Kontentə keç

Ancey Onişşuk məhkəməyəqədər həbs müddətinin yenidən uzadılmasına dair son məhkəmə iclası zamanı məhkəmə zalında qəfəsdə

9 AVQUST 2019
RUSİYA

Ancey Onişşuk bir ilə yaxındır birnəfərlik kamerada saxlanılır

Ancey Onişşuk bir ilə yaxındır birnəfərlik kamerada saxlanılır

Polşa vətəndaşı olan əziz qardaşımız Ancey Onişşuk 9 oktyabr 2018-ci il tarixində hüquq-mühafizə orqanları tərəfindən həbs edilən vaxtdan məhkəməyəqədər həbsdə saxlanılır. Bu yaxınlarda onun həbs müddəti beşinci dəfə uzadılıb. Beşinci müddəti ilk dəfə həbs olunmasından bir neçə gün əvvəl — oktyabrın 2-si bitir.

Ancey həbsdən əvvəl həyat yoldaşı Anna ilə. Həbsdə saxlanıldığı on ay ərzində həyat yoldaşı Annaya onu görməyə icazə vermirlər

Həbs olunan vaxtdan Ancey birnəfərlik kamerada saxlanılır. Ona səhər saat 6-dan axşam saat 9-a kimi uzanmağa icazə vermirlər. Ona həftədə yalnız bir dəfə 15 dəqiqə isti su ilə çimməyə icazə verirlər. Anceyin həbsdə olduğu on ay ərzində həyat yoldaşı Annaya onu görməyə icazə verməyiblər. Onlar bir-birinə yalnız məktub yaza bilirlər. Anna həyat yoldaşı ilə görüşmək üçün çoxlu sayda müraciətlər edib, lakin hər dəfə imtina cavabı alıb.

Xəbər verildiyi kimi, Ancey polis və xüsusi təyinatlı dəstənin Kirovda onun və digər 18 nəfərin evinə keçirdiyi reyd zamanı həbs olunmuşdu. Həmd nəğmələri və dini təyinatlı ədəbiyyat oxuduğuna görə Anceyə qarşı cinayət işi açılmışdı.

Keçən il Kirovda Anceydən başqa digər dörd qardaş da (44 yaşlı Maksim Xalturin, 66 yaşlı Vladimir Korobeynikov, 26 yaşlı Andrey Suvorkov və 41 yaşlı Yevgeni Suvorkov) tutularaq məhkəməyəqədər həbsə salınmışdı. Həmin qardaşlar sonradan ev dustaqlığına keçirilmişdi. Anceyin və bu dörd qardaşın işi hal-hazırda Avropa İnsan Hüquqları Məhkəməsindədir.

Bu il Kirovda daha yeddi qardaşımıza qarşı cinayət işi açılıb. Onlardan ən böyüyü 70 yaşlı Yevgeni Udintsevdir. Hal-hazırda Kirovda dini əqidəsinə görə cinayət təqibiylə üzləşən Yehovanın Şahidlərinin sayı 12-yə çatıb.

Gəlin növbəti ayədə deyildiyi kimi, Ancey, Anna və Rusiyada olan digər bacı-qardaşlarımızı unutmayaq və onlar üçün dua edək: «Həbsdə olanları yaddan çıxarmayın, elə bilin ki, siz də onlarla birgə həbsdəsiniz, pis rəftara məruz qalanları da unutmayın, çünki siz özünüz də hələ yerdə yaşayırsınız» (İbranilərə 13:3).