Kontentə keç

Rusiya Ali Məhkəməsinin 2017-ci il tarixli qərarından sonra Rusiya və Krımda həbsdə olmuş 330-dan çox bacı-qardaşdan bəziləri

8 İYUN 2022
RUSİYA

Avropa Məhkəməsi Rusiyaya qarşı tarixi qərar çıxarıb

Avropa Məhkəməsi Rusiyaya qarşı tarixi qərar çıxarıb

7 iyun 2022-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyadakı Yehovanın Şahidlərinin təqib olunması ilə bağlı tarixi qərar a çıxarıb. AİHM bildirib ki, Rusiyanın 2017-ci ildə Yehovanın Şahidlərinin fəaliyyətini qadağan etməsi qanunsuzdur. Həmçinin Məhkəmə əlavə edib ki, çap nəşrlərimizin və jw.org saytımızın qadağan olunması da qanunsuzdur. Məhkəmə Rusiya hökumətindən tələb edib ki, bacı-qardaşlarımıza qarşı açılmış bütün cinayət işlərinə xitam verilsin və həbsdə olanlar azadlığa buraxılsın. Məhkəmə həmçinin tələb edib ki, hökumət müsadirə olunmuş əmlakı geri qaytarsın və ya əvəzində 59 617 458 avro (63 684 978 ABŞ dolları) təzminat ödəsin. Bundan əlavə Rusiya hökumətinə göstəriş verilib ki, ərizəçilərə dəymiş mənəvi zərərin əvəzində ümumilikdə 3 447 250 avro (3 682 445 ABŞ dolları) təzminat ödəsin.

Rusiya hökuməti tərəfindən müsadirə olunmuş keçmiş Rusiya filialı. Filial Sankt-Peterburq şəhərinin kənarında 100 000 kvadrat metrdən çox ərazidə yerləşirdi və 14 binadan ibarət idi.

Qərar 2010—2019-cu illərdə 1400 ərizəçi (həm fərdi, həm də hüquqi şəxslər) tərəfindən verilmiş 20 iş üzrə çıxarılıb. Amma bu qərarın təsir qüvvəsi daha genişdir. Qərarda deyilir ki, Rusiya «Yehovanın Şahidlərinə qarşı hələ davam edən bütün cinayət işlərinə xitam verməli... və həbsdə olan bütün Yehovanın Şahidlərini azadlığa buraxmalıdır» (kursiv bizimdir). Məhkəmə həm Rusiyada, həm də digər ərazilərdə yaşayan bacı-qardaşlarımıza bəraət verib. Bundan əlavə, qərar Yehovanın Şahidlərinin qanuna itaət edən vətəndaşlar olduğunu və onların təqib və həbs olunmasının qanunsuz olduğunu təsdiq edir.

Qərarında AİHM Rusiyanın fəaliyyətimizin, etiqadlarımızın, nəşrlərimizin və veb-saytımızın ekstremist olması ilə bağlı əsassız ittihamlarını təkzib edib. Aşağıda qərardan götürülmüş bəzi vacib məqamlar gətirilib:

  • Fəaliyyətimiz. AİHM vurğulayıb ki, Rusiya məhkəmələri «ərizəçilərin nə sözdə, nə də əməldə başqalarına qarşı zorakılıq, nifrət və ayrı-seçkilik etdiyini müəyyən etməyib» (abzas 271).

  • Yalnız Yehovanın Şahidlərinin ibadətinin doğru olduğuna inam. «Dinc yolla başqalarını öz dininin doğru olduğuna inandırmaq və onları “yalan dindən” çıxıb “həqiqi dinə” qoşulmağa təşviq etmək din azadlığı və ifadə etmək azadlığı hüquqlarını həyata keçirməyin qanuni bir formasıdır» (abzas 159).

  • Qanköçürmə. «Qanköçürmədən imtina şəxsin həm Konvensiya, həm də Rusiya qanunvericiliyi ilə zəmanət verilən müalicə məsələlərində öz seçimini etmək azadlığı hüququ əsasında verdiyi qərardır» (abzas 165).

  • Əqidəyə görə hərbi xidmətdən imtina. «Əqidəyə görə hərbi xidmətdən imtina etmək Rusiya qanunlarına zidd deyil» (abzas 169).

  • Nəşrlərimiz. «Ərizəçilərin fəaliyyəti və nəşrlərinin məzmunu etiqadlarına uyğun olaraq dinc xarakter daşıyır» (abzas 157).

  • JW.ORG saytı. Məhkəmə jw.org saytının məzmununun ekstremist olmadığı qənaətinə gəlib. Hökumət nümayəndələri saytdakı hər hansı məlumatın təhqiredici olduğu qənaətinə gəliblərsə, bütün saytı qadağan etməkdənsə, təşkilatdan yalnız həmin məlumatın saytdan silinməsini tələb edə bilərdilər (abzas 231, 232).

Qərarda Rusiya hökuməti sərt tənqid olunur və bildirilir ki, hökumət nümayəndələri ərizəçilərə qarşı qərəzli münasibət göstərib və ədalətlə davranmayıb (abzas 187). Məsələn, məhkəmə qərarında növbəti məqamları qeyd edir:

  • «Rusiyada Yehovanın Şahidlərinin bütün dini təşkilatlarının məcburi ləğvi qanuna əsaslanmırdı. Sübutlar onu göstərir ki, Rusiya hökuməti Yehovanın Şahidlərinin dini fəaliyyətinə qərəzli münasibət bəsləyir. Hökumətin məqsədi dindarları imanlarından döndərmək və başqalarının onlara qoşulmasının qarşısını almaq idi» (abzas 254).

  • Rusiya hökuməti ciddi «prosessual səhvlərə» yol verib. Məsələn, Rusiyanın Ali Məhkəməsi nəşrlərimiz barədə gəldiyi nəticəni polis və prokurorlar tərəfindən seçilmiş qeyri-obyektiv ekspert rəyləri əsasında vermişdi (abzas 203).

  • Ekstremizm haqqında qanun elə geniş və qeyri-müəyyən tərtib olunub ki, o, hakimiyyət nümayəndələrinə Yehovanın Şahidlərinə qarşı özbaşınalıq etməyə imkan yaradıb (abzas 272).

AİHM-nın qərarının Rusiya hökumətinə necə təsir edəcəyi bəlli deyil. Amma istənilən halda, biz insan hakimiyyətinə deyil, yardımçımız və qalxanımız olan Yehovaya bel bağlayırıq (Zəbur 33:20).