22 AVQUST 2019
RUSİYA
Apellyasiya məhkəməsi Andrey Suvorkovu ev dustaqlığından azad etdi
13 avqust 2019-cu il tarixində Kirov şəhərində apellyasiya məhkəməsi 26 yaşlı Andrey Suvorkovun ev dustaqlığından azad edilməsinə qərar verib. İndi ona daha çox azadlıq verilsə də, barəsində cinayət işi hələ də davam edir.
Əvvəl xəbər verildiyi kimi, Andrey Suvorkov, atalığı və digər üç dindaşı 9 oktyabr 2018-ci il tarixində polis və xüsusi təyinatlı dəstənin Kirovda 19 evə keçirdiyi reyd zamanı həbs olunmuşdu.
Andrey Suvorkov evində keçirilmiş axtarış barədə deyir: «Qiymətli əşyalarımızın çoxu müsadirə edilsə də, həyat yoldaşım və mən buna görə narahat deyildik, çünki biz həmişə çalışırdıq ki, sadə yaşayaq və maddi şeylərə bağlanmayaq. Mətta 6:21 ayəsində yazılan “çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq” məsləhəti bizə təmkinimizi pozmamağa kömək etdi».
Reyddən sonra Andrey Suvorkova, atalığına və digər üç qardaşa qarşı cinayət işi açıldı. Onları həmd nəğmələri oxumaqda, dini ədəbiyyat araşdırmaqda və evlərində rus dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»ni saxlamaqda ittiham etdilər. Onların beşini də müvəqqəti saxlama təcridxanasına saldılar. Qardaşlar məhkəmənin barələrində nə qərar verəcəyini gözləməli idilər: onlar ya azadlığa buraxılmalı, ya da məhkəməyəqədər həbsdə saxlanılmalı idilər.
Andrey Suvorkov nəql edir: «Müvəqqəti saxlama təcridxanasında iki gecə keçirdim. Əvvəl-əvvəl durmadan dua edirdim. Mən əmin idim ki, Yehova dualarımı eşidir və mənə kömək edəcək. Mən həmd nəğmələrini yadıma salıb oxuyurdum. 50-dən çox nəğməmizin musiqisini və sözlərini yada sala bildim».
Məhkəmə Andrey Suvorkov və o biri qardaşları məhkəməyəqədər həbsdə saxlamaq barədə qərar çıxardı. Həbsinin birinci həftəsində Andrey başqalarına necə kömək etmək barədə düşünməyə başladı. O xatırlayır: «Hər bir qardaş üçün ayrılıqda və adını çəkərək dua etmək, eləcə də ünvanlarını bildiyim qardaşlara məktub yazmaq qərarına gəldim. Bu, mənə sevinc gətirdi» (Həvarilərin işləri 20:35).
Bir neçə aydan sonra, Ancey Onişşukdan başqa, qardaşların hamısı ev dustaqlığına keçirildi. Andrey Suvorkov Kirovda ev dustaqlığından azad edilən ilk qardaşdır.
O deyir: «Geriyə boylananda çox sevinirəm ki, indi həbsxana təcrübəm var... Bilmirəm gələcəkdə bizi nə gözləyir, bəlkə, yenə də həbsxanaya düşdüm. Lakin indi əminəm ki, hətta həbsdə belə Yehova və Onun təşkilatı mənə dəstək olacaq. Mən bir daha həbs olunmaqdan qorxmuram».