12 APREL 2021
RUSİYA
«Beynəlxalq Xatirə Cəmiyyəti» Yehovanın Şahidlərinin Sibirə sürgün olunmalarının 70-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirdi
1 aprel 2021-ci il tarixində Moskva şəhərində Yehovanın Şahidlərinin Sibirə sürgün olunmalarının 70-ci ildönümü ilə əlaqədar mətbuat konfransı baş tutdu. Aprelin 6-sı isə «Beynəlxalq Xatirə Cəmiyyəti» bir neçə rusiyalı alimin və insan hüquqları müdafiəçisinin iştirakı ilə elmi konfrans keçirdi. Konfrans iştirakçıları sovet hakimiyyətinin 1951-ci ildə Yehovanın Şahidlərini sürgün etməsindən («Şimal» əməliyyatı), eləcə də Rusiyada onların uzun müddət necə təqib edildiyindən danışdılar.
«Şimal» əməliyyatını SSRİ-nin Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) təşkil etmişdi. 1951-ci ilin əvvəlində DTN İosif Stalinə məruzə etmişdi: «Yeqovaçıların sovet hakimiyyətinin əleyhinə gizli fəaliyyətinin qarşısını almaq məqsədilə SSRİ-nin Dövlət Təhlükəsizliyi Nazirliyi yeqovaçılar təriqətinin başçılarını həbs etməklə yanaşı, aşkar edilmiş yeqovaçıları ailələri ilə birgə Ukrayna, Belarus, Moldova, Latviya, Litva və Estoniya ərazilərindən İrkutsk və Tomsk vilayətlərinə köçürməyi zəruri hesab edir». Təxminən 10 000 insan — 3000-dən çox ailə sürgün edilmişdi. Bu, SSRİ tarixində dindar insanların ən böyük deportasiyası idi.
Konfransın aparıcısı Aleksandr Quryanov tədbiri bu sözlərlə açdı: «Bu dini qrup bu gün də təqib edilir… Bu səbəbdən “Şimal” əməliyyatının tarixinin araşdırılması bu gün xüsusilə aktualdır».
Tarixçi, coğrafiyaşünas, SSRİ-də icbari miqrasiyaları araşdıran mütəxəssis Pavel Polyan Yehovanın Şahidlərinin Sovet İttifaqındakı tarixindən danışdı və onların sürgün edilməsinin səbəblərinin birinə toxundu. 1940-cı illərin sonunda və 1950-ci illərin əvvəlində DTN Yehovanın Şahidlərinin yüksək şəkildə təşkil olunduğuna fikir verməyə başladı. Cənab Polyan qeyd etdi: «[Yehovanın Şahidləri] çox gözəl missionerlər idi. Bu, ateistik sovet hakimiyyətinin xoşuna gəlmirdi».
İnsan hüquqlarının müdafiəçisi və Moskva Helsinki Qrupunun həmsədri Valeri Borşyov sovet hakimiyyətinin təbliğat və digər üsullarla Yehovanın Şahidlərini «yenidən tərbiyələndirmək» cəhdlərindən danışdı. Cənab Borşyov qeyd etdi ki, çox keçməmiş «[dini məsələlər üzrə] səlahiyyətli şəxslər bütün bunların əbəs olduğunu və heç bir xeyir vermədiyini gördülər… Yehovanın Şahidləri tərifə layiqdir. Onlar mətin qaldılar və əqidələrindən dönmədilər».
«Memorial» Hüquq Müdafiə Mərkəzinin şura üzvü və «Siyasi məhbuslara dəstək» proqramının sədri Sergey Davidis müasir Rusiyada Yehovanın Şahidlərinin 1998-ci ildən bəri üzləşdiyi təqiblərin icmalını təqdim etdi. O xatırlatdı ki, 2017-c ilin aprel ayında Yehovanın Şahidlərinin hüquqi şəxslərinin qadağan edilməsi haqda çıxarılmış qərar, əsas etibarilə, Yehovanın Şahidlərinin öz dinini həqiqi din hesab etdikləri ittihamına əsaslanıb. «Tamamilə aydındır ki, bu cəfəngiyatdır, — deyə cənab Davidis vurğulayıb. — İnsanın öz dininin digər dinlərlə müqayisədə həqiqi olduğuna inanması istənilən din üçün təbii amildir».
Yehovanın Şahidlərinin Avropa Assosiasiyasının nümayəndəsi Yaroslav Sivulskinin də valideynləri Sibirə sürgün edilmişdi. O, sürgün edilmiş Yehovanın Şahidləri barədə valideynlərindən eşitdiklərini danışdı. Bəzi ailələri heç bir yaşayış yeri olmayan sərt Sibir meşələrinə gətirib atırdılar. Qardaşlar qazma evlər düzəldirdilər. İnsanlar ta münasib ev tikənə qədər orada ailələri ilə aylarla yaşayırdılar. Meşədə onlar çox vaxt gicitkən və ağac qabığı ilə qidalanırdılar. Çoxları xəstəliklərdən və acından öldülər.
Yaroslav qardaş qeyd etdi ki, 1951-ci ildə Yehovanın Şahidlərini hansı səbəbə görə deportasiya etmişdilərsə, bu gün də məhz həmin səbəbə görə təqib edirlər. Onların siyasi məsələlərdə bitərəfliyi səhvən «hakimiyyəti tanımamaları» kimi qiymətləndirilir. Ancaq hakimiyyət nümayəndələri nəzərə almır ki, Yehovanın Şahidləri hakimiyyətə hörmətlə yanaşan, qanuna tabe olan zəhmətkeş vətəndaşlar kimi tanınır.
Aleksandr Quryanov yekun sözlərində Rusiyadakı hazırkı vəziyyətdən danışdı. O dedi: «Dövlət nəyə görəsə məhz bu dinə qarşı belə sərt mövqe tutub». 70 il sonra tarix təkrarlanır — qanuna tabe olan vətəndaşları sırf dini mənsubiyyətlərinə görə yenə də cinayətkar elan edirlər.
Konfransın videoyazısına yalnız rus dilində baxmaq olar.