Kontentə keç

BMT-nin insan hüquqları üzrə ekspert komissiyasının rəyinə əsasən, burada adları çəkilən on bacı-qardaşın və digər səkkiz nəfərin tutulub həbs edilməsi qanunsuz idi: Andrey Maqliv, İqor Eqozaryan, Ruslan Korolyov, Vladimir Kulyasov və Valeri Roqozin (yuxarı cərgə, soldan sağa); Valeri Şalev, Tatyana Şamşeva, Olqa Silayeva, Aleksandr Solovyov və Denis Timoşin (aşağı cərgə, soldan sağa)

18 MAY 2020
RUSİYA

BMT-nin ekspert komissiyasının rəyi: Rusiya 18 Yehovanın Şahidini həbs etməklə beynəlxalq qanunları pozub

BMT-nin ekspert komissiyasının rəyi: Rusiya 18 Yehovanın Şahidini həbs etməklə beynəlxalq qanunları pozub

BMT-nin insan hüquqları üzrə ekspert komissiyasının 15 səhifəlik rəyində bildirilir ki, Rusiya may 2018 — iyul 2019-cu il ərzində müxtəlif şəhərlərdə 18 Yehovanın Şahidini saxlayıb həbs etməklə beynəlxalq qanunları pozub. Komissiya tələb edir ki, Rusiya hələ də həbsdə saxlanılan Yehovanın Şahidlərini qeyd-şərtsiz və dərhal azad etsin.

Ekspert komissiyasının rəyinin ilkin versiyası 15 may 2020-ci il tarixində ictimaiyyətə təqdim edilib. Rəyin qəti versiyası tezliklə BMT-nin rəsmi saytında dərc ediləcək.

Bu, ekspert komissiyasının — Özbaşına Həbs üzrə İşçi Qrupunun son bir ildə Yehovanın Şahidlərinin xeyrinə çıxardığı üçüncü rəydir. Sonuncu rəyində işçi qrupu Rusiyanı bacı-qardaşlarımıza qarşı etdiyi çoxsaylı haqsızlıqlara görə mühakimə edib.

Yehovanın Şahidlərini saxlayarkən Rusiya hakimiyyət orqanlarının «həddən artıq çox güc» tətbiq etdikləri barədə rəydə deyilir: «Polisin bu kimi hərəkətlərinə bəraət qazandıran heç bir əsas yoxdur». Komissiya həmçinin vurğulayıb: «Heç bir Yehovanın Şahidi tutulmamalı və məhkəməyədək həbsə alınmamalıdır, onlar barədə məhkəmə araşdırılması aparılmamalıdır».

Komissiya ekstremist fəaliyyəti barədə ittihamları qəti şəkildə rədd edib. Komissiya bildirib ki, bizim bacı-qardaşlarımız yalnız və yalnız «din azadlığı hüququnu dinc şəkildə həyata keçirirdi».

Rəydə məhkəmə iclasları zamanı qardaşlarımızla necə rəftar edildiyi də mühakimə edilib. Məsələn, məhkəməyədək həbs müddətinin uzadılması üzrə məhkəmə iclası zamanı iki bacımız dəmir qəfəsdə saxlanılıb. İşçi qrupu izah edib ki, beynəlxalq qanuna görə, bütün insanların «təqsirsizlik prezumpsiyası var», yəni insanın təqsiri qanuna uyğun sübut edilənə qədər o, təqsirsiz sayılır. Bu səbəbdən məhkəmə iclaslarında bacılarımızın əlləri qandallı olmamalı idi, onlar qəfəsdə saxlanılmamalı idi və hər hansı digər formada məhkəmə qarşısına təhlükəli cinayətkarlar kimi çıxarılmamalı idi.

İşçi qrupu Rusiyadan tələb edir ki, məhkum olunmuş 18 Yehovanın Şahidinin hamısının məhkumluğunu üzərindən götürsün və beynəlxalq qanuna müvafiq şəkildə onlara təzminat ödəsin. Bundan əlavə, işçi qrupu Rusiyanı «azadlıqdan özbaşına məhrum etmə hallarını hərtərəfli və müstəqil şəkildə araşdırmağa» və «[Yehovanın Şahidlərinin] hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı müvafiq tədbirlər görməyə» səsləyir.

Rəydə bildirilir ki, bu 18 nəfər «Rusiyada sadəcə din azadlığı hüququndan istifadə etdiklərinə görə cinayət törətməkdə ittiham olunaraq həbsə salınmış Yehovanın Şahidlərindən bəziləridir və bu say getdikcə artır», halbuki bu hüquq Rusiyanın tərəf çıxdığı beynəlxalq paktla müdafiə olunur. Bu səbəbdən, bu rəydə yalnız 18 bacı-qardaşımızın adı çəkilsə də, işçi qrupu bildirib ki, onun yekdilliklə gəldiyi nəticə «onlar kimi eyni vəziyyətdə olanların hamısına aiddir».

İşçi qrupunun öz rəyində Rusiyaya ünvanladığı çağırışları bacı-qardaşlarımızın azadlığa buraxılacağına zəmanət vermir, amma ümid var ki, vəziyyət düzələ bilər. İndi öz sözünü Rusiya deməlidir. Nə qədər ki Rusiyadakı bacı-qardaşlarımız cəsarətlə sınaqlara tab gətirir, sevən Atamız Yehova Ona güvəndikləri üçün onlara sevinc və qəlb rahatlığı verəcək (Romalılara 15:13).