Kontentə keç

25 MAY 2020
RUSİYA

Artıq üç ildir Rusiyada həbsdə olan Dennis Kristensen mətin durur və sevincini itirmir

Artıq üç ildir Rusiyada həbsdə olan Dennis Kristensen mətin durur və sevincini itirmir

Bu gün Dennis Kristensenin qanunsuz həbsindən üç il ötür. 25 may 2017-ci il tarixində həbs olunandan sonra dostları hər dəfə bu sınaqların onun imanına necə təsir etdiyi ilə maraqlanıblar. O, həmişə eyni cür cavab verərək deyir: «İmanım əvvəlkindən də möhkəmdir».

Dennis qardaş deyir: «Mən Müqəddəs Kitabda, Yaqub bölməsinin 1-ci fəslinin 2 və 3-cü ayələrində deyilənləri üzərimdə hiss edirəm: “Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın. Bilin ki, sınanmış imanınız sizdə dözüm hasil edir”».

Maraqlıdır ki, çətinliklər və məyusluq artdıqca, Dennis qardaşın imanı, hətta sevinci də artır.

Tutulmasından dərhal sonra Dennis qardaşı yaşadığı Oryol şəhərinin yaxınlığında yerləşən istintaq təcridxanasına məhkəməyədək həbsə saldılar. Bir qədər sonra onun həyat yoldaşı İrinaya ona baş çəkməyə icazə verildi. İki ildən çox müddət ərzində o, məhkəməyədək həbsdə qaldı. 2019-cu ilin fevral ayında Dennis qardaşa altıillik həbs cəzası təyin edildi. Üç ay sonra onun apellyasiya şikayəti rədd edildi. Onu Oryol şəhərindən təxminən 200 kilometr aralıqda yerləşən həbsxanaya keçirərək yoldaşı İrinadan daha da uzaqlaşdırdılar.

Demək olar, bir ildir ki, Dennis qardaş vaxtından əvvəl azad olunmaq üçün şərtlərə cavab verir. Bununla bağlı verdiyi dörd ərizəsindən üçü rədd edilib. Məyusluğa baxmayaraq, Dennis qardaş ümidini üzmür.

Dennis qardaş təvazökarlıqla etiraf edir: «İrina ilə mən kamil deyilik, lakin biz çətinliklərə dözməyi və sevincimizi itirməməyi öyrəndik. Ən vacibi isə biz Allahımız və Atamız olan Yehovaya daha bərk bağlandıq».

Yehovadan dualarımızda xahiş edirik ki, Rusiyadakı bütün əziz bacı-qardaşlarımıza təqiblərə sevinclə dözməyə kömək etsin. Yehovanın dualarımıza cavab verdiyinə heç bir şübhəmiz yoxdur (Mətta 5:11, 12).