Kontentə keç

Soldan sağa: Aleksandr Akopov, Konstantin Samsonov və Şamil Sultanov

2 İYUN 2021
RUSİYA

Aleksandr Akopov, Konstantin Samsonov və Şamil Sultanov imanda sarsılmaz qalırlar | YENİLƏNİB

Aleksandr Akopov, Konstantin Samsonov və Şamil Sultanov imanda sarsılmaz qalırlar | YENİLƏNİB

5 avqust 2022-ci il tarixində, Stavropol Vilayət Məhkəməsi Aleksandr Akopov, Konstantin Samsonov və Şamil Sultanovun apelyasiya şikayəti ilə bağlı qərarını elan etdi. Aleksandr və Şamil üçün təyin olunan cərimə məbləği 250 000 rubla (4077 ABŞ dolları) dəyişdirildi. Bu dəfə isə onlar bu cəriməni ödəməlidirlər. Konstantinin həbs cəzası isə 400 000 rubl (6524 ABŞ dollar) məbləğində cərimə ilə əvəz olundu. Onun tezliklə həbsdən azad olunacağı gözlənilir.

19 aprel 2022-ci il tarixində Stavropol Vilayətinin Neftekumsk Rayon Məhkəməsi Aleksandrı, Konstantini və Şamili məhkum etdi. Aleksandr və Şamil 500 000 rubl (6055 ABŞ dolları) məbləğində cərimə edildilər. Məhkəməyədək həbsdə olduqlarına görə onlara cəriməni ödəmək lazım gəlməyəcək. Konstantin isə yeddi il yarım müddətinə həbsə məhkum edildi. O, dərhal həbs edildi.

Qardaşlar barədə məlumat

Aleksandr Akopov

  • Doğulduğu il: 1992 (Neftekumsk)

  • Bioqrafiya. Atası və böyük qardaşı ilə birgə tikinti sahəsində işləyir. Futbol, basketbol, tennis oynamağı, təbiət qoynunda vaxt keçirməyi və dadlı yeməklər bişirməyi sevir.

    2007-ci ildə 14 yaşında Yehovanın Şahidi kimi vəftiz olundu.

Konstantin Samsonov

  • Doğulduğu il: 1977 (Neftekumsk)

  • Bioqrafiya. Gənc yaşlarında şahmat və kompüter texnologiyaları ilə maraqlanırdı. Hal-hazırda xəstəxanada sistem administratoru işləyir. Yoldaşı Svetlana ilə birgə Müqəddəs Kitabı 1998-ci ildə öyrənməyə başladılar. 2000-ci ildə vəftiz olundular. Bir oğlu var.

Şamil Sultanov

  • Doğulduğu il: 1977 (Stavropol vilayəti, Mahmud-Mekteb kəndi)

  • Bioqrafiya. Tikinti və təmir işləri ilə məşğul olur. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı 2000-ci illərin əvvəlində öyrənməyə başlayıb. 2003-cü ildə vəftiz olunub. 2004-cü ildə Yelena ilə evlənib və ona birinci nikahından olan oğlunu boya-başa çatdırmağa kömək edib.

Cinayət işi haqda məlumat

Şənbə günü, 26 avqust 2017-ci il tarixində silahlı polis dəstəsi Neftekumskun yaxınlığında gölün sahilində istirahət edən 18 Yehovanın Şahidini əhatəyə aldı. Onların arasında uşaqlar və yaşlılar da var idi. Hamını avtobusa mindirib polis şöbəsinə apardılar və üç saat ərzində sorğu-sual etdilər. Bundan sonra Neftekumskda yaşayan bacı-qardaşları pusmağa və evlərində axtarışlar aparmağa başladılar. Aleksandr, Konstantin və Şamili tutub məhkəməyədək həbsə saldılar. Onlar həbsdə təxminən bir il keçirdilər.

Aleksandr etiraf edir ki, həbsxanaya düşməkdən qorxurdu, çünki tez-tez narahatçılıq keçirir və səhhətində problemlər var. Buna görə Yehovadan dualarında həbsxana həyatına dözmək üçün əqli və emosional güc istəyirdi. Aleksandr xatırlayır: «Bəzən Yehovaya deyirdim ki, daha bacarmıram. Təcridxanada keçirdiyim [təxminən] birillik müddətə dözə bildiyimə inana bilmirəm». Aleksandrın əlində Müqəddəs Kitab olmayanda Yehova ayələri yadına salmağa kömək etməklə onun dualarına cavab verirdi. Qardaş xatırladığı bütün ayələri yazırdı və hər səhər bir ayə araşdırırdı və həmin ayənin düşdüyü vəziyyətdə ona necə kömək edə biləcəyi barədə düşünürdü. Bunun sayəsində bütün bu müddət ərzində həbsinə Yehovanın gözü ilə baxa bildi.

Konstantinə yoldaşının ona yazdığı çoxsaylı məktublar cəsarət verirdi. Məsələn, məktubların birində yoldaşı ona bu sınaqlara macəra kimi baxmağı təklif etdi. Konstantin deyir: «Əvvəlcə bu mənə məzəli gəldi, amma sonra dözmək doğrudan da bir qədər asanlaşdı».

Şamilin sözlərinə görə, təcridxanada ilk bir neçə ay ən çətin aylar idi. O deyir: «Bir müddət sonra vəziyyət bir qədər yüngülləşdi. Onda başa düşdüm ki, mən tərk edilməmişəm». Təcridxanada Şamil Yehovaya etibar etməyi və gələcək sınaqların fikrini çox çəkməməyi öyrəndi.

Qardaşların üçündən də başqa yerə getməmək barədə iltizam götürülüb, üstəlik, onlara telefon və internetdən istifadə etməyə icazə verilmir. Belə məhdudiyyətlər üzündən Aleksandr lazımi tibbi yardım ala, proqramçı olan Konstantin isə işini görə bilmir. Çətinliklərə rəğmən qardaşlar Yehova Allaha sadiq qalmağa qəti qərarlıdırlar.

Bir şey danılmazdır: nə qədər ki qardaşlar Yehovaya güvənirlər, O onlardan Öz xeyir-duasını əsirgəməyəcək (Zəbur 20:7).