Kontentə keç

Artur Loxvitski yoldaşı Anna ilə

26 YANVAR 2021
RUSİYA

Artur Loxvitski dörd il müddətinə həbsə məhkum edilə bilər

Artur Loxvitski dörd il müddətinə həbsə məhkum edilə bilər

Qərarın elan ediləcəyi tarix

2 fevral 2021-ci il tarixində a Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsinin Artur Loxvitskinin işi üzrə qərarını elan edəcəyi gözlənilir. O, dörd il müddətinə həbsə məhkum edilə bilər.

Qardaş barədə məlumat

Artur Loxvitski

  • Doğulduğu il: 1986 (Yəhudi Muxtar Vilayəti, Belqorodskoye kəndi)

  • Bioqrafiya. Arturun atası yeddi yaşı olanda vəfat edib. Peşəsi elektrikdir, yanğından müdafiə sistemləri üzrə mütəxəssisdir. Yüksək iş etikasına görə mükafatla təltif olunub.

    Uşaqlıqda Arturun anası ona Yehovaya məhəbbət aşılayıb. 1998-ci ildə, 11 yaşı olanda, Yehovanın Şahidi kimi vəftiz olundu. 2018-ci ildə Anna ilə evləndi. Səyahət etməyi və təbiət qoynunda vaxt keçirməyi sevirlər.

Cinayət işi haqda məlumat

2018-ci ilin may ayında, toylarından üç ay sonra, hüquq-mühafizə orqanlarının əməkdaşları onların evində axtarış apardı. Bu reyd «Qiyamət günü» əməliyyatı çərçivəsində keçirilmişdi: 150 nəfərin iştirakı ilə Yehovanın Şahidlərinin yaşadığı 22 evə basqın edilmişdi. Arturun anası İrinanın da evini axtardılar. 31 iyul 2019-cu il tarixində Birobicanda Federal Təhlükəsizlik Xidməti (FTX) Artur barədə cinayət işi açdı. Onu ekstremist fəaliyyətdə ittiham etdilər. Anna və İrina barəsində də ayrıca cinayət işi açıldı.

Barələrində cinayət işləri açılandan sonra ailənin dolanışığı çətinləşib. Hakimiyyət orqanları Artura bank hesabından istifadə etməyə icazə vermir. Üstəlik, müdiri onu işdən çıxarmaqla hədələyir.

İstintaq ailənin gündəlik rejimini də pozub. Artur deyir: «Gündəlik rejimimiz tamamilə dəyişib. Həftəlik, hətta gündəlik plan qurmaq mümkün deyil. Polis istədikləri və onlara rahat olan saatlarda bizi şöbəyə çağırır. Həmişə planlarımızı dəyişməli oluruq».

Artur və Anna dindaşlarının köməyinə görə minnətdardırlar. Artur deyir: «Qardaşlar bizə həm mənəvi, həm də ruhani cəhətdən dəstək olurlar... Yehovanın xalqı arasında olduğumuza və məhkəmə iclaslarında Yehovanın adını müdafiə etmək şərəfinə layiq görüldüyümüzə görə necə sevindiyimizi ifadə etməyə söz tapmırıq! Bəli, Yehova Ona məxsus olanları atmır!»

Dua və Müqəddəs Kitabı araşdırmaq da Loxvitskilər ailəsinə güc verir. Lakin bu, həmişə asan olmayıb. Artur deyir ki, «Qiyamət günü» əməliyyatından sonra onların nə Müqəddəs Kitabı, nə də nəşrlərimiz var idi. Əvvəl-əvvəl Artur buna görə narahat olurdu. Çünki bilmirdi ruhani qida olmadan necə yaşayacaqlar. Amma sonra o, vacib bir həqiqəti dərk etdi: «[FTX] bizi duadan məhrum etməyə qadir deyil. Biz dərhal dua etdik. Bizə məhz dua kömək etdi».

Yehova tez bir zamanda onların dualarına cavab verdi və ruhani qida ilə təmin etdi. Artur deyir: «Biz müntəzəm olaraq ailəvi ibadət keçirməyə, yığıncaq görüşlərinə hazırlaşmağa və Müqəddəs Kitabı ailəlikcə oxumağa çalışırıq. Bunun sayəsində həm ailə tellərimiz möhkəmlənir, həm də həyatımızda Allahın əlini görürük və müsbət əhval-ruhiyyəmizi qoruyuruq».

Allahın Kəlamını mütaliə etməkdən əlavə, gələcək xeyir-dualar haqda düşünməyin də onlara xüsusi köməyi dəyir. Artur deyir: «Gələcəyə olan ümidimiz haqda indi daha çox düşünürük, özümüzü yeni dünyada təsəvvür edirik... Biz yer üzünün təmizlənməsində və tikinti işlərində iştirak etmək istəyirik. Bu, bizi möhkəmləndirir və bizə ilham verir».

Nə qədər ki o gün gəlməyib, Artur və Anna İbranilərə 13:6 ayəsi üzərində müntəzəm düşünürlər. Ayədə deyilir: «Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!» Artur deyir: «Bizi azadlıqdan, yığıncaqdan, hətta bir-birimizdən məhrum etsələr də, bizim üçün ən əziz olan şeylərdən — Yehova ilə münasibətlərdən, duadan və gələcəyə ümiddən məhrum edə bilməzlər. Biz diqqətimizi bu fikrə cəmləmişik».

a Tarix dəyişə bilər.