Kontentə keç

Vladimir Aluşkin qardaş həbs olunmazdan əvvəl

13 NOYABR 2019
RUSİYA

BMT Rusiyanı Aluşkin qardaşı azad etməyə səsləyir

BMT Rusiyanı Aluşkin qardaşı azad etməyə səsləyir

Birləşmiş Millətlər Təşkilatının özbaşına həbs üzrə İşçi Qrupu Vladimir Aluşkin qardaşı qanunsuz həbs edib saxladığına görə Rusiyanın ittiham edildiyi 12 səhifəlik hesabat dərc edib. Hesabatda Rusiyadan Aluşkin qardaşı azad etmək və hüquqlarını pozduğuna görə ona müvafiq təzminat ödəmək tələb olunur.

Aluşkin qardaş 15 iyul 2018-ci il tarixində həbs olunmuşdu. Həmin gün avtomatla silahlanmış təxminən 12 nəfərlik maskalı polis dəstəsi onun evinə basqın etmişdi. Polislər onun evində təxminən dörd saat axtarış aparmış, mobil telefonları, elektron cihazları, Müqəddəs Kitabları və digər nəşrləri müsadirə etmiş, sonra isə onu sorğu-sual etmək üçün istintaq şöbəsinə aparmışdılar.

Vladimir Aluşkin qardaş Penza şəhərinin Pervomayskiy rayon məhkəməsində (Yanvar 2019)

Yerli hakimiyyət orqanları Aluşkin qardaşı iki gün müvəqqəti saxlama yerində saxladıqdan sonra Penza şəhərinin Pervomayskiy rayon məhkəməsi onun ikiaylıq istintaq təcridxanasına köçürülməsini əmr etdi. Sonra məhkəmə Aluşkin qardaşın təcridxanada saxlanma müddətini iki dəfə artırdı. Təcridxanada təqribən altı ay qaldıqdan sonra o, ev dustaqlığına buraxıldı və indiyə kimi də ev dustaqlığındadır.

Bəraət qazanması və azad edilməsi üçün Aluşkin qardaş ÖHİQ-ə müraciət etdi. İnsan hüquqları üzrə müstəqil ekspertlərdən ibarət bu qrup BMT-nin İnsan Hüquqları Şurasının nəzdində fəaliyyət göstərir və qeyri-qanuni olaraq polis tərəfindən saxlanıldığını, məhkəmə qərarı ilə ev dustaqlığına, məhkəməyəqədərki həbsə məhkum olunduğunu və ya həbs olunduğunu iddia edən şəxslərin işlərinə baxır.

Rusiyanın Aluşkin qardaşın ekstremist fəaliyyəti ilə məşğul olduğu iddiasını təfərrüatı ilə nəzərdən keçirdikdən sonra ÖHİQ belə bir nəticəyə gəldi: «Cənab Aluşkinin fəaliyyəti bütünlüklə dinc şəraitdə aparılan dini müzakirələrdən ibarətdir. İşçi qrupuna aydın olub ki, cənab Aluşkin Paktın [Rusiyanın da iştirak etdiyi mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt] 18-ci maddəsinə əsasən, özünün din azadlığı hüququ çərçivəsindən kənara çıxmamışdır». Buna görə də rəydə bildirilir: «İşçi qrupu vurğulamaq istəyir ki, cənab Aluşkin həbs edilməməli, istintaq təcridxanasında saxlanılmamalıdır və cənab Aluşkin üçün məhkəmə işi açılmamalıdır». Bundan əlavə, ÖHİQ Rusiya hökumətindən «dərhal cənab Aluşkinə qarşı edilən ədalətsizliyə son qoymağı» xahiş etmiş və israrla bildirmişdi ki, «ədalətsizliyə son qoymaq üçün cənab Aluşkin dərhal həbsdən azad edilməlidir».

ÖHİQ həmçinin qeyd etmişdir ki, Aluşkin qardaşın işi Rusiyada rast gəlinən yeganə ədalətsizlik deyil. Rusiya Federasiyasında beynəlxalq qanunun müdafiə etdiyi bir hüquqdan — din azadlığından istifadə etdiyinə görə həbs olunan, saxlanılan və cinayət məsuliyyətinə cəlb olunan Yehovanın Şahidlərinin sayı getdikcə artır və Aluşkin qardaş da onlardan biridir. Beləliklə, Rusiyada dindaşlarımızın geniş surətdə təqib olunmasını tənqid edərək ÖHİQ aydın şəkildə bildirmişdir ki, onların rəyi təkcə Aluşkin qardaşın işinə yox, həmçinin «cənab Aluşkinin vəziyyətinə oxşar vəziyyətdə» olan bütün Yehovanın Şahidlərinə aiddir.

Rusiya hökuməti ÖHİQ-in tövsiyələrini hələ ki, yerinə yetirməyib. Əksinə, Penzada Rusiya hakimiyyət orqanları 2019-cu ilin avqustunda Aluşkin qardaşın işini məhkəməyə çıxarıb. Dinlənilmələr 2019-cu il 15, 19, və 22 noyabr tarixində davam edəcək.

Düzdür, ümid edirik ki, Rusiya məhkəməsi Aluşkin qardaşın işi ilə bağlı son qərarı çıxararkən ÖHİQ-in verdiyi rəyi nəzərə alacaq, amma məzmurçunun da dediyi kimi, bizim əsas ümid yerimiz Yehovadır. O yazmışdı: «Qorxmaram... Yehova mənim tərəfimdədir, mənim köməyimdir... Yehovaya pənah gətirmək... yaxşıdır» (Zəbur 118:6—9).