25 FEVRAL 2021
RUSİYA
Anna Loxvitskayanın işi üzrə qərarın elan edilməsi gözlənilir. Yoldaşı və qayınanası da ittiham olunur
YENİLƏNİB | Anna Loxvitskayanın apelyasiya şikayəti təmin edilmədi
16 dekabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Anna Loxvitskayanın apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün bu dəfə bacı həbsə salınmayacaq.
20 iyul 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Anna Loxvitskayanı iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.
Bacı barədə məlumat
Anna Loxvitskaya
Doğulduğu il: 1993 (Birobican)
Bioqrafiya. Annanı anası böyüdüb və uşaqlıqdan Müqəddəs Kitab normalarını aşılayıb. 2012-ci ildə vəftiz olunub. Peşəkar dərzidir. 2018-ci ildə Artur ilə ailə həyatı qurub. Onlar balıq tutmağı, səyahət etməyi və voleybol oynamağı sevir.
Cinayət işi haqda məlumat
Anna 6 fevral 2020-ci il tarixində Birobicanda «ekstremist» fəaliyyətdə ittiham edilən altı bacıdan biridir. Həmin ərazidə, Annanın yoldaşı Artur və qayınanası İrina da daxil olmaqla, Yehovanın Şahidləri barədə ümumilikdə 19 cinayət işi açılıb.
Cinayət işləri açılandan gənc ailənin həyatı çətinləşib. Onlar səyahət edə bilmir, bank hesabları dondurulub, dövlət xidmətlərindən istifadə etmələri məhdudlaşdırılıb. Annada emosional tükənmə sindromu yaranıb və o, vaxtaşırı olaraq müalicə alır.
Bacı deyir ki, ona bir neçə şey kömək edir: «Aylıq televiziya proqramlarımızda səslənən nəğmələrə qulaq asanda halım yaxşılaşır. Nəğmələr məni sakitləşdirməklə yanaşı, müxtəlif vəziyyətlərə baxışımı düzəldir. Fiziki cəhətdən aktiv olmaq da mənə fikrimi müsbət şeylərə yönəltməyə xeyli kömək edir».
Bundan əlavə, Annanın dediyi kimi, Arturla çalışırlar ki, ilk növbədə başqalarını düşünsünlər. Bacı deyir: «Qarşımıza hər ay kimlərəsə kiçik də olsa hədiyyələr etmək məqsədini qoymuşuq. Çalışırıq yalnız özümüzün deyil, başqalarının da problemlərini düşünək».
Anna vəziyyətinə əməlləri ilə Yehovaya sadiqliyini sübut etmək üçün gözəl imkan kimi baxır (Zəbur 18:25).