Kontentə keç

Albert Batçayev

24 MAY 2021
RUSİYA

Albert Batçayev təcridxanada və ev dustaqlığında Yehovaya sadiq qalır

Albert Batçayev təcridxanada və ev dustaqlığında Yehovaya sadiq qalır

YENİLƏNİB | Albert Batçayevə hökm oxundu

6 dekabr 2021-ci il tarixində Qaraçay-Çərkəz Respublikasının Çerkessk Şəhər Məhkəməsi Albert Batçayevi altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Qardaş barədə məlumat

Albert Batçayev

  • Doğulduğu il: 1976 (Qaraçayevsk şəhəri)

  • Bioqrafiya. Üç bacısı və bir qardaşı var. Anası vəfat edib. Yaşlı atasına baxır. Hüquqşünas ixtisası üzrə Ali Milis Məktəbini bitirib və cinayət axtarış şöbəsində baş əməliyyat müvəkkili işləyib.

    Müqəddəs Kitabı araşdırarkən orada yazılanların həqiqət olduğuna əmin olub. 2004-cü ildə Yehovanın Şahidi kimi vəftiz olunub. 2007-ci ildə Janna ilə evlənib. Hal-hazırda qapıların quraşdırılması ilə məşğul olur. Səhhəti ilə bağlı problemlər ucbatından əvvəlki kimi fiziki aktiv həyat sürə bilmir. İmkan düşəndə Janna ilə birgə dağlarda gəzintiyə çıxmağı sevirlər.

Cinayət işi haqda məlumat

16 dekabr 2019-cu il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Çerkessk şəhərində təxminən on evdə axtarış apardılar. Nəticədə, bir çox qardaşlar tutuldu.

Ertəsi gün, Batçayev Albertdən başqa, hamını buraxdılar. Onu daha 72 saat müvəqqəti saxlama kamerasında saxladılar və həmd nəğmələrinin oxunmasını və Yehova Allaha dua edilməsini təşkil etməkdə ittiham etdilər. Ona qarşı ittihamlar irəli sürüləndən sonra dostları və tanışları dedilər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları pusurlar.

Albert deyir: «Məni müvəqqəti saxlama kamerasına salıb, cingildəyən zənciri olan cırıldayan ağır dəmir qapını bağlayanda ürəyim düşdü və mənə elə gəldi ki, öləcəyəm və oradan heç vaxt çıxmayacağam. Arvadıma və dindaşlarıma görə bərk narahat olurdum».

Alberti təxminən iki ay təcridxanada saxladılar, sonra ev dustaqlığına keçirdilər. Bir həftədən sonra onu yenə təcridxanaya saldılar, amma bu dəfə yeddi həftəyə. Albert xatırlayır: «Həbsxanada, xüsusilə də hamıdan tamamilə təcrid olunanda mən zəngin ruhani biliklərin və Padşahlıq işi ilə məşğul olmağın nə qədər vacib olduğunu dərk etdim. Bu mənim üçün sanki yanacaq idi, onun sayəsində zəifləmədim, Yehovaya və insanlara məhəbbəti, ümidimi və imanımı itirmədim».

Qardaş həbsxanada Müqəddəs Kitab əldə etdi, bu isə həmişə asan olmur. Albert deyir: «Müqəddəs Kitab mənim üçün xilasetmə halqası idi. O məni ruh düşkünlüyündən və həddən artıq doğmalarımın həsrətini çəkməkdən xilas etdi». Həbsxanada olarkən Albert zindanlara atılmış və ağır sınaqlarla üzləşmiş Allahın qədim xidmətçilərinin nələr çəkdiyini öz təcrübəsindən bildi. O deyir: «Onlar hələ heç vaxt mənim üçün bu qədər real və mənə bu qədər yaxın olmamışdılar. İndi mənim həm keçmişdən, həm də müasir zəmanədən çoxlu dostlarım var».

2020-ci ilin aprel ayında Albert məhkəmənin qərarı ilə yenə də iki aylıq ev dustaqlığına keçirildi. Bu həbs qətimkan tədbiri dörd dəfə uzadıldı. Sonuncu dəfə bu müddət martın sonunda uzadıldı və 2021-ci ilin iyun ayının sonunda başa çatacaq.

Biz əminik ki, Yehova təqiblərlə üzləşən Albert qardaşı və digər sadiq xidmətçilərini bundan sonra da möhkəmləndirəcək (1 Salnamələr 29:12).