilib. Bu beynəlxalq tribunadan ABŞ və 30-a yaxın Avropa ölkəsi Rusiyanı bacı-qardaşlarımızı sistematik olaraq təqib etdiyinə və onlara işgəncə verdiyinə görə mühakimə edib.

Görüşdə iştirak edən rəsmilərə müraciət edərək ABŞ-ın ATƏT-dəki missiyasının siyasi məsələlər üzrə məsləhətçisinin müavini xanım Leyn Darnel Bal deyib: «ABŞ və burada toplaşanların çoxu ədalətsiz polis reydləri, özbaşına həbs və saxlamalar, altı ilədək ittiham hökmlərinə və Rusiya güc strukturlarının Yehovanın Şahidlərinə işgəncələr verdiyinə dair öz fikrini artıq deyib və deməyə davam edəcək».

Voronej vilayətində Rusiyanın güc strukturlarının Yehovanın Şahidlərinin yaşadığı 100-dən çox evə reyd keçirdikləri barədə daxil olan məlumatlar tədbir iştirakçılarında xüsusi narahatçılıq doğurub. Xanım Bal deyib: «Azlıq təşkil edən bu dinc dini qrupun üzvlərinə qarşı repressiyanın miqyası həqiqətən də dəhşətlidir».

Britaniyanın ATƏT-dəki nümayəndə heyətinin başçısının müavini xanım Nikola Mürrey də öz narahatçılığını bildirərək deyib: «Axtarış aparılan evlərin sayının artması, eləcə də bu genişmiqyaslı reydlərin eyni vaxtda keçirilməsi Yehovanın Şahidlərinə qarşı əvvəlcədən təşkil olunmuş təqib kampaniyası təəssüratı yaradır... İstintaqa cəlb olunanlara qarşı istifadə olunan dırnaqarası sübut icmanın adi dini fəaliyyətinin müxtəlif aspektləridir».

Bundan əlavə, xanım Bal saxlanılan Yehovanın Şahidlərini «konspirasiya üsullarından» istifadə etməkdə ittiham edən Voronej hakimiyyət nümayəndələrinin saxta iddialarını ifşa edib. Konspirasiya üsulları dedikdə hesabat və sənədlərin elektron formatda saxlanılması, qrupların təşkil edilməsi və görüşlərin videokonfrans vasitəsilə keçirilməsi nəzərdə tutulur. Xanım Bal Rusiya hakimiyyət orqanlarının ittihamlarını «cəfəngiyyat və biabırçılıq» adlandırıb. O deyib: «Mən bu cür “konspirasiya üsullarından” hər gün istifadə edirəm». O həmçinin qeyd edib ki, ATƏT-in görüşündə videokonfrans vasitəsilə iştirak edən Rusiya nümayəndə heyəti də «bu cür fəaliyyətlə məşğul olmaqda təqsirlidir».

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkənin və digər səkkiz ölkənin birgə bəyanatında deyilir: «Daimi Şuranın iclaslarında Rusiya nümayəndə heyəti dəfələrlə deyib ki, Yehovanın Şahidləri sərbəst şəkildə öz dinlərinə etiqad edir və edəcəklər və Rusiya Federasiyası din və etiqad azadlığına zəmanət verir. Bununla belə, biz hələ də Yehovanın Şahidlərinin evlərinə keçirilən reydlər, onların saxlanılması, barələrində cinayət işlərinin açılması haqda çoxsaylı məlumatlar alırıq. Bu, Rusiya nümayəndə heyətinin dedikləri ilə qətiyyən üst-üstə düşmür».

Aİ-nin nümayəndə heyəti həmçinin deyib: «Bütün insanlar, o cümlədən Yehovanın Şahidləri insan hüquqlarından dinc şəkildə istifadə etməlidir. Buna Rusiya Federasiyasının Konstitusiyasında və Rusiyanın beynəlxalq qanunlar çərçivəsində ATƏT qarşısında götürdüyü öhdəliklərdə zəmanət verildiyi kimi, ayrı-seçkilik olmadan təmin edilməli olan din və etiqad azadlığı, yığıncaqlar və birləşmək azadlığı, fikri ifadə etmək azadlığı hüququ daxildir».

Xanım Mürrey Birləşmiş Krallığın bəyanatına yekun vuraraq Rusiyanı Yehovanın Şahidlərini təqib etməsinə son qoymağa çağırıb.

Xanım Bal isə Rusiyanı növbəti tədbirləri görməyə çağırıb: 1) Yehovanın Şahidlərinə qarşı açılmış cinayət işlərini bağlasın; 2) Yehovanın Şahidlərinin Rusiyadakı inzibati mərkəzinin müsadirə olunmuş əmlakını qaytarsın; 3) həbsdə olan bütün Yehovanın Şahidlərini dərhal azad etsin.

Artıq neçənci dəfədir ki, beynəlxalq təşkilat Rusiyanı qardaşlarımızı təqib etdiyinə görə mühakimə edir. Rusiyaya xəbərdarlıq edilib: beynəlxalq ictimaiyyət bilir ki, Rusiya bacı-qardaşlarımızı amansız təqib edir. Ən əsası biz əminik ki, Yehova Rusiyadakı bacı-qardaşlarımızın nələrdən keçdiyindən agahdır (Zəbur 37:18). Bizim qayğıkeş səmavi Atamız bundan sonra da onları sədaqət, cəsarət və dözümlərinə görə xeyir-dualandıracaq (Zəbur 37:5, 28, 34).

a ATƏT-in vəzifələrindən biri insan hüquqlarını müdafiə etməkdir. Əksər qərarları ATƏT-in Daimi Şurası verir.