Kontentə keç

Kaluqa Vilayət Məhkəməsi (Rusiya)

16 OKTYABR 2019
RUSİYA

Apellyasiya instansiyası Dmitri Kuzinin işində prosessual pozuntular aşkar edib

Apellyasiya instansiyası Dmitri Kuzinin işində prosessual pozuntular aşkar edib

9 sentyabr 2019-cu il tarixində apellyasiya instansiyası olan Kaluqa Vilayət Məhkəməsinin hakimi Prokofyeva Svetlana Anatolyevna qət edib ki, Kaluqa Rayon Məhkəməsi Dmitri Kuzinin məhkəməyəqədər həbsdə saxlanılması barədə qərarında prosessual pozuntulara yol verib.

Hakim Prokofyevanın qərarı çox mühüm qərar idi, çünki Rusiyadakı Yehovanın Şahidlərinin işlərinə baxılarkən prosessual qaydaların pozulduğu faktı nadir hallarda tanınır. Hakim rayon məhkəməsini çoxsaylı qanun pozuntularına görə tənqid edib. Rayon məhkəməsi Dmitri Kuzinin dini əqidəsinə lağ etmiş və onu özünü müdafiə etmək imkanından məhrum etmişdi. Qərarda hakim həmçinin qeyd etmişdir ki, «belə vəziyyətdə [rayon məhkəməsində] sədrlik edən hakimin qərəzsiz olduğunu demək olmaz».

Dmitri Kuzin həyat yoldaşı Svetlana ilə toy günlərində (2013-cü il)

Dmitri Kuzin 26 iyun 2019-cu il tarixində Kaluqada Federal Təhlükəsizlik Xidmətinin (FTX) onun evində apardığı axtarışdan sonra həbs olunmuşdu. İki gündən sonra Kaluqa Rayon Məhkəməsi onun iki ay müddətinə məhkəməyəqədər həbsdə saxlanılmasına dair qərar çıxarmışdı. Avqustun 19-u FTX müstəntiqi eyni məhkəməyə təqdimatla müraciət edərək onun məhkəməyəqədər həbsdə saxlanma müddətinin daha iki ay uzadılmasını xahiş etmişdi. Məhkəmə təqdimatı təmin etmişdi.

Dmitri Kuzin həmin qərardan apellyasiya şikayəti verdi. Hakim Prokofyeva aşağı instansiya məhkəməsinin hakiminin prosessual qaydaları pozduğunu müəyyən etdi və qərara aldı ki, Dmitri Kuzinin işi aşağı instansiya məhkəməsinə geri göndərilsin və ona başqa hakimin sədrliyi ilə yenidən baxılsın. Əfsuslar olsun ki, sentyabrın 23-ü rayon məhkəməsində yeni hakim Dmitri Kuzinin daha iki ay müddətinə məhkəməyəqədər həbsdə saxlanılmasını qət edib.

Biz əminin ki, sadiq və ədalətli Allah Yehova Ona bel bağlayan Rusiyadakı bacı-qardaşların qayğısına qalacaq (Qanunun təkrarı 32:4, 9—11).