Kontentə keç

Anastasiya Quzeva həyat yoldaşı Konstantin ilə

2 APREL 2021
RUSİYA

Anastasiya Quzeva imanına görə məhkum edilə bilər

Anastasiya Quzeva imanına görə məhkum edilə bilər

YENİLƏNİB | Anastasiya Quzevanın apelyasiya şikayəti təmin edilmədi

2 dekabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Anastasiya Quzevanın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Bacı bu dəfə həbsə salınmayacaq.

19 avqust 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi bacımız Anastasiya Quzevanı iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.

Bacı barədə məlumat

Anastasiya Quzeva

  • Doğulduğu il: 1979 (Birobican)

  • Bioqrafiya. İki qardaşı var. Anaları onları tək böyüdüb. Uşaqlıqda kitab oxumağı sevirdi, idman və bal rəqsləri ilə məşğul olurdu. On yaşında nənəsinin evində Müqəddəs Kitab tapdı və Allah haqqında öyrənmək istədi. Bir müddət sonra Anastasiya və anası Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırmağa başladılar. 1995-ci ildə vəftiz olundular. 2001-ci ildə Konstantinlə ailə qurdu.

Cinayət işi haqda məlumat

2018-ci ilin may ayında Anastasiya ilə Konstantinin evinə reyd keçirildi. 2019-cu ilin iyul ayında Konstantin, 2020-ci ilin fevral ayında isə Anastasiya «ekstremizmdə» ittiham edildi. Yəhudi Muxtar Vilayətində 23 Yehovanın Şahidi barədə 19 cinayət işi açıldı.

Cinayət işi Anastasiya ilə Konstantinin gündəlik həyatına ciddi təsir göstərir. Onlara «ekstremist» damğası vurulduğu üçün hər ikisini işlədikləri musiqi məktəbindən çıxmağa məcbur etdilər. 2021-ci ilin fevral ayında Konstantin iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edildi.

Anastasiya nəyin sayəsində sınaqlara tab gətirdiyindən danışdı. O deyir: «Yaxşı olardı ki, özümüzü təqiblərə kökləyək və çətin vəziyyətlərdə özümüzü necə aparacağımızı beynimizdə məşq edək. Məsələn, İsanın yer üzündə son günü barədə oxuyanda aydındır ki, o həbs olunanda özünü necə aparacağını... nə zaman danışacağını, nə zaman susacağını, danışanda isə nə deyəcəyini qabaqcadan yaxşı-yaxşı götür-qoy etmişdi».

Anastasiya deyir ki, Romalılara 8:38, 39 ayələrində yazılan sözlər indi onun üçün xüsusi məna kəsb edir. Bacı deyir: «Bu ayələrin sözlərində sevinmək üçün əsas var — kainatda ən böyük iki şəxs məni sevir və heç kim onlarda bu məhəbbəti soyutmağa qadir deyil. Bunu bilmək məni hər şeyə mətanətlə tab gətirməyə və cəsarətli olmağa təşviq edir».