Kontentə keç

Andrey Andreyev (ortada), qızı Albina, yoldaşı Svetlana, qızı Anjelika və həyat yoldaşı Anatoli (soldan sağa), Andrey qardaşın həyat yoldaşına qovuşduğu an (üst şəkil)

27 FEVRAL 2023
RUSİYA

Andrey Andreyev qardaş Rusiya həbsxanasından azad edildi

Andrey Andreyev qardaş Rusiya həbsxanasından azad edildi

22 fevral 2023-cü il tarixində Andrey Andreyev qardaş Rusiyada üç ildən çox qaldığı həbsxanadan azad edildi.

Andrey 16 oktyabr 2019-cu il tarixində Kursk şəhərində Yehovanın Şahidləri sorğu-sual olunanda və kütləvi şəkildə evlərində axtarış aparılanda həbs olunan bir neçə qardaşın arasında idi. Təxminən 20 ay istintaq təcridxanasında qaldıqdan sonra o, 3 iyun 2021-ci il tarixində həbsxanaya göndərilmişdi.

Əqidəsinə görə həbs olunan Andrey bu müddət ərzində həyat yoldaşı Svetlananın, həmçinin qızları Anjelika və Albinanın ruhani cəhətdən qeydinə qalmaq üçün əlindən gələni edirdi. Müntəzəm olaraq yazdığı məktublarda onlara Müqəddəs Kitabdan ruhlandırıcı fikirlər göndərirdi. Hətta ailə quran qızı Anjelikanın toy nitqini də yazıb göndərmişdi. Anjelika deyir: «Onun hazırladığı nitq çox gözəl, təsirli idi. Bütün qonaqların ürəyinə toxunmuşdu... sanki həmin gün o da bizimlə idi, yanımızda idi».

Andreyi ziyarət etmək üçün ailəsi səkkiz saat yol qət etməli olurdu. Düzdür, bu çətin idi, amma Svetlana deyir ki, həmin şəhərdə yaşayan Yehovanın Şahidləri həmişə onları qarşılayır, qalmağa yer verir, yeməklə təmin edir və maşınla həbsxanaya aparıb-gətirirdilər. Hətta bəzi bacı-qardaşlar Andreyin ailəsi gəlib onu ziyarət edə bilsin deyə, çox vaxt həbsxanaya axşamdan gedib növbədə dayanırdılar.

Həbsdən çıxan Andrey qardaşı dostları və ailəsi qarşılayır

Andreyin həbsxanada pis rəftara məruz qaldığına görə səhhəti zəifləsə də, ruhani sağlamlığı güclü idi. Məsihi keyfiyyətləri sayəsində həbsxanada səlahiyyətli şəxslərin hörmətini qazanmışdı. Yaxşı ad qazandığına görə ona əlavə olaraq ziyarət icazəsi vermişdilər. Andrey həbsi barədə deyir: «Nə bir peşmançılığım, nə də içimdə kiməsə qarşı qəzəb və nifrət var. Allahın köməyi ilə imanımı qorudum və buna görə çox xoşbəxtəm».

Əminik ki, Andrey bundan sonra da məsihi məhəbbətini davam etdirəcək və Yehovadan bol nemət alacaq (1 Yəhya 4:16).