Kontentə keç

Anastasiya Sıçyova

22 YANVAR 2021
RUSİYA

Anastasiya Sıçyova yığıncaqda iştirak etdiyinə görə məhkum edilib

Anastasiya Sıçyova yığıncaqda iştirak etdiyinə görə məhkum edilib

Qərar

21 yanvar 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Obluçenski Rayon Məhkəməsi Anastasiya Sıçyovanı iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bu dəfə o, həbsxanaya göndərilməyəcək.

Bacı barədə məlumat

Anastasiya Sıçyova

  • Doğulduğu il: 1977 (Yəhudi muxtar vilayəti, Teploozyorsk)

  • Bioqrafiya. Ailədə beş uşaq idilər, ancaq ikisi ölüb. Tibb kollecini bitirib, peşəsi tibb bacısıdır. Uzun müddət stomatologiya kabinetində, sonra isə psixiatriya xəstəxanasında işləyib. Böyük bacısı vəfat etdikdən sonra onun iki balaca uşağını öz himayəsinə götürüb. Anası uzun çəkən xəstəlikdən vəfat edənə qədər ona baxıb.

    Yeniyetməlik illərində həyatın nəyə görə qısa olduğu barədə düşünməyə başladı. Sualına qaneedici cavabı Müqəddəs Kitabda tapdı. 1994-cü ildə Yehovanın Şahidi kimi vəftiz olundu.

Cinayət işi haqda məlumat

2019-cu ilin oktyabr ayında Anastasiya federal «ekstremistlər» siyahısına daxil edildi. 25 sentyabr 2019-cu il tarixində Birobicanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İstintaq şöbəsi Anastasiya barədə cinayət işi açdı. O, dini görüşlərdə iştirak etdiyinə və imanı barədə başqaları ilə danışdığına görə Yehovanın Şahidlərinin yerli dini təşkilatının fəaliyyətini qəsdən davam etdirməkdə ittiham edildi.

Məhkəmə iclasında prokuror Anastasiyanın telefon söhbətlərinin audioyazısını və iştirak etdiyi yığıncağın videoyazısını təqdim etdi. Prokuror bildirdi ki, həmin yazılar onun «ekstremist» fəaliyyətlə məşğul olduğunu sübut edir. Anastasiya həmin «sübutlar» əsasında gözəl şahidlik verdi. O izah etdi ki, Yehovanın Şahidləri yığıncaq görüşlərində şəfqət, mərhəmət, səbir kimi məsihi xüsusiyyətlərini təzahür etdirməyi öyrənirlər.

Son sözü ilə çıxış edərkən Anastasiya Müqəddəs Kitabın onun həyatına göstərdiyi müsbət təsirindən danışdı. O dedi: «Bu gün məni imanıma və dini fəaliyyətimi davam etdirdiyimə görə, yəni Müqəddəs Kitabı oxuduğuma, dostlarımla görüşüb Allahın Kəlamını müzakirə etdiyimə, Yehovanı tərənnüm edən nəğmələr ifa etdiyimə və Ona dua etdiyimə görə mühakimə edirlər.

Məgər mən “İbranilərə məktub”un 10-cu fəslinin 24 və 25-ci ayələrində yazılan əmrə xor baxa bilərəm? Orada deyilir: “Bir-birimizi məhəbbətə və yaxşı işlərə təşviq edək, bəzilərinin vərdiş etdiyi kimi, yığıncaqlarımızdan qalmayaq, bir-birimizi ruhlandıraq və o günün yaxınlaşdığını gördükcə bunları daha çox edək”. Əgər Külli-İxtiyar Allah Yehovanın Özü mənə dindaşlarım olan dostlarımla görüşməyi, Müqəddəs Kitabı oxumağı, başqalarına qarşı xeyirxahlıq göstərməyi, ruhlandırmağı əmr edirsə, Onun sözündən necə çıxım axı? O, mənim sevdiyim, hörmət etdiyim və ibadət etdiyim Kəsdir».

Biz çox şadıq ki, Anastasiya imanını bu cür müdafiə edir, sarsılmaz və müsbət əhval-ruhiyyədə qalır. Dua edirik ki, sınaqlar davam etdiyi müddətdə bacımızın sevinci tükənməsin və dözmək üçün gücü olsun (Yaqub 1:2, 3).